23 İyun 2022 18:34
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 23-də Tehrandan Azərbaycana ikigünlük səfərə gəlib.

Teleqraf.com bu barədə TASS agentliyinə istinadla xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyi isə Sergey Lavrovun iyunun 23-24-də Azərbaycana işgüzar səfəri ilə bağlı məlumat yayıb. Məlumatda deyilir:

“Ölkələrimiz arasında münasibətlər dostluq və mehriban qonşuluq ənənələri ruhunda inkişaf edir. Gündəlik birgə fəaliyyət bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qurulur”.

Bəyanatda bildirilir ki, Azərbaycan Rusiyanın Cənubi Qafqaz və Xəzər regionunda mühüm tərəfdaşı və müttəfiqidir.

Qeyd olunur ki, Sergey Lavrovun Bakıya səfəri zamanı onun Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri nəzərdə tutulub.

Daha sonra xəbər verilir ki, ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinin müzakirəsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.


Müəllif: Teleqraf.com