26 İyun 2022 21:42
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

104 illik tarixə malik olan Azərbaycan Ordusu bu gün dünyanın ən güclü və nizamlı ordularından biridir. 44 gündə qəhrəmalıq dastanı yazan, müasir hərb sənətinə yeniliklər gətirən Azərbaycanın Silahlı Qüvvələri bizi həm də “uduzmuş xalq”sindromundan qurtardı. Bu gün alnımız açıq, başımız dikdir. Milli Silahlı Qüvvələrimiz böyük inkişaf tarixi 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılması ilə başlayıb. 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, Azərbaycanın ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər böyük tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır:

“XX əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması ilə Müasir Azərbaycan ordusunun bünövrəsi qoyuldu. İkinci dəfə hakimiyyətə gəldikdən sonra digər sahələrdə olduğu kimi, Silahlı Qüvvələr quruculuğu istiqamətində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verib, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaradıb. 1993-cü ilin iyun ayında ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Bu sənəd həm də varislik prinsipini özündə əks etdirirdi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə1999-cu ilə Hərbi Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət daha da gücləndirilərək qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevrildi”.

Millət vəkili hesab edir ki, hərbçilərin, şəhid və veteranların, onların ailələrin rifahı və sosial müdafiəsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqətindədir:

“Dünyanın aparıcı dövlətlərinin Silahlı Qüvvələri ilə rəqabət aparmaq gücündə olan ordumuz gündən-günə inkişaf edir, güclənir. Aprel döyüşləri, Günnüt zəfəri, keçirilən hərbi paradlar bu inkişafın, tərəqqinin əsasını qoydu və 2020-ci ildə 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir”.

Hicran Hüseynova əlavə edib ki, 44 gün ərzində müntəzəm surətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan tarixi zəfərə imza atdı:

“Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi. Əldə olunan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. Vətənpərvər Azərbaycan əsgərinin cəsarəti, döyüş məharəti, yerinə yetirdiyi tapşırıqlarda sərgilədiyi diqqəti beynəlxalq hərb institutıarı, akademiyalarının tanınmış mütəxəssisləri tərəfdən öyrənilir”.


Müəllif: Tapdıq Qurbanlı