26 İyun 2022 17:09
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin, təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyası uğurla reallaşdırılıb: “Bunun nəticəsində güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait nəzərdə tutuldu, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi. Ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi və nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil oldu”.

Millət vəkili Vətən müharibəsində qələbəni şərtləndirən amillərin iqtisadi güc, güclü ordu, milli həmrəylik və birlik olduğunu söyləyib: “Beynəlxalq səviyyədə uğurlar və bütün bunları təmin və təşkil edən, bütün resursları vahid amal uğrunda səfərbər etməyi bacaran İlham Əliyev kimi liderin olması vacib amil idi. Bütün bu amillər Azərbaycanın hərbi qüdrətinin artması ilə Vətən müharibəsindəki tarixi qələbəsinə zəmin yaratdı. 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin böyük sərkərdə, müzəffər Ali Baş Komandan kimi fəaliyyətini bütün dünya gördü”.

Cavid Osmanov bildirib ki, Vətən müharibəsi xalqın öz ordusuna inamının, sevgisinin nümayişi idi: “Azərbaycan hərbiçisinin rəşadəti, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsi bizi qalibiyyətə apardı. Vətən uğrunda can vermiş şəhidlərin, qazilərin döyüş yolu hər birimiz üçün örnəkdir”.


Müəllif: Tapdıq Qurbanlı