27 İyun 2022 16:53
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Baş Komandan, Prezident İlham Əliyev Kəlbəcər, Laçın və Göygöl rayonlarında səfərdə olub. Bir sıra mühüm strateji obyektlərin açılışı edilib və təməli qoyulub. Kəlbəcərdə Komando hərbi hissəsinin də açılışında dövlət başçısı iştirak edib. Ölkə başçısı Azərbaycanın post-münaqişə dövrü ilə bağlı strateji hədəflərini açıqlamaqla yanaşı Ermənistana və ona havadarlıq edənlərə növbəti dəfə xəbərdarlıq edib, açıq mesajlar ünvanlayıb.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədrinə görə, hazırda Ermənistan tərəfi sülh prosesini qeyri-müəyyən səbəblərlə uzadır:

“Amma erməni tərəfi bu prosesi süni şəkildə çox da uzada bilməyəcək. Onların bu davranışlarını bütün dünya müşahidə edir. Ölkə başçısı da haqlı olaraq növbəti dəfə vurğuladı ki, Dəmir Yumruq yerindədir. Əgər Ermənistanda hələ də kimlərsə də düşünürlərsə ki, nə cür istəyirləsə hərəkət edə biləcək. Bu qətiyyən inandırıcı deyil və Azərbaycan bu kimi “davranışlara” yol verməyəcək. Ali Baş Komandan açıq şəkildə vurğuladı ki, Azərbaycan xarici ölkələrdən alınan və özünün istehsal etdiyi ən müasir silahlarla Ordumuzu təchiz etməkdə davam edir”.

Millət vəkili hesab edir ki, erməni generallarının nəinki praktiki, nəzərə cəhətdən anlayışı olmayan silahları Azərbaycan öz arsenalına qəbul edir: “Ona görə də Ermənistan rəhbərliyi və bu ölkədə hələ də qalmaqda olan revanşist qüvvələr davranışlarına nəzarət etməlidir. Əks halda Azərbaycan növbəti dəfə onları nizam-intizama dəvət etmək gücünü ortaya qoyacaq. Qarşı tərəf unutmasın ki, Azərbaycanın Dəmir Yumruğu həmişə qüvvədə qalacaq. Sülh prosesində sonra bu amil özünü saxlayacaq. Çünki biz bilməliyik ki, Ermənistan kimi nadürüst bir qonşumuz var.

Ermənistanda ağlı başında olan-olmayan hər kəs bir daha oturub düşünsün ki, onların Azərbaycanla yenidən müharibə aparmaq gücləri varmı? Azərbaycanın Dəmir Yumruq zərbəsi bu dəfə onları sülh müqaviləsi üçün yalvarmağa məcbur edəcək. O zaman isə Azərbaycan sülhlə bağlı düşünəcəyini bəyan edəcək. Çünki Ermənistana edilən bu qədər güzəştlər, səbr, dözüm qarşılığında onlar yenə də özlərini sanki naza qoyublar”.


Müəllif: Tapdıq Qurbanlı