27 İyun 2022 21:12
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumuna aid sessiya baş tutub. Sessiyanın mövzusu “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusuna həsr olunub. Sayca 11-ci sessiyada mühüm və vacib əhəmiyyətə malik məsələlər müzakirə edilib. Prezident İlham Əliyev sessiyada videoformatda çıxış edərək mühüm məsələləri sessiya iştirakçılarının diqqətinə çatdırıb. Dövlət başçısı Ümumdünya Şəhər Forumunda Azərbaycanın erməni işğalı zamanı dağıdılmış, viran qoyulmuş şəhərlərindəki durumdan bəhs edib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, Azərbaycanın BMT üzvlüyünün 30 illiyi ilə bağlı bir sıra silsilə tədbirlər keçirildi:

“Bu məqsədlə mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində tədbir təşkil edildi. BMT qurumlarının iştirakı təşkil edilən tədbir münaqişədən və pandemiyadan sonrakı dövrə aid məsələləri əhatə edirdi. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş bu tədbir böyük maraqla qarşılandı. Bu məqsədlərə nail olmaq üçün Azərbaycanın əldə etdiyi tərəqqi, azad edilən ərazilərin dirçəldilməsi, oraya həyatın qayıtması ətrafında müzakirələr təşkil edildi”.

Millət vəkili Azərbaycanda urbanizasiyanın və şəhərlərimizin daha yaxşı gələcəyi üçün görülən işlərdən bəhs edib:

“Ölkəmizdə paytaxt Bakının tarixi simasını qorumaqla yanaşı onun infrastrukturu, yenidən qurulması, müasirləşdirilməsi təmin edilib. Azərbaycan öz növbəsində Bakının və digər şəhərlərin müasirləşdirilməsi, yenidən qurulması, inkişafı istiqamətində zəngin təcrübə qazanıb. Bu baxımdan dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakı zəngin memarlığı, park və bulvarları, tarixi irs və müasirliyi baxımından öz ahəngini qoruyan bir şəhərə çevrilib. Ermənistanın 30 illik işğalından sonra Azərbaycan dövləti dağıdılmış və viran qoyulmuş şəhərlərimizin bərpasına böyük önəm və diqqət ayırıb. Çünki Ermənistan 30 illik işğal dövründə Azərbaycanın şəhər və kəndlərini dağıdaraq onları yer üzündən silməyə çalışıb. Tarixində II Dünya müharibəsindən sonra ikinci belə bir acınacaqlı fakta rast gəlinməyib”.
Cavid Osmanov qeyd edib ki, erməni vandalizmi və barbarlığı nəticəsində Azərbaycanın 9 tarixi şəhəri, yüzlərlə kəndi yer üzündən silinib:

“Azərbaycanın qədim tarixə malik, vaxtilə Qafqazın ən qaynar həyat tərzi sürən şəhəri Ağdam ermənilər tərəfindən elə bir vəhşiliyə məruz qalıb ki, onu əcnəbi mütəxəssislər “Qafqazın Hiroşiması” adlandırıb. Bu, Azərbaycanın erməni barbarlığına məruz qalmış digər tarixi şəhərlərinə də aiddir. Azərbaycan ordusu bu şəhərləri işğaldan azad etdiyi vaxtda bir dənə də olsun salamat binaya rast gəlməyib”.

Deputat bildirib ki, Ermənistanın 30 illik işğalına, ərazilərdə həyata keçirilən ekoloji terrora baxmayaraq Azərbaycan dövləti müharibə səhifəsini çevirib:

“Azərbaycan müharibədən sonra Ermənistana sülh təklif edib. Ölkəmizin bu mövqeyi beynəlxalq hüquqa əsaslanan 5 maddəlik prinsiplərdə qarşı tərəfə təqdim edilib. Ermənistan Azərbaycanın bu təklifini qəbul edib. İmzalanacaq sülh müqaviləsi ilə bölgədə dayanıqlı sabitliyə nail olmaq mümkün olacaq. Bununla da dağıdılmış şəhər infrastrukturu bərpa ediləcək. Kənd və qəsəbələrin inşası həyata keçiriləcək. İndiki mərhələdə isə Azərbaycan mürəkkəb bərpa-yenidənqurma işlərini icra edir. Çünki yenidənqurma prosesi ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi ilə paralel aparılır. Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılmasına uyğun olaraq “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını uğurla icra edir. Bu istiqamətdə atılan addımların ilkin nəticəsi olaraq Zəngilan rayonunun Ağalı kəndində ağıllı kəndi konsepsiyası icra edilib. Füzuli şəhərində az müddətdə hava limanı istifadəyə verilib. Zəngilan, Laçın rayonlarında hazırda iki hava limanı inşası olunur. Azad edilmiş bəzi şəhərlərin baş planları təsdiqlənib. Azərbaycanın əsas hədəfi Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlər inşa etməkdir. Çünki bu şəhər və kəndlərdə yaşayış iş şəraiti vəhdət halında mümkün olacaq”.


Müəllif: Tapdıq Qurbanlı