28 İyun 2022 15:08
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ordusunda motoatıcı və piyada bölmələrinin sayı qismən azaldılıb, əvəzində isə komando hissələrinin sayı artırılıb. Son 7 il ərzində Türkiyə sərhədlərindən kənarda keçirilən bütün hərbi əməliyyatlarda məhz komando hissələrindən istifadə edilib. Burada motoatıcı piyada hissələrinə o qədər də üstünlük verilmir. Azərbaycanda da döyüş əməliyyatlarının təcrübəsi göstərdi ki, böyük saya malik motoatıcı və tank bölmələrinin dağlıq ərazilərdə tətbiqi kifayət qədər problemlidir. Bu, müəyyən mürəkkəblik, çətinliklə müşahidə olunur. Onların gizlin şəkildə yerdəyişməsini isə demək olar ki, təmin etmək mümkün deyil. Çünki bu birləşmələrin ağır texnikası, yük, maşınları, tankı-topu var. Motoatıcı bölmədə 10 əsgər bir bölmə vəzifəsini icra edir. Komandoda isə bu vəzifəni tək bir əsgər yerinə yetirə bilir.

Bunu Teleqraf.com-a hərbi ekspert Ədalət Verdiyev deyib.

O qeyd edib ki, komando ilə motoatıcı birləşmənin arasında olan fərq onların çevikliyi ilə bağlıdır:

“Kiçik komando dəstəsi bir bölmənin görəcəyi işi icra edə bilir. Bu, istisadi, əməliyyatların effektivliyi, itkilərin minimallaşdırılması baxımından çox önəmlidir. Komandoların yerləşdirilməsi isə Azərbaycan özünün hərbi və mülki hədəflərinə uyğun təmin edilir. Çünki Azərbaycan tərəfindən Göyçə, Zəngəzur və İrəvan haqqında da artıq müəyyən fikirlər səslənir. Buna səbəb Ermənistanın götürdüyü öhdəlikləri icra etməməsidir. Qarabağda qalmış erməni silahlıları buradan çıxarılmayıb. Zəngəzur dəhlizinin açılması da müxtəlif bəhanələrlə ləngidilir. Belən olan halda Azərbaycan da üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı düşünməli olacaq. Əgər Ermənistan bu öhdəlikləri icra etmirsə, Azərbaycan da rahatlıqla bundan imtina edə bilər. Bunun üçün heç bir problem yoxdur. Sadəcə bir bəyanat bu prosesin bitməsi üçün yetərlidir”.

Ekspertin fikrincə, bütün bunların fonunda Azərbaycan öz ordusunun gücünü artırmaqda davam edəcək:

“Gələcək hədəflərimizin əldə edilməsi, regionda sülhün, təhlükəsizliyin təmin edilməsi və Ermənistanın iddialarına qarşı real gücümüzün artması şərtdir. Çünki qüvvələr nisbəti arasında fərq nə qədər böyük olarsa, Ermənistan bir o qədər daha dərindən düşünməli olar”.


Müəllif: Tapdıq Qurbanlı