28 İyun 2022 19:51
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Qabil bəy, Ermənistanın baş naziri Azərbaycanın yeni müharibəyə başlaması riskindən danışıb. Bu ehtimalı nə dərəcədə ciddi qəbul etmək olar?

- Ermənistanın baş naziri əvvəlcə öz hərəkətlərinə diqqət yetirməlidir. O, götürdüyü öhdəliklərə, əməl etmədiyi sözlərə, vədlərə nəzər salsa yaxşı olar. Moskva, Soçi, Brüsseldə keçirilən görüşlərin nəticələrinə qarşı tərəf bir daha nəzər salmalıdır. İl yarımdan çoxdur ki, müharibə başa çatıb. Amma müharibənin nəticələrinin sənədlərdə əks edilməsi istiqamətində addım atılmayıb. Sözsüz ki, buna Azərbaycan səylər göstərir. Erməni tərəfi isə hər dəfə yalan danışır, verdiyi söz və vədlərdən yayınır. Hətta sərhədlərin dəqiqləşməsi ilə bağlı işçi qrupu yaradıldı. Daha sonra isə kimlərinsə komandası ilə Ermənistan tərəfi və ilk növbədə Nikol Paşinyan bu məsələləri mümkün qədər gecikdirməyə başladı.

- Sizcə, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun hər iki ölkəyə səfəri və müzakirə edilən məsələlərlə bağlı yekun nəticələr prosesin irəliyə aparılmasında nə dərəcədə təsirli görünür?

- Doğrudur, Sergey Lavrov hər iki ölkəyə səfər etdi və danışıqlar prosesini gücləndirməyin zəruriliyindən danışdı, Rusiyanın moderatorluq istəyini də ortaya qoydu. Amma bu məsələdə də Azərbaycanın hərəkətləri və davranışları tam səmimidir. Ölkəmiz nə edirsə, bunu açıq və şəffaf icra edir. Azərbaycan dövləti ölkə və dünya ictimaiyyətinin açıq rəyinə uyğun addımlar atır. Prezident İlham Əliyevin çıxışlarında da hər hansı qapalı bir məqam da yoxdur. İctimai rəydə də hər hansı bir qeyri-səmimi yanaşma mövcud deyil. Çünki qalib ölkənin prezidentidir. Nikol Paşinyan isə kapitulyasiyanı qəbul etmiş ölkənin baş naziridir. Belə olan halda danışıqların baş tutması və məğlub tərəfin qalibə müxtəlif hiyləgər planlar təqdim etməyə çalışması biabırçılıqdır.

- Prezident İlham Əliyevin Kəlbəcər və Laçından verdiyi mesajların əsas istiqamətləri və hədəfləri nələrdir?

- Azərbaycan Prezidenti Kəlbəcərə və Laçına səfəri zamanı yenidən həmin məsələlərə toxundu. Azərbaycanın dövlət mövqeyi Ermənistana bir daha çatdırıldı. Qürur hissi ilə qeyd edildi ki, Azərbaycan öz ordusunu müharibə dövründəkindən də daha güclü bir formada təşkil edir. Yeni komando birləşmləri yaradılıb. Sözsüz ki, Azərbaycanın ordu quruculuğu kimlərisə qorxutmaq xatirinə edilmir. Amma bütün bunlara baxmayaraq Azərbaycanla Ermənistan arasında olan sərhədlərin, kommunikasiya xəttlərinin açılması istiqamətində ölkəmizin təklifləri hələ də qüvvədədir. Əgər Ermənistan tərəfi bu məsələyə adekvat reaksiya verməsə biz də öz bildiklərimizi edəcəyik. Çünki Azərbaycanın özünün əlində digər vasitələr var. Bundan da istifadə edilməsi mümkündür. Müharibə variantı Azərbaycanın əlində olan vasitələrdən biridir.

- Erməni tərəfinin ATƏT-in Minsk Qrupunu yenidən gündəmə gətirmək cəhdinə Lavrovun yanaşması nə dərəcədə adekvat saymaq olar?

- Paşinyan da Lavrova ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı öz iradlarını bildirib. Bununla bağlı Rusiya hökumətindən izahat tələb edir. Eyni zamanda o, Azərbaycanın müharibəyə hazırlaşdığını iddia edir. Amma bunun əksinə Azərbaycan sülh əmin-amanlıq istəyir. Azərbaycanda Ermənistandakı kimi revanşist, qisasçı dəstələr mövcud deyil. Ermənistanda isə bu gün də Azərbaycanla müharibəyə hazırlaşan qruplar var. Hətta Ermənistan parlamentinin bir deputatı qanunsuz olaraq Qarabağa gəlib burada Azərbaycana qarşı “müqavimət hərəkatı” yaradıldığını elan edir. Bu isə başdan-ayağa avantüra və təxribatdır. Azərbaycan tərəfi də belə təxribatlara qarşı səssiz qala bilməz. Bu, qətiyyən mümkün deyil. Xalqımız şəhid verib, qan töküb torpaqlarımızı erməni işğalından azad edib. Görünür, hələ də erməni tərəfi bunlarla hesablaşmaq istəmir. Bütün bunları nəzərdə tutaraq Azərbaycan Prezidenti Ermənistana müəyyən mesajlar ünvanlayıb. Bunları erməni tərəfi doğru-düzgün qəbul edəcəksə, bu prosesin normal müstəviyə düşməsi üçün təsirli olacaq. Amma bunun əksinə olacaq hər bir hal Ermənistan üçün fəlakətli ola bilər.

- Laçın şəhərinin və dəhlizinin, Zabux kəndinin Azərbaycana təhvil verilməsi ilə bağlı proses gedir. Paşinyan da bununla bağlı açıqlama verib. Bu məsələdə təxribat amilinə qarşı hansı addımlar atıla bilər?

- Erməni işğalında qalan torpaqların azad edilməsini Ermənistan öz üzərinə götürüb. Bunun içərisində Laçın şəhəri, Laçın dəhlizi, Zəbux kəndi də yer alıb. Həmin ərazilərə erməni əsilli insanlar Suriya və Livandan köçürülüb. Onlar 2014-2015-ci illərdə bu ərazidə qanunsuz olaraq yerləşdirilib. Bu gün kimlərsə onların buradan köçməməsi ilə bağlı fikir söyləyirsə, bu, sadəcə olaraq prosesləri qızışdırmaq deməkdir. Ona görə də, Azərbaycan bu proseslərin müəyyən razılaşmalara uyğun icra ediləcəyini izləyir. Bu olmasa, güc amili işə düşə bilər. Amma ermənilərin bu ərazilərdən sakit tərzdə çıxması ilə bağlı da suallar var. Kəlbəcərdən onların azərbaycanlıların evlərindən köçən zaman evləri, qeyri-yaşayış məntəqələrini necə yandıraraq məhv etdiklərini unutmamışıq. Bunun üçün öncədən cavab tədbirlərinin görülməsi üçün Ermənistan hökumətini və orada müvəqqəti olaraq yerləşmiş rus sülhməramlıları xəbərdar edilməlidir. Çünki bu köç prosesinə onlar ciddi nəzarət etməlidir. Hər halda Azərbaycan tərəfinin də müəyyən tədbirlər görməsi gözlənilir.


Müəllif: Tapdıq Qurbanlı