30 İyun 2022 09:32
2 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razılıq verdi. Bura qədər hər iki ölkənin alyansa üzvlüyünə etiraz edən Türkiyə istədiyini ala bildimi və bunu onun üçün qələbə hesab etmək olarmı?

- Hər iki tərəf NATO-nun nəzarətində imzalanan bu sənədlə üzərinə öhdəlik götürdü. Türkiyəni narahat edən məsələ PKK-nın İsveçdə geniş şəbəkəsinin olmasıdır. İndi Türkiyə bu məsələnin həllini ehtiva edən anlaşmanı imzalamaqla həm mənəvi qələbə qazandı, həm də öz daxilində ən böyük “5-ci kolon” olan PKK-nı zərərsizləşdirdi. O cümlədən bununla ilana zəhər verən kərtənkələni – erməniləri də zərərsizləşdirmiş oldu.

PKK-nın formalaşmasında ASALA-nın da rolu olmuşdu. Yəni bu, ermənilər üçün də siyasi mesaj oldu. Bundan sonra onlar Skandinaviya ölkələrində özlərinə geniş şəbəkə qura bilməyəcəklər, tezliklə bu bölgədən çəkiləcəklər. Yəqin ki, Almaniyaya üz tutacaqlar.

- Rusiyanın iki qonşusunun NATO-ya üzvlüyünə reaksiyası necə olacaq? Rusiya İsveç və Finlandiyanı bununla bağlı “sürpriz” mesajı ilə hədələmişdi.

- İndi Rusiyanın hansısa mesaj verməsi o qədər də önəmli sayılmamalıdır. Rusiya səhv etdikcə, daha da batır, özünü çətin vəziyyətə salır.

NATO-ya üzv olmağa hazırlaşan Finlandiya Rusiya ilə sərhəddə yerləşən ölkədir. Finlandiyadan Sankt-Peterburqa 30-35 km-lik məsafə var. Yəni Artıq NATO raketlərinin uçuş məsafəsi Rusiyaya adi bir top atəşi məsafəsi qədər yaxınlaşıb. Putinin Ukrayna ilə bağlı addımı Rusiyanı daha dərinə batırdı.

Marqarita Simonyan, Skabayeva, Solovyov, Konstantin Zatulin kimi odioz fiqurlar Rusiya dövlətinin adından danışırlar. Görün, Putin nə günə qalıb ki, adi jurnalistlər və ya deputat dövlətin adından açıqlamalar verir. Bu, həmin dövlətdə anarxiyanın yaranması deməkdir. İndi onlar hədələyirlər ki, bu ölkələri nüvə silahı ilə vuracaqlar. Rusiya bir şeyi anlamalıdır ki, onun əhalisinin 60 faizi ölkənin Avropa hissəsində yaşayır. Ən çox əhalisi olan şəhərlər Sankt-Peterburq və Moskvadır. Bunlardan hansısa biri vurulsa, Rusiya dövlət kimi çökəcək. Rusiya bunu dərk etməlidir.

“Sürpriz”ə gəldikdə, onlar Litva və Finlandiyada Ukraynadakı kimi “xüsusi əməliyyat” keçirmək eşqinə düşüblər. Bunu da dövlətin adından danışan əldəqayırma politoloqlar və bəzi rəsmi şəxslər dilə gətirirlər. Onsuz da Rusiyanın sonu yaxınlaşır, belə bir addım isə bu sonu daha da sürətləndirəcək. Vurmaq istəyən heç vaxt kimləsə məsləhətləşmir, birbaşa vurur. Hədələmək o deməkdir ki, zəifləyiblər. Onlar beş aydır heç Ukraynanın öhdəsindən gələ bilmirlər. Finlandiya, Litva və İsveçə də savaş açsalar bunun altından çıxa bilməyəcəklər.

Putin dünyanı şantaj etməklə nəyəsə nail olmaq istəyir. Amma dünya da əvvəlki deyil. İndiyədək müəyyən geri çəkilmələr ola bilərdi, amma bu məqamda olmayacaq. Hər şeyin sonu çatıb: NATO üçün də, Rusiya üçün də divar qurtarıb. Artıq hər şey açıq müstəvidədir.

- Finlandiya və İsveçin NATO-ya üzvlüyü qarşılığında böyük güclərin Rusiyaya güzəşti də müzakirə mövzusudur. Qərbin bir sıra nüfuzlu nəşrlərinin iddiasına görə, Mərkəzi Asiya və Cənubi Qafqazla bağlı Rusiyaya güzəştə gedilib. Bu iddia nə qədər məntiqlidir?

- Əslində, bu, bizdəki “5-ci kolon”un ortaya atdığı fikirdir. Bizdə bəziləri özlərini politoloji müstəvidə sınaqdan keçirirlər, ona görə də belə iddialar irəli sürürlər. Birmənalı olaraq, Cənubi Qafqaz Rusiyaya verilməyəcək. Heç bunu müzakirə etməyə dəyməz. Şimal-Cənub dəhlizi Qafqazdan keçir. Rusiya başqa cür dünyaya açıla bilməyəcək. Çünki Şərq dəhlizi yoxdur.

Orta Asiya ilə bağlı da fərqli durumun olduğunu düşünmürəm. O bölgədə isə Çin kimi böyük bir dövlət var. Çin istehsal etdiyi məhsulları Orta Asiya və Cənubi Qafqaz üzərindən Avropaya daşıyacaq.

Digər yandan, bu, artıq reallıqdır – Turanın reallaşması üçün heç bir əngəl qalmayıb. Hələ yüz il əvvəldən Atatürkün vəsiyyəti var. Bu vəsiyyətdə Turanın 2023-cü ildə qurulacağı göstərilir. Atatürk “gələcəyə səfər edən adamlardan biri” olub. Bu vəsiyyəti 1938-ci ildə yazıb. Atatürk bu vəsiyyətinin 50 il sonra açılmasını istəmişdi, amma Kənan Evrən 1988-ci ildə bunun qarşısını aldı. Sonralar Turqut Özal və Süleyman Dəmirəl də bunu gecikdirdi, 30 illik bir müddət verildi. 2018-ci ildə isə Ərdoğan bunun açılmasını və ya kimlərinsə oyanmasını istəmədi. Amma Türkiyə mətbuatına bununla bağlı çoxsaylı açıqlamalar verilib. Görünən budur ki, artıq Turan formalaşır.

Bir sözlə, dünya heç vaxt yenidən Mərkəzi Asiya və Cənubi Qafqazı Rusiyaya verməyəcək. Bu, Rusiyanın Azərbaycandakı “5-ci kolon” üzvlərinin gündəmə gətirdiyi iddiadır, onlar eyforiyaya qapılıblar. Baş verənlər həm Rusiya, həm də İranı narahat edir. Onların da burada “5-ci kolon”u var. Digər keçmiş sovet ölkələrində Qərb və Rusiya olmaqla iki yöndə “5-ci kolon” varsa, Azərbaycanda bunun sayı üçdür.

Azərbaycanda birinci yerdə Rusiyanın, ikinci yerdə ABŞ və ya Qərbin, üçüncü yerdə isə İranın “5-ci kolon”u durur. Ölkə əhalisinin 85 faizdən çoxu türk olmasına baxmayaraq, Türkiyə burada “5-ci kolon” qurmağa ehtiyac duymayıb. Çünki Rusiya, İran və Qərb nə qədər çalışsa da, insaların ürəyindən türk sevdasını çıxara bilmədi. Əksinə, nə qədər üstümüzə gəlsələr Türkiyə sevgimiz bir o qədər də artır. Yəni onlar bunu hesablaya bilməyiblər.

Görünən budur ki, bu, həm də Rusiyanı sakitləşdirmək istəyən Qərb dövlətlərinin də mesajıdır. Bununla ona demək istəyirlər ki, bu bölgələr sənə veriləcək. Amma bu mümkünsüzdür. Artıq Ermənistan Rusiyanın əlindən çıxmaq üzrədir. Prezident İlham Əliyev bu ilin fevralına Putinlə 43 bəndlik bəynnamə imzalayaraq, Azərbaycanı həm Rusiyadan sığortaladı, həm də Azərbaycanın suverenliyi və gələcəkdə Turanın qurulmasını Rusiyanın öz əliylə təsdiqlətdi.

Gürcüstana gəldikdə isə ona Avropa Birliyinə üzvlük statusu da verilmədi. Amma Cənubi Osetiya və Abxaziya amillərinə görə Gürcüstan heç vaxt Rusiyanın yanında olmayacaq. Rusiya bu qədər dövləti uda bilər? Bu mümkünsüzdür. Rusiyanı yeni tələyə çəkirlər. Rusiyanın da gözlərini imperiya ambisiyası o qədər örtüb ki, tələyə öz ayağıyla gedir. ABŞ-ın hazırladığı gizli taktika Rusiyanı bataqlığa çəkir. Rusiya yarıyacan batıb, boğazına çatanda qurtula bilməyəcək. Buna da bir şey qalmayıb. Ona görə də, yaxşı olardı ki, Rusiya bu sevdadan əl çəksin.

- Böyük güclərin və region ölkələrinin Cənubi Qafqaza marağının artdığını görürük. ABŞ və Avropa ölkələrindən bölgəyə səfərlərin artması, İran, Türkiyə və Rusiyanın hiss olunan fəallığı nədən xəbər verir? Cənubi Qafqaza artan maraq Ermənistan və Azərbaycan arasında müharibəni qızışda bilərmi?

- Ermənistanın Azərbaycanla vuruşmaq üçün gücü yoxdur. Dediyim kimi, Azərbaycan 22 fevral bəyannaməsi ilə Rusiyanı hərbi cəhətdən zərərsizləşdirib. İran da öz hayındadır. Eyni zamanda, İranın Azərbaycandakı “5-ci kolon”u düşündükləri kimi güclü deyil. Rusiyanın “5-ci kolon”unun üzvləri isə nostalji hislərlə yaşayırlar. Eləcə də əllərindəki imkanları qorumaq üçün üzdə Rusiyanı dəstəkləyirlər. Onlar oturduqları budağı kəsirlər.

İran burada daha çox farsdilli insanlar arasında dayaq axtarırdı. Amma bu dayağı 44 günlük müharibədə itirdi. Qərbin də son illərdə Azərbaycanda əldə etdikləri hər kəsə məlumdur. Azərbaycanı qarışdırmaq istəyən qərbpərəst qüvvələr üçün münbit zəmin yoxdur. İran isə dini müstəvidə nələrsə həyata keçirmək istəyir, amma bunu o qədər uğursuz edir ki, hər şeyi əl-üzünə bulaşdırır. Həm Qərb, həm İran, həm də Rusiya Azərbaycanda Türkiyəyə uduzur.

Türkiyə əməlləri və işiylə Azərbaycanın yanındadır. 44 günlük müharibədən sonra Türkiyə və Azərbaycan arasında bütün sahələri əhatə edən inteqrasiya çox uğurla həyata keçirilir. Şuşa bəyannaməsinin imzalanmasından sonra bu sürət daha da artıb.

Azərbaycanın xarici siyasəti çox uğurludur. Regional və kənar qüvvələrin Azərbaycana meyl etməsi yeraltı təbii sərvətlər yox, onun geostrateji mövqeyi ilə bağlıdır. Azərbaycan Asiya üçün Avropaya, Avropa üçün də Asiyaya açılan qapıdır. Eyni zamanda, türk və islam dünyasına açılan qapı da Azərbaycandır. Yəni ölkəmizin çox böyük geostrateji mövqeyi var. Bu mövqedən də həm Qərb, həm də Rusiya yararlanmağa çalışır. Bizə bir İran mane olmaq istəyir, bunlar da boş səylərdir. İran bu oyunu uduzdu.

Zəngəzur dəhlizi də açılacaq. Ermənilərin xisləti budur: onlar həmişə özlərini qanadları altına alan dövlətləri axırda satıblar. Ermənilər indi də Rusiyanı satmağa hazırdırlar və satırlar. Rusiya ayılanda çox gec olacaq, Ermənistan balıq kimi əlinin altından sürüşüb çıxır.

Bir sözlə, Rusiya və Qərbin öz tərəflərinə çəkmək cəhdlərinə baxmayaraq, Azərbaycan və Türkiyə öz maraqları çərçivəsində hərəkət edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu