30 İyun 2022 16:53
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Şəxsi Heyət Baş İdarəsinin rəis müavini, polkovnik Saak Saakyan srağagün İrəvanda jurnalistlərə açıqlamasında bəyan edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi “Qarabağda müqavilə əsasında hərbi qulluqçuların xidmət keçəcəyi” barədə qərar qəbul edib. “Son çağırış 2020-ci ilin yayında olub, odur ki, tərxis olunma iyulun 1-dən avqustun 30-dək reallaşacaq. Qarabağda daha çağırışçı olmayacaq”.​ S.Saakyanın verdiyi son açıqlamadan məlum olur ki, Ermənistan müharibədən sonrakı dövrdə Qarabağ ərazisinə müddətli hərbi qulluqçular, yəni gənc əsgərləri göndərməyəcək. Buna aid daha əvvəllər də faktlar məlum idi. Çünki Ermənistanda əsgər valideynləri müharibənin nəticələrindən irəli gələrək etirazlar edirdilər. Ona görə də Ermənistanda belə bir fəaliyyət həyata keçirildi ki, Qarabağa müharibədən əvvəl gedən əsgərlər hissə-hissə təxris olunub Ermənistana qaytarılsın və bir daha ora gənc əsgər göndərilməsin.

Bunu Teleqraf.com-a hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, S.Saakyan açıqlamasında bildirib ki, rusların müvəqqəti nəzarətində olan Qarabağ ərazisində yalnız müddətdən artıq xidmət edən hərbi qulluqçulardan istifadə edirik:

“Əslində isə Qarabağın potensialı və 500 km-lik perimetri yerli ermənilərdən formalaşan hərbi qulluqçular hesabına həyata keçirilsin. Fakt odur ki, birmənalı olaraq Ermənistandan ora müddətdən artıq xidmət etmək üçün hərbi qulluqçular göndərilir. Bu isə təbii ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın şərtlərinə ziddir”.

Hərbi ekspert hesab edir ki, Azərbaycan ərazilərinə ondan icazəsiz hərbi qulluqçu və yaxud silahlının daxil olması açıq legitim hədəfdir:

“Onların aşkarlanması və ya aradan götürülməsi, həbs edilməsi və s. üçün Azərbaycan istənilən fəaliyyətdə sərbəstdir. Azərbaycanın hüquq mühafizə orqanları S.Saakyanın bəyanatlarını səmimiyyətdən uzaq olduğunu sübut etmək üçün bəlli bir faktları əldə edib onları ictimailləşdirməlidir”.

Ədalət Verdiyev hələ də Qarabağda qalmaqda olan qanunsuz erməni silahlılarının sayının təxminən 2-3 min arasında olduğunu qeyd edib:

“Bu əslində Azərbaycanın bir hərbi hissəsinin sayı qədərdir. Ona görə də ermənilər çalışırlar ki, mövqelərdə daha çox kameralardan və termal panellərdən istifadə edib şəxsi heyətin sayını minimallaşdırsınlar. Çünki şəxsi heyyət çatışmazlığı və vakant vəzifələr kifayət qədər çoxdur. Amma bütün bunlara rəğmən Ermənistanın bu davranışlarına qiymət verilməlidir. Eyni zamanda burada vasitəçi olan Rusiyaya da sual ünvanlanmalıdır ki, Qarabağda hələ də qalmaqda olan erməni silahlıları nə vaxt ərazidən çıxarılacaq? Çünki rus sülhməramlılarının fəaliyyəti ilə bağlı ictimaiyyət qarşısında hesabat verilmədikcə onların “hərəkətlərinin” doğru olduğu düşüncəsi ilə davranılacaq. Ona görə də diplomatlar, siyasətçilər bu mövzuda danışmalıdır. Azərbaycan Ordusu isə öhdəlikləri yerinə yetirməyən Ermənistana dərs verməlidir. Bunun üçün Fərrux, Qarakilsə, Qubadlı, Şorca, Alagöllər istiqamətində həyata keçirdiyimiz fəaliyyətlərin bənzəri zaman-zaman ermənilərə qarşı tətbiq edilməlidir. Bu, ermənilərin prosesləri doğru qiymətləndirmələrinə imkan yarada bilər”.


Müəllif: Tapdıq Qurbanlı