1 İyul 13:39
284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb. Prezident İlham Əliyev konfransda çıxış edib. Konfransın “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul edilib. Təşkilatın rəsmi loqosu və bayrağı təsdiq olunub. Qurumun sədri və sədr müavinləri seçilib. Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ən böyük siyasi təşkilat kimi onun Parlament Şəbəkəsi qlobal risk və təhdidlərə qarşı mübarizədə yeni çoxtərəfli əməkdaşlıq platforması rolunu oynayacaq.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, 2021-ci ilin 29 noyabr tarixində Qoşulmama Hərəkatının (QH) sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü əsasında Hərəkatın Parlamentlər Şəbəkəsi təsis edilib: “Qoşulmama Hərəkatının təsisçilərinin məqsədi Bandunq prinsiplərinə tam uyğun olaraq, bütün xalqların dinc yanaşı yaşamasına və davamlı inkişafına töhfə vermək idi. Onların uzaqgörənliyi və məqsədyönlülüyü beynəlxalq ictimaiyyətin həmfikir üzvlərinin birləşməsinə və üzv dövlətlərin sayına görə dünyada ikinci ən böyük beynəlxalq təsisatın yaranmasına səbəb olub. Və bu gün keçirilən konfransa ölkəmizin ev sahibliyi etməsi və Azərbaycan Prezidentinin təşəbbüsünün dünyanın ikinci böyük təsisatı olan Qoşulmama Hərəkatının üzv ölkələri tərəfindən yekdilliklə dəstəklənməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun əyani göstəricisidir”.

Millət vəkilinə görə, reallıq ondan ibarətdir ki, qloballaşan dünyada siyasi proseslərin sürətlə inkişaf etdiyi bir şəraitdə parlament diplomatiyasının əhəmiyyəti günü-gündən daha da artır: “Bu baxımdan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti, beynəlxalq arenada siyasi proseslərə təsiri olduqca vacibdir. Bu dünyada dayanıqlı sülhün təşviq olunması, ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunduğu vaxtdan qurumun fəaliyyətinə öz töhfələrini verib. Bu da Hərəkatda ölkəmizin nüfuzunun artmasını şərtləndirib. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə Görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib və “Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Ötən müddət ərzində əldə olunan uğurlar onu deməyə əsas verir ki, Azərbaycan təşkilatın sədri kimi öz missiyasını yüksək səviyyədə yerinə yetirir. Bütövlükdə, Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra respublikamızın quruma sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının daha bir parlaq nümunəsidir. Açıq-aydın görünür ki, Hərəkatın Parlament Şəbəkəsinin yaradılması da daxil olmaqla, ölkəmizin qlobal səyləri və Prezident İlham Əliyevin beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsinə hesablanan təşəbbüsləri dünya ictimaiyyəti tərəfindən dəstəklənərək təqdir olunur”.


Müəllif: Tapdıq Qurbanlı