1 İyul 2022 18:14
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmiz hazırda növbəti mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. İyunun 30-da başlayan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı öz işini üç gün ərzində davam etdirəcək. Konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul edilib, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq olunub, qurumun sədri və sədr müavinləri seçilib. Bu o deməkdir ki, paytaxtımızda yeni bir nüfuzlu beynəlxalq platformanın əsası qoyuldu. Konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçilərinin iştirak etməsi də bunu təsdiqləyir”.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması təşkilat daxilində ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, o cümlədən yeni təşəbbüslərin irəli sürülməsi və reallaşdırılması baxımından əhəmiyyətlidir:

“Ötən ilin noyabr ayının 28-də Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü əsasında İspaniyanın paytaxtı Madrid şəhərində təşkilatın Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib. 50-yə yaxın ölkədən 200-ə qədər nümayəndənin iştirak etdiyi iclasda qeyd edilib ki, bu addım Hərəkatın fundamental prinsiplərinin təşviqinə təkan verəcək. Eyni zamanda, üzv dövlətlər tərəfindən qəbul edilmiş qərarlara parlament dəstəyinin təmin olunmasına imkan yaradacaq. Həmçinin ümumi maraq kəsb edən məsələlərin həllinə parlamentlərin töhfə verməsinə geniş imkanlar yaranacaq”.

Millət vəki hesab edir ki, QH-nin Parlament Şəbəkəsinin formalaşması siyasi məzmuna malik olmaqla dövlətlərarası işbirliyinin güclənməsinə, təmasların sıxlaşdırılmasına töhfədir:

“Bakı konfransında çıxışında Prezident İlham Əliyev ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi fəaliyyəti, irəli sürdüyü beynəlxalq təşəbbüslərdən bəhs edib. Ölkəmizin bu təşkilata üzv olan dövlətlərlə fəal əməkdaşlığı, bir birinə dəstəyi, eləcə də İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyət haqqında fikirlərini ifadə edib”.

Sevinc Fətəliyeva xatırladıb ki, BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatı sıralarında 120 ölkəni birləşdirir:

“Təşkilatın 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq qurumu var. Dünya dövlətlərinin üçdəikisini əhatə edən bir təsisatın toplantılarında müzakirə edilən məsələlər, şübhəsiz ki, BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına da böyük təsir göstərir. Təşkilatın fəaliyyəti “Bandunq prinsipləri” əsasında tənzimlənir. Həmin prinsiplər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq kimi məsələləri ehtiva, ikitərəfli və çoxtərəfli əlaqələri isə təşviq edir. “Bandunq prinsipləri” təşkilat sıralarında olan dövlətlərin xarici siyasət prioritetlərinə uyğundur və əlaqələrin formalaşdırılması və inkişafı, əməkdaşlığın dərinləşdirilməsi üçün siyasi-hüquqi baza rolunda çıxış edir”.

Deputat əlavə edib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçılarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək: “Konfrans iştırakçıları həmçinin mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri nəzərdə tutulur. Bu səfər əcnəbi qonaqların həm erməni vandalizmi ilə əyani şəkildə tanış olmaq Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi quruculuq və abadlıq işlərini izləmək baxımından əhəmiyyətlidir”.


Müəllif: Tapdıq Qurbanlı