1 İyul 2022 21:38
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Azərbaycandakı səfirliyi Müstəqillik Gününü qeyd edib.

Teleqraf.com xəbər verir ki, tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer və Azərbaycanın maliyyə naziri, Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının həmsədri Samir Şərifov iştirak ediblər.

Nazir qeyd edib ki, iki ölkə arasında əlaqələr müxtəlif sahələrdə, xüsusilə, enerji sektorunda inkişaf edir. Azərbaycan ABŞ-ın enerji layihələrinin həyata keçirilməsində dəstəyini yüksək qiymətləndirir.

"Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olması üçün addımlar atır. Ümidvarıq ki, ABŞ regionda sülhün bərqərar edilməsi istiqamətində Azərbaycan dövlətinin səylərini bölüşür və dəstəkləyəcəkdir", - nazir bildirib.

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqerin sözlərinə görə, müstəqillik bəyannaməsi qəbul ediləndən bəri dövlətlər hər kəsin hüquqlarını və müstəqilliyini qoruyur. Azərbaycan da öz müstəqilliyi ilə haqlı olaraq fəxr edir.

Səfir bu tədbirin ölkələr arasında əlaqələrin genişlənməsinə xidmət etməsini arzuladığını bildirib: "Son 30 ildə ölkələrimiz arasındakı əlaqlərdə böyük irəliləyiş olub. Yüksək səviyyələrdə təmasların fəal olması da münasibətlərimizin səviyyəsinin göstəricisidir. Əminəm ki, biz birlikdə Azərbaycanın və regionun üzləşdiyi problemlərin öhdəsindən gələ biləcəyik".


Müəllif: Teleqraf.com