2 İyul 2022 13:34
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya NATO-nun öz sərhədlərinə yaxınlaşmasını istəmirdi. Əslində bu səbəbdən Ukraynaya ordu yeritdi. İndi buyurub NATO ilə əlavə 1500 kilometr yeni sərhədində müdafiəsini qursun”.

Bunu Teleqraf.com-a politoloq Rasim Musabəyov İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün Rusiyaya hansı təhdidlər yarada biləcəyi mövzusunda danışarkən deyib.

Onun fikrincə, Rusiya əvvəllər Baltik hövzəsini hədələyirdi:

"İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə faktiki Baltik hövzəsində Qərbin yumruğu bir növ tamamlanır. Rusiyanın isə Baltik dənizdə cüzi çıxışı və imkanları qalır”.

Rasim Musabəyov qeyd edib ki, hazırda ruslar özlərini sərt göstərmək istəmir, deyirlər ki, orada NATO-nun strukturu yoxdur:

“Amma bu, boş söhbətdir. Çünki İsveç və Finlandiyanın kifayət qədər professional hərbi gücü var. Bu vəziyyəti Rusiyanın özü yaradıb. Əgər sən qonşularına problem yaradırsansa, hərbi cəhətdən təhlükə olursansa, sözsüz ki, onlar da özlərini bu təhdiddən sığortalanmağın yollarını axtaracaq. Bu, Rusiyanın siyasətinin nəticəsidir. Ukrayna konstitusiyasında neytrallıq öz əksini tapıb. O cümlədən də Moldovanın konstitusiyasında. Gürcüstan da bunu etməyə hazır idi. Biz Qoşulmama Hərəkatında təmsil olunuruq. Bəli, Rusiya bu reallığı qəbul edərək qonşularının üzərinə yeriməməli idi. Yeridiyin halda sözsüz ki, hamı özü üçün sığorta axtarışına çıxacaq”.


Müəllif: Nemət