2 İyul 2022 11:00
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı mühüm tarixi əhəmiyyətə malikdir. “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan bu konfrans maraqlı müzakirələrlə yadda qaldı. Prezident İlham Əliyev konfransda çıxışında bölgədə və qlobal miqyasda baş verən prosesləri diqqətə çatdırdı. II Qarabağ müharibəsindən sonra Azərbaycanın sülh müstəvisində atdığı addımlardan bəhs olundu.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, Bakı Konfransında ayrı-seçkiliyin, irqçiliyin və ksenofobiyanın, beynəlxalq hüquqa etinasızlıqla müşayiət olunan siyasi gərginlik və böhranların artması kimi vacib məsələlər müzakirə edilib:

“COVID-19-un sosial-iqtisadi mühitə mənfi təsirləri, iqlim dəyişikliyi və digər qlobal miqyaslı çağırışlar da konfransın gündəliyində yer alıb. Müzakirələrdə qlobal çağırışlara qarşı beynəlxalq əməkdaşlıq və həmrəyliyin səfərbər edilməsi vurğulanıb”.

Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis edilməsi mühüm əhəmiyyət kəsb edir: “Bandunq prinsiplərinə uyğun olaraq, xalqların dinc və yanaşı yaşaması təşviq edilir. Bu eyni zamanda davamlı inkişafa mühüm töhfə oldu. Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüsün dünyada ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatına üzv ölkələrin birmənalı olaraq dəstəkləməsi də vacib amildir. Bu məqam ölkəmizin beynəlxalq münasibətlər sistemində dayanıqlı, stabil mövqeyindən və təşəbbüskarlığından xəbər verir”.

Cavid Osmanova görə, dünyada gedən siyasi proseslərin sürətlə inkişaf etdiyi dövrdə parlament diplomatiyasının önə çıxması çox önəmlidir:

“Bu baxımdan QH-nın Parlament Şəbəkəsinin bundan sonrakı fəaliyyəti, qlobal miqyasda ictimai-siyasi proseslərə təsiri olduqca vacibdir. Sözsüz ki, Parlament Şəbəkəsi dayanıqlı sülhün təşviq olunması, ölkələr, xalqlar arasında təmasların, zəruri əməkdaşlığın inkişafına təkan verən bir platforma olacaq”.


Müəllif: Tapdıq Qurbanlı