2 İyul 2022 20:29
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan üzv olduğu hər bir təşkilatda daim öz fəallığı, təşəbbüsləri ilə seçilir. Ölkəmiz BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 2011-ci ildən üzv olmasına baxmayaraq, fəaliyyətinin ilk günlərindən başlayaraq həmrəylik, qarşılıqlı əməkdaşlıq, eyni zamanda, Bandunq prinsiplərinin təşviqinə töhfəsini verməyə çalışıb. Dövlətimiz hər zaman ədalətin, sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verib. Təəssüflər olsun ki, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə kimi mühüm prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılmır. Ona görə də dünyada müharibələr, münaqişələr baş verir. Məhz bu ədalətsizliyin, ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində Azərbaycan davamlı olaraq təşəbbüslər göstərir.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunan və iştirak edən Azərbaycanın bu təşkilata sədrlik etməsinin əsas səbəblərindən biri də elə bu idi:

“2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısının yekun və yekdil qərarı ilə ölkəmiz 2019-2022-ci ilə qədər bu mötəbər təşkilata sədrliyi üzərinə götürdü. Bunun davamı olaraq QH-yə Azərbaycanın sədrliyinin üzv ölkələrin qərarı ilə 2023-cü ilin axırına kimi uzadılmasını mühüm tarixi bir qərar idi. Bu Azərbaycana, onun Prezidenti İlham Əliyevə olan etimadın, etibarın yüksək göstəricisi hesb edilir. Azərbaycanın bu təkilata sədrliyi çox çətin və mürəkkəb COVID-19 pandemiyası dövrünə təsadüf etdi. Amma bütün bunlara baxmayaraq Azərbaycan beynəlxalq arenada pandemiyaya qarşı mübarizə böyük aktiv nümayiş etdirdi. Ölkəmizin təşəbbüsü QH-nin onlayn Zirvə toplantısında pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi məsələsi qaldırıldı. COVID-19-a qarşı mübarizəyə həsr edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması Azərbaycanın QH-dəki təşəbbüsünün nəticəsi idi”.

Millət vəkili hesab edir ki, Qoşulmama Hərəkatının Bakıda keçirilən Konfransında artıq Parlament Şəbəkəsinin yaranması mühüm tarixi hadisədir: “Ötən ilin noyabrında Madriddə Azərbaycan Prezidentinin təşəbbüsünə uyğun olaraq Parlamentlərarası İttifaqın 143-cü assambleyası çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis edilib. Bakı konfransında Qoşulmama Hərəkatının üzvü olan 40-dan çox ölkənin parlamentləri və 9 beynəlxalq parlament təşkilatı təmsil olunmasını üzv dövlətlərin parlamentlərarası əməkdaşlığa verdiyi əhəmiyyətin əyani göstəricisidir. Hazırda parlament diplomatiyasının qlobal səviyyədə inkişaf etdirilməsi zərurəti var”.

Komitə sədrinə görə, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransının mövzusu da hazırkı vəziyyətlə səsləşir: “Azərbaycanın “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusunda konfransa ev sahibliyi etməsi də rəmzi məna daşıyır. Çünki bu gün Azərbaycan dünyada sülh yaratma prosesi istiqamətində mühüm bir təcrübə sərgiləyir. Digər tərəfdən isə dayanıqlı inkişafa öz töhfəsini verir. Tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçilərinin iştirak etməsi, həmçinin nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədrinin yer alması konfransın mötəbərliyinin və əhəmiyyətinin göstəricisidir”.

Hicran Hüseynovanın fikrincə, bu qlobal səviyyədə parlamentlərarası əməkdaşlığın inkişafına, əlaqələrin genişlənməsinə əhəmiyyətli zəmin yaradacaq, həmrəyliyi gücləndirəcək platformaya çevriləcək: “Məhz bu mənada Bakı Konfransı çox məhsuldar keçdi. Belə ki, tədbir zamanı, “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olundu. Təşkilatın rəsmi loqosu və bayrağı təsdiq edildi. Qurumun sədri və sədr müavinləri seçildi. Eyni zamanda, tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə iki tərəfli görüşləri keçirilib”.


Müəllif: Tapdıq Qurbanlı