2 İyul 2022 16:35
1 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 iyul 1918-ci il Azərbaycan Xalq Cumhuriyyətində polis qüvvələri yaradılıb. Yeni yaranan dövlətdə daxili təhlükəsizliyin qorunması, eyni zamanda nizam-intizamın tətbiq edilməsi üçün mütləq bütün dövlətlərə xas olan güc strukturları lazım idi. Azərbaycan polisi yarandığı gündən həmişə dövlətçiliyə, qarşısına qoyulan ali məqsədlərin yerinə yetirilməsinə çalışıb. 23 ay ərzində Azərbaycan polisi tək daxili təhlükəsizliyi qorumayıb, o dövr Ermənistanın Azərbaycan torpaqlarını işğal siyasətinə, hərbi əməliyyatlara qarşı da mübarizədə iştirak edib. Müstəqilliyimizi itirdikdən sonra sovet dönəmində artıq polis vahid SSRİ milisinin bir hissəsi idi. Sovet dövlətininin güc strukturu olmasına baxmayaraq, Azərbaycan milisi həmişə vətəndaşlarımızın, ölkəmizin hüquqlarını qorumağa çalışıb. Polis cinayətkarlığa qarşı mübarizə ilə yanaşı, insanların inandığı güvənc yeri olub.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev təhlükəsizlik orqanlarında işlədiyi dövrdə Azərbaycan milisinin nüfuzu yüksəlib:

“Milis daha inamla öz vəzifələri yerinə yetirib. Müstəqilliyimizi bərpa etdiyimiz dövrdə Azərbaycan polisi Xalq Cumhuriyyəti zamanında olduğu kimi daxili təhlükəsizliyi qorumaqla yanaşı, I Qarabağ müharibəsində ön cəbhədə düşmənə qarşı vuruşurdu. Bu döyüşlərdə yüzlərlə polis nəfərimiz şəhid olub”.

Millət vəkili bildirib ki, 31 il ərzində Azərbaycan polisi çox şərəfli bir tarix yazıb: “Məhz bu dövrdə polisimiz formalaşdı, müasir tələblərə uyğun yeni bir forma və məzmun kəsb etdi. Bu gün polis Azərbaycan vətəndaşının təhlükəsizliyini qoruyur və onun güvənc yeridir. Polisimiz cinayətkarlığa, qeyri-qanuni hərəkətlərə qarşı sipər olan qüvvədir. Azərbaycan polisi ilə hər bir vətəndaşımız fəxr edir. Biz bilirik ki, polisimiz istənilən an vətəndaşın çağırışına gəlir, ictimai yerlərdə, küçədə, kütləvi tədbirlərdə hər hansı bir qanunsuzluğun qarşısını almağa həmişə hazırdır”.

Aydın Mirzəzadə hesab edir ki, Azərbaycan polisi ulu öndər Heydər Əliyevin diqqəti, qayğısı, tövsiyyələri əsasında formalaşıb: “Bu gün də polisimiz Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində daha böyük nüfuz qazanıb. Ona görə də bu gün asayış keşikçilərimiz daha böyük vəzifələri yerinə yetirəcək bir formadadır. Ölkəmizdə polisin sosial müdafiəsi üçün ciddi işlər görülüb. Azərbaycan polisinin professional hazırlığı üçün müvafiq tədris strukturları yaradılıb. İnkişaf etmiş ölkələrin təcrübəsi uğurla Azərbaycana gətirilir. Bu baxımdan da biz bu gün Azərbaycan polisi ilə fəxr etdiyimizi qürurla deyə bilərik. Polisimizi bu şərəfli gün münasibəti ilə təbrik edir, onlara uğurlar arzulayıram. Onların bu gün dövlətçiliyimizin ön sıralarda keşiyində durduğunu görür və fəxr edirik”.

Milli Məclisin deputatı Aqil Məmmədov da Azərbaycan polisinin şərəfli bir yol keçdiyindən bəhs edib.

O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd edilir: ”Daxili İşlər Nazirliyi və onun strukturu olan polis orqanları 1918-ci ildən başlayaraq hər zaman qanunvericiliyin təmininə, ictimai-siyasi sabitliyin qorunub saxlanılmasına, torpaqlarımızın müdafiəsində müstəsna rola malikdir. Azəraycan polisi 70 illik sovet Azərbaycanı dövründə ictimai asayişin qorunmasında zəngin təcrübə ələ etməklə bu gün üçün böyük bir örnək olub. Xüsusən də, 1970-80 illərdə Azərbaycanın ictimai asayiş keşikçiləri üçün mühüm tarix dövr hesab edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenidən formalaşan Daxili İşlər nazirliyi və onun strukturları erməni təcavüzünə qarşı da mübarizədə aktiv yer alıb”.

Millət vəkili Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan polisinin ölkəmizin digər güc strukturları kimi diqqət və qayğısı ilə əhatə olunduğunu söyləyib:

“Bu gün Azərbaycan Polisinin özünün güclü maddi-texniki bazası var. Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində inkişaf edən Daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizədə, asayişin, təhlükəsizliyin təmin olunması istiqamətində öz üzərində düşən missiyanı şərəflə yerinə yetirir. Pandemiya dövründə Azərbaycan polisinin fədakarlığını, vəzifələrini layiqincə yerinə yetirməsinin hamımız şahidi olduq. Vətən müharibəsi dövründə də Azərbaycan polisi, Daxili İşlər Nazirliyinin yüksək hazırlıqlı peşəkar hərbi kontingenti torpaqlarımızın azadlığı uğrunda şərəfli mübarizə apardı. 44 günlük Vətən müharibəsində Daxili Qoşunların 66 əməkdaşı şəhid olub. Yüzlərlər əməkdaş bu şanlı mübarizəmizdə öz sağlamlığını itirərək xəsarətlər alıb. Prezident İlham Əliyev tərəfindən də onların bu sücaətinə ən yüksək səviyyədə qiymət verilib. Təhlükəsizliyin, sabitliyin, əmin-amanlığın təmin olunması, qanunun aliliyinin qorunması, cinayətkarlıqla mübarizədə Azərbaycan polisinə bundan sonrakı fəaliyyətində uğurlar arzulayırq. Polis əməkdaşlarını, Daxili İşlər orqanlarının şəxsi heyətini Peşə Bayramları münasibətilə təbrik edirik”.


Müəllif: Tapdıq Qurbanlı