4 İyul 2022 20:13
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, AŞPA son sessiyasında Azərbaycanda jurnalistlər mövzusu ilə bağlı məsələlər gündəmə gətirilmişdi. Əvvəlki mövzulardan fərqli olar indi başqa bir rakursdan Azərbayanla bağlı məsələlərin müzakirəyə çıxarılmasında kimlər maraqlıdır?

- Avropa Şurasının içərisində Azərbaycana qarşı işləyən qüvvələr heç vaxt sakitləşməyəcək. Bunu qətiyyən yaddan çıxarmaq lazım deyil. Bu qüvvələri işə salan, aktuallaşdıran və bu istiqamətdə fəaliyyət göstərənlər bizə bəllidir. Onlar sadəcə olaraq bizim gözümüz önündə özlərini “jurnalist” kimi təqdim edib Avropa Şurasına daxil olub. Daha sonra isə jurnalist etikasını pozaraq imza yığmağa başlayıb. Bu imzalarla guya nəyəsə nail olacağına inanaraq Avropa Şurasının koridorlarında gəzən Emin Hüseynov idi. Ona görə də, biz bilirik ki, bu məsələlər haradan qaynaqlanır. Bununla bağlı biz də AŞPA-ya müraciətlər etmişik.

- Bəs avropalı deputatlar bu məsələdə nə dərəcədə maraqlı görünür?

- Sözün açığı, AŞPA-da təmsil olunan deputatların bu absurd məsələlərə imza atmalarına baxmayaraq onların əksəriyyətini belə şeylər maraqlandırmır. Çünki avropalı deputata yaxınlaşıb deyəndə ki, jurnalistlərlə, LGBT ilə bağlı məsələlər var, onlar buna həsssas yanaşacaq. Bu, əslində Avropa üçün də həssas mövzulardır. Ona görə də, avropalı depuatların imza atmaması da təəcüblü görünərdi. Amma bu məsələ ilə bağlı imza atanların Azərbaycana münasibətlərinin mənfi olduğunu da demək olmaz. Sadəcə olaraq onları düzgün yönəltməyiblər. Bunu biz də bilirik.

- AŞPA-da hansı arqumentləri ortaya qoyacaqsınız? Bu istiqamətdə gələcək sessiyalarda hansısa bir məsələnin qaldırılması gözlənilirmi?

- Avropa Şurasının qarşıdakı sentyabr ayı üçün iclaslarında xüsusilə ilə İnsan Haqları ilə bağlı müzakirələrdə azərbaycanlı deputatların aktiv fəaliyyət göstərəcəyi mümkündür. Beləliklə, bu həqiqətlərin hamısı açılıb ortaya qoyulacaq. Amma buna qədər artıq Avropa Şurasına məktub göndərilib və izahat verilib. Əslində ikili standartlara görə, böhrana düşmüş Avropa Şurası yenidən düşünsün və fikirləşsin ki, hansı qüvvələr onların nüfuzunun daha da aşağı salınmasında maraqlıdır. AŞPA-da bu məqamı nəzərə alsalar, onlar üçün hər şey aydın olacaq.

- Bədnam “907-ci” düzəlişin növbəti dəfə təxirə salınması ilə bağlı Cozef Baydenin qərarı var. Onun də müəllifliyi ilə hazırlanmış bu “düzəlişin” indiki halda təxirə düşməsi ABŞ-ın Azərbaycanla bağlı strategiyasında nə qədər təsirlidir?

- Bu “qətnamənin” tamamilə ləğv edilməsi ABŞ konqresinin və senatının iş prinsiplərinə uyğun bir prosesdir. Onların iş prinsiplərini dərindən bildikdən sonra bunun necə çətin bir proses olduğu aydınlaşar. Əslində belə bir qərarın qəbul edilməsi asan olsa da, onun ləğvi çox çətin və mürəkkəb bir məsələdir. Çünki ABŞ konqresində hər hansı bir qanun layihəsinin mətni tam şəkildə səsverməyə qoyulsun və ləğv edilsin deyə bir anlayış yoxdur. Konqresə təqdim edilən qanun layihələri və yaxud təkliflər yüz faiz üst-üstə düşməlidir. Burada bir nəfər belə prosesin əleyhinə çıxsa, qanunun keçmə ehtimalı sıfıra enir. İndiki halda ABŞ konqresində Adam Şifflər, Bob Menendeslər hələ də vəzifə tutur. Hətta iki nəfərin mövcudluğu konqresdə və senatda böyük bir məsələnin qəbul olunmamasına əsas yaradır. Amma faktiki olaraq ABŞ prezidentinin “907-ci düzəlişin” üzərindən hər il xətt çəkməsi o deməkdir ki, biz bunu ləğv etmişik. Bu elə ABŞ prezidentinin konkret mövqeyi deməkdir. Nümayiş etdirirlər ki, bu düzəlişin ABŞ-Azərbaycan münasibətlərində heç bir əhəmiyyəti yoxdur. Real münasibət məhz bu cürdür. Bu, faktiki olaraq erməni lobbisinə və onun tərəfdarlarına vurulan növbəti zərbədir. Sözsüz ki, zaman etibarı bu bədnam düzəliş tamamilə ləğv ediləcək. Amma bunun üçün uzun bir proses getməlidir.

- ATƏT-in Minsk Qrupu ilə bağlı Rusiyanın mövqeyi aydındır. Fransa da bu təşkilatın formal möcudluğunu qəbul edir. ABŞ isə maksimum dərəcədə çalışır ki, ölü bir təşkilata yenidən “can” versin. Sizcə, ABŞ-a Minsk Qrupunun bundan sonrakı mövcudluğu nə dərəcədə vacibdir?

- ATƏT-dəki həmsədrlik və digər vəzifələrlə bağlı hansısa qərar verilsə belə bu qurumu işlək hala gətirmək mümkün olmayacaq. ABŞ və Fransa nümayəndələri də artıq etiraf etdilər ki, onlar Minsk Qrupunda birgə işləyə bilməyəcəklər. Sadəcə olaraq Minsk Qrupunun özü böyük tərkibdə olan ölkələrdən ibarətdir. 1992-ci ildən yaradılmış bir qurumun yenidən formalaşdırılması, təzə bir formata gətirilməsi mümkün deyil. Ona görə də, tərəflər bunu texniki məsələ kimi gündəmə gətirir. Amma özləri də bilir ki, bunun artıq siyasi çəkisi yoxdur. Azərbaycan Prezidenti də vurğuladı ki, “Minsk Qrupuna çox sağ ol demədən, xoş getdin demişik”. Bu baxımdan Minsk qrupunu dirçəltmək üçün hansısa addımlar atılsa belə bunun heç bir əhəmiyyəti yoxdur. Əslində bu, daha çox erməni lobbisinə və onun tərəfdarlarına edilən bir jest kimi başa düşülə bilər. Burada real heç bir siyasət ola bilməz.


Müəllif: Tapdıq Qurbanlı