3 İyul 2022 18:55
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda daim öz fəallığı, təşəbbüskarlığı, yeni dövrün çağrışlarına uyğun yanaşmaları ilə seçilib. BMT-dən sonra dünyada ikinci böyük bir beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında da Azərbaycanın həm təmsilçiliyi, həm də sədrliyi mühüm, yadda qalan tarixi hadisələrlə müşahidə olunur. Ölkəmiz bu təşkilatda 2011-ci ildə üzv olmasına baxmayaraq, həmrəylik, qarşılıqlı əməkdaşlıq, dövlətlərin maraqlarının qorunması prinsiplərini hər zaman yüksək tutub. Azərbaycan Qoşulmama Hərəkatında eyni zamanda, Bandunq prinsiplərinin təşviqinə mühüm töhfə verməyə çalışıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

O qeyd edib ki, dünyada ədalət, sülh və təhlükəsizliyin təmin olunması hər zaman aktualdır: “Çox təəssüflər olsun ki, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmək kimi vacib prinsiplərə bütün ölkələr tərəfindən heç də riayət edilmir. Bu prinsiplər qorunub saxlanılmır. Məhz bu səbəbdən də dünyada müharibələr, münaqişələr, çəkişmələr baş verir. Azərbaycan da öz növbəsində dünyada ikinci böyük bir təsisata rəhbərlik edən bir dövlət kimi bu ədalətsizliyin, ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində davamlı olaraq mühüm təşəbbüslərlə çıxış edir. Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal bir şəkildə iştirak edən Azərbaycan sədrliyi dövründə bu məsələləri daim diqqətdə saxlayır. Təşkilata üzv olmasından 5 il sonra, yəni 2016-cı ildə Azərbaycan 120 ölkənin yekdil dəstəyini qazanıb. Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilən Zirvə toplantısında ölkəmiz 2019-2022-ci ilə arası təşkilata sədr seçilib. Daha sonra isə ölkəmizin təşkilata sədrliyi üzv ölkələrin qərarı ilə 2023-cü ilin sonuna kimi uzadılıb. Bu, sözsüz ki, Azərbaycana və onun Prezidentinə göstərilən böyük hörmət və ehtimadın göstəricisi olmaqla yanaşı, ölkəmizin təşkilatdakı uğurlu fəaliyyətinə verilən yüksək qiymət hesab edilir”.

Millət vəkili hesab edir ki, Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi COVID-19 pandemiyası ilə üst-üstə düşməsinə baxmayaraq, ölkəmiz beynəlxalq arenada bu xəstəliklə mübarizədə çox aktiv fəaliyyət göstərib və mühüm təşəbbüslərlə çıxış edib: “Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısı keçirilib. 2020-ci ilin dekabr ayında COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT Baş Assambleyanın xüsusi sessiyasının çağırılması Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş tutub. Azərbaycan Hərəkatın institutsional inkişafı üçün də sədrliyi müddətində bir neçə vacib təşəbbüslər irəli sürüb. Bunların sırasında Qoşulmama Hərəkatının Gənclər və Parlament şəbəkəsinin yaradılmasıdır. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Hazırda Hərəkat Azərbaycanın səmərəli sədrliyi nəticəsində qüdrətli dövrünü yaşayır və dünyada böyük söz sahibinə çevrilib”.

Professor Qoşulmama Hərəkatının Bakıda keçirilən Konfransında Parlament Şəbəkəsininin yaranmasının tarixi əhəmiyyətindən bəhs edib: “Ötən il Madriddə Prezident İlham Əliyevin təşəbbüsünə uyğun olaraq Parlamentlərarası İttifaqın 143-cü assambleyası çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis edilib. Bakı konfransında Qoşulmama Hərəkatına üzvü olan 40-dan çox ölkənin parlamentləri və 9 beynəlxalq parlament təşkilatı təmsil olunmasını üzv dövlətlərin parlamentlərarası əməkdaşlığa verdiyi əhəmiyyətin əyani göstəricisidir. Hazırda parlament diplomatiyasının qlobal səviyyədə inkişaf etdirilməsi zərurəti yaranıb”.

Eldar Quliyev bildirib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransının “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr edilməsi mühüm önəm kəsb edir: “Bakı konfransında nümayəndə heyətlərinin tərkibində 15 ölkənin parlament sədri yer alıb. Konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olunub. Eyni zamanda təşkilatın rəsmi loqosu və bayrağı təsdiq edilib, qurumun sədri və sədr müavinləri seçilib. Tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə iki tərəfli görüşləri keçirilib”.


Müəllif: Tapdıq Qurbanlı