5 İyul 09:14
1 933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Yeganə Hacıyeva Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin yeni Konstitusiyada bu ölkənin tərkibindəki Qaraqalpaqıstan Muxtar Respublikanın statusunun dəyişdirilməsi təklifi bölgədə etirazlara səbəb olub. Sizcə, bu, sadəcə məlum təklifə edilən etiraz reaksiyasıdır, yoxsa əvvəlcədən planlaşdırılmış addım idi? Yəni Özbəkistan planlı şəkildə qarışdırılırmı?

- Ümumiyyətlə, Özbəkistan daxilində həmişə münaqişə ocağı olub. Özbəkistan etnik müxtəlifliyin mövcud olduğu ölkədir. SSRİ dövründə formalaşdırılmış bu muxtar vilayətdə isə separatçı elementlər həmişə özünü göstərib. Onu da deyim ki, Özbəkistan sovet rejiminin tez-tez repressiyaya məruz qoyduğu respublikalardan biri idi. Hətta Özbəkistanda süni məskunlaşdırma da bu repressiyaların hesabına aparılıb. 1920-30-cu illərdə bu çərçivədə digər respublikalarla yanaşı, Azərbaycandan da ora minlərlə insan köçürlüb. Sovet Rusiyası bunu bütün respublikalarda edib.

Rusiyanın həmişə etnik müxtəlifliyə ev sahibliyi edən Özbəkistanda xüsusi reverans etdiyi bir qrup olub. Bu etnik qrup da Qaraqalpaqıstanda yaşayan qaraqalpaqlardır. Kimlik baxımından türk olsalar da, həmişə özlərini özbəklərdən bir qədər aralı saxlamağa çalışıblar. Bu, Çar Rusiyası dövründə özünü çox göstərməsə də, SSRİ-nin qurulması, yaxud Rusiyanın istilasından sonra qaraqalpaqların milli kimliyi dəyişikliyə məruz qalmağa başladı. Əgər Qazaxıstanda milli kimlik baxımından rus assimilyasiyası getdisə, bu proses Qaraqalpaqıstanda fərqli istiqamətə yönəldi. Sovet dövründə təbliğat elə quruldu ki, onlar türk kimliklərindən uzaqlaşdırılaraq, daha çox əfqan və oradakı digər etnik qrupların identikliyinə yönəldildi. Bir sözlə, qaraqalpaqların milli kimliklərinin dəyişdirilməsi istiqamətində çox geniş işlər görüldü.

Moskva sovet dönəmində Özbəkistanda bununla bağlı müəyyən nəticə əldə etdi. Həmin illərdə azərbaycanlıları da “Cənubi Qafqaza Yaxın Şərqdən gəlmiş xalq” kimi təqdim etməyə çalışmışdılar. Eynisini qaraqalpaqlarla bağlı da etmişdilər və bu alınmışdı. Hətta 1980-ci illərdə qaraqalpaqların arasından çıxmış alimlərdən bununla bağlı elmi iş yazanlar da vardı. Amma 1990-cı illərdəki oyanış və ya açılımdan sonra qarqalpaqlar Özbəkistanda öz milli kimliklərinə dönən ilk etnik qrup oldular.

Əslində SSRİ dönəmində qaraqalpaqlara muxtar status həm də məcburən verilmişdi. Elə xalqlar vardı ki, onlar həmişə milli-ideoloji mübarizəni SSRİ dövründə də davam etdiriblər, bunun ətrafında etirazları olub. Həmin xalqlar 70 il ərzində sovet rejiminə ciddi problemlər yaradıblar, onlardan biri də qarqalpaqlar idi.

- Bəs bu gün orada nə baş verir?

- Bəllidir ki, Yaxın Şərqin enerji və mineral resursları uğrunda mübarizə bitdikdən sonra bunların daşınmasının həyata keçiriləcəyi nəqliyyat yolları üzərində mücadilə başlayacaqdı. Sırf Mərkəzi Asiyadan Avropa və Asiyaya daşınmalar üzərində mübarizənin aktiv fazası 2009-2010-cu illərdən sonra start götürdü. 2006-cı ildən işartıları özünü göstərməyə başlamışdı. Qaraqalpaqıstan nümayəndələrinin beynəlxalq tədbirlərdə görünməsi və çıxışları da həmin illərdən başladı. Mən bunu 2006-cı ildə ATƏT-in insan haqları üzrə layihələrində iştirak etmiş biri kimi deyirəm. Qaraqalpaqıstan nümayəndələri belə beynəlxalq tədbirlərdə Özbəkistanın mərkəzi hakimiyyəti tərəfindən təzyiqlərə məruz qaldıqlarını iddia edirdilər.

Özbəkistanın müstəqilliyindən sonra Qaraqalpaqıstana həmişə hörmətlə yanaşılıb. Çünki Qaraqalpaqıstan Muxtar Respublikasının özü həmişə Özbəkistanın milli təhlükəsizliyi, ərazi bütövlüyü və suverenliyinə sayğı göstərib. Qaraqalaqlar heç vaxt öz istək və tələblərinin kənar qüvvələrin əllərində alətə çevriləcək formada təhlükəli separatizmə çevrilməsinə icazə verməyiblər. Müstəqillikdən sonra bu vilayətlə mərkəzi hakimiyyət arasındakı əlaqələr həmişə qarşılıqlı hörmət əsasında qurulub. Əslində, buna alternativ də yoxdur.

SSRİ dövründə bu kimi muxtar vilayətlərin niyə formalaşdığını bilirik. Vaxtilə “Dağlıq Qarabağ Muxtar Vilayəti” də Azərbaycana, ümumən Cənubi Qafqaza təzyiq və təsir üçün formalaşdırılmışdı. Qarabağ münaqişəsi birbaşa Cənubi Qafqazın təhlükəsizliyinə təsir edəcək konflikt idi. Biz heç vaxt Azərbaycanın bu bölgəsində yerləşdirilmiş ermənilərə torpaqlarımızı almağa imkan verməyəcəkdik. Rusiya və onun əlaltısı olan ermənilər iki əsrdən çoxdur torpaqlarımızı ala bilmirlər. Digər ölkələrdə bunu edə biliblər, amma bizimlə bacarmadılar. Rusiya bunu Qaraqalpaqıstan vasitəsilə Özbəkistanda da edə bilmir.

Yeri gəldikdə Özbəkistanın təhlükəsizliyinə hədələr yaratmaq üçün qurulmuş bu muxtar vilayətdən 1990-cı illərdən sonra da istifadə etməyə çalışdılar. Bu gün olduğu kimi.

- Yəni bu gün Özbəkistanda baş verənlər Yaxın Şərqdən başlamış geosiyasi prosesin davamıdırmı?

- Dediyim kimi, Yaxın Şərq regional və kənar oyunçular vasitəsilə bölüşdürüldükdən sonra növbə Mərkəzi Asiya və Cənubi Qafqaza çatdı. Mərkəzi Asiya həmişə Şərqdən Qərbə uzanan böyük bir türk coğrafiyasının içində olub. Bu arealda həmişə türk dövlətləri, imperiyaları və vilayətləri olub. Həmişə Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyəni əhatə edən bu coğrafiyada yaşayan türklərin birləşməsi ideyası qlobal gücləri qorxudub. 1990-cı illərdə biz bu ideyaları mərhum liderlər Heydər Əliyev və Əbülfəz Elçibəydən dəfələrlə eşitmişik. O illərdə bu ideya gündəmdə olsa da, amma bu reallaşmadı. Dövlətlərin, xalqların bir ideyanı dəstəkləməsi azdır, gərək bunu zaman da təsdiqləsin. İndi görünən budur ki, artıq zaman da bu ideyanı dəstəkləyir.

Bu gün qlobal miqyasda kommunikasiya imkanlarının bölüşdürülməsi prosesi gedir. Daha doğrusu, kommunikasiya xətləri uğrunda mübarizəyə strart verilib. Özbəkistanda gedən proses də, haqqında danışdığımız köhnə şərtlərin sıradan çıxdığı bir zamanda yeni transformasiyanın qarşısını almaq üçün kənar qüvvələrin oynadıqları oyundur. Amma bu kənar qüvvələr bir yerə aid deyil, müxtəlifdir. Sosial şəbəkələrdə gedən müzakirələrdən görünən budur ki, prosesdə əsas rol oynayan qrup Kremlə bağlıdır. Çin və Qərbə bağlı qruplar da var. Eyni zamanda, oyunu Rusiyaya aparır, amma ABŞ və Rusiya ilə birlikdə həm də Çinə qarşı oynayır. Ortada belə bir tendensiya da var. Əslində, bu, son günlərdə Ukrayna mövzusunda bir-birinə yaxınlaşan ABŞ və Rusiyanın mövqelərini izah edir.

Vaxtilə Rusiya və ABŞ Qarabağ məsələsində eyni mövqedən çıxış etsələr də, Ukrayna mövzusunda tam fərqli yerlərdə dururdular. Amma indi Ukrayna və Mərkəzi Asiya mövzularında ABŞ və Rusiya arasında sövdələşmə gedir. Son illərdə ABŞ-ın milli maraqlarının ən çox zədələndiyi bölgə Mərkəzi Asiyadır. Bura Şərqdən Qərbə və əksinə aparılan daşınmalarda həlledici regiondur. Mərkəzi Asiya dünya iqtisadiyyatının sütunlarından biridir. İndi burada maraqların bölünməsi gedir.

ABŞ Əfqanıstandan çıxdıqdan sonra buradakı maraqlı total formada zədələndi. Amerikanın maraqlarının zədələndiyi yerləri isə Çin tutdu. Bura Mərkəzi Asiya ilə yanaşı, Yaxın Şərq və Hind-Sakit Okean bölgəsi də daxildir. İndi ABŞ Çini Mərkəzi Asiyadan sıxışdırıb çıxarmaq üçün Rusiya ilə müştərək konfiqurasiya qurmağa çalışır. Bu müştərək konfiqurasiyada zədələnən amil isə bu coğrafiyada mövcud olan Türk Dövlətləri Birliyi ideyasıdır. Amma Rusiya və ABŞ-ın nə etməsindən asılı olmayaraq, bu coğrafiyada Türk Dövlətləri Birliyinin alternativi yoxdur. Çünki burada yerləşən türk dövlətləri bir-biri ilə xoş münasibətdədir və qarşılıqlı dərin əlaqələr içindədirlər. Özbəkistanı kimin qarışdırdığı sualının cavabı da bundadır.

- Bəs haqqında bəhs etdiyiniz Türk Birliyi ideyasının perspektivdə reallaşması ehtimalı varmı?

- 1990-cı illərdən başlayaraq bu ideyanın həyata keçməməsi üçün çoxlu cəhdlər edilir. Bir çox dövlət bu ideyanın qəsdinə durub. Əlbəttə bunlardan biri və birincisi Rusiyadır. O, daxildəki milli-etnik müxtəliflikdən formalaşan əsasları SSRİ dövründən gözarında alır. Rusiya hesab edir ki, məsələn, Saxa, Yakutiya, eləcə də digər etnik qrupların iradələrinin ifadəsi üçün əsas yoxdur, üstəgəl, ruslar nə istəyib, o olub, indən sonra da elə olacaq. Amma zaman dəyişib. Başqa xalqların üzərində öz müqəddəratını müyyən edən xalqlar zamanla həmişə onların özlərinə oxşayırlar və ya onların içində əriyirlər. Bunu tarix və təkamül də sübut edir.

Rusiya həmişə hesab edir ki, daxildəki etnik qrupları ciddiyə almaq lazım deyil. Zamanında Çeçenistan milli azadlıq hərəkatını qabardaraq, daha sonra bunu qorxunc şəkildə yatırdaraq digərlərinə də “dərs” verməyə çalışdı ki, bu ssenarinin də perspektivi yoxdur. Amma əvvəllər nəzarət edilən meyllərə artıq nəzarət olunmur. Xüsusən də sosial şəbəkələrdə. Daha doğrusu bu nəzarət dövlətlərin əllərindən çıxıb və bunlar tərəfi bəlli olmayan qrupların əllərindədir. Yəni bu yöndəki tədqiqatları həm daxildən, həm də xaricdən aparmaq olur. Bu gün Rusiya tarixən əzdiyi xalqların oyanışı ilə üz-üzə qalıb.

Türk Dövlətləri Birliyi ideyasına gəldikdə, bu, baş verəcək, proses gedir. Rusiyanın istəyib-istəməməsindən asılı olmayaraq. Bu birlik 200 ildən çoxdur Rusiya daxilində əzilən xalqları da özünə cəlb edəcək. Rusiya nə qədər bütövdür, bunun qarşısını almağa çalışacaq.


Müəllif: Mənsur Rəğbətoğlu