6 İyul 2022 09:23
1 747
12 Punto 14 Punto 16 Punto 18 Punto

ReAl partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Belarus Prezidenti Aleksandr Lukaşenko keçmiş sovet ölkələrini hədələyib. O bildirib ki, əgər bu ölkələr suverenlik və müstəqilliklərini qorumaq istəyirlərsə, Rusiya və Belarus arasında təməli atılmış “İttifaq Dövləti”nə qoşulsunlar. Belarus liderinin bu mesajın izahı necə ola bilər? Mesaj da o fonda verilir ki, işğal edilmiş Ukrayna şəhərlərinə SSRİ bayrağı sancır və Moskvada SSRİ bayrağının Rusiya bayrağı olaraq qəbul edilməsi məsələsi gündəmə gəlir.

- Əslində, bu bəyanatın özü absurddur. Müstəqil olmaq üçün Rusiyanın nəzarətinə keçmək təklifi cəfəng səslənir. Lukaşenkonun dəfələrlə təzadlı bəyanatlarını eşitmişik, bu sözləri isə tam məntiqsiz görünür. Əksinə, müstəqil və suveren dövlət olaraq qalmaq üçün hansısa “İttifaq Dövləti”nin tərkibində olmaqdansa, müstəqil qalmaq daha məntiqlidir. “İttifaq Dövləti”nə qoşulmaq o deməkdir ki, suverenlik və müstəqilliyin bəzi atributlarını bu bloka ötürürsən. Necə ki, bu gün Belarus, demək olar, öz müstəqilliyini itirib. Çünki Belarusun həm bank, həm maliyyə sektoru, həm xarici ticarət və təhlükəsizlik, eləcə də bir çox sahələrində Rusiyanın dominantlığı hiss olunur. Buna görə də, Lukaşenkonun təklifinin absurd olduğunu deyə bilərik.

Rusiyanın xülya və iddialarına gəldikdə, təbii ki, o, imperiyanı bərpa etmək istəyir. SSRİ və ya Rus İmperiyasının müxtəlif adlar altında bərpa etmək xülyası ilk deyil. Bu məsələ 2000-ci illərdən sonra gündəmə tez-tez gəlir. Gürcüstan və Ukrayna müharibələrində də bunu gördük. İndiki məqamda isə Rusiya ətraf ölkələri müxtəlif yollarla təhdid edərək, daha yaxınında saxlamağa çalışır. Hətta Ukraynadakı müharibədən öncə də Kremlin Duqin və digər ideoloqları dəfələrlə bununla bağlı çıxışlar ediblər. Baş verənlər də onu göstərir ki, Rusiya hələ də keçmiş SSRİ-ni bərpa etmək xülyasından əl çəkməyib, bu da post-sovet ölkələrinə müəyyən təhdid və təhlükələr yaradır.

- Orta Asiyada da vəziyyət mürəkkəbləşir. Özbəkistanda baş verən son proseslər fonunda bu ölkə və Qazaxıstan ətrafında geosiyasi aktivlik müşahidə edilir. ABŞ və Avropa Birliyindən bölgədəki gəlişmələrlə bağlı ard-arda mesaj verildi, Kremldən də açıqlama gəldi. Bəs orada nə baş verir?

- Özbəkistanda baş verənlərə bir az geniş çərçivədən baxmaq lazımdır, bu hadisələrin xrolonologiyası var.

Martda Özbəkistan və Türkiyə arasında ciddi yeni sazişlər, hətta hərbi protokol da imzalandı. Mayda isə Türkiyə müdafiə naziri Hulusi Akar Özbəkistana səfər etdi. Bu səfər çərçivəsində iki ölkə arasında birgə hərbi təlimlərin keçirilməsi barədə razılığa gəlindi. Yenə mayda Putin çıxışlarından birində Özbəkistanı KTMT-yə çağırdı. Hətta o, çıxışlarından birində bildirdi ki, Özbəkistan vaxtilə KTMT üzvü olub, sonradan oradan çıxıb. Səhv etmirəmsə, Özbəkistan 2002-ci ildə KTMT-dən gedib. Bir sözlə, Özbəkistan-Türkiyə yaxınlaşmasının sürətlənməsi fonunda Rusiyadan gələn mesajlar hədə dolu idi.

Azərbaycan Prezidenti İlham Əliyev də yaxın günlərdə Özbəkistanda səfərdə oldu. Çünki Azərbaycan və Türkiyə xarici siyasətdə kifayət qədər sinxron davranır. Düşünülmüş və razılaşdırılmış xarici siyasət yürüdülür. Azərbaycan Prezidentinin səfəri də uğurlu oldu. Yaxşı sənədlər imzalandı, Prezident də həm yaxşı qarşılandı, həm də yaxşı yola salındı. Səfərdən “isti” görüntülər gəldi. Açığı, bunun Kremlin çox da xoşuna gəldiyini düşünmürəm.

Özbəkistanda konstitusiyaya dəyişikliyin edilməsi ilə bağlı referendum isə iyunun ortalarında elan olunmuşdu. İyunun 23-də dəyişiklik ediləcək maddələrlə bağlı mətbuata məlumat verildi. Amma qəribdədir ki, bundan 10 gün sonra qaraqalpaq bölgəsində etirazlar başladı. Bu maddələrə dəyişiklik çox ciddi etiraza səbəb oldu. Bəzilərində yanlış bir təsəvvür var ki, Özbəkistan Qaraqalpaqıstanın muxtariyyətini tam ləğv etmək istəyir. Belə deyil. Sadəcə olaraq, konstitusiyadan Qaraqalpaqıstanın referendum yolu ilə müstəqil olması və ya başqa ölkəyə birləşməsi maddələrinin çıxarılması təklif edildi. Bu bənd isə Rusiyaya çox vacibdir. Bunlar Özbəkistanı daim təzyiq altında saxlamaq üçün çox önəmli maddələrdir. Buna görə də həmin maddələrin çıxarılması təklifi hadisələrin çox tez vaxtda və təşkil olunmuş şəkildə baş verməsinə səbəb oldu. Moskvanın bu olaylarda iştirakı da yüksək ehtimaldır.

Olayların qarşısını almaq üçün Özbəkistan hökuməti tərəfindən hələlik geri addım atıldı. Amma görünən budur ki, Rusiya istənilən an vaxtilə Stalinin, SSRİ-nin respublikaların altında qoyduğu bu “muxtariyyət minası”nı işə sala bilər. Rusiya bununla post-sovet ölkələrinin özündən uzaqlaşmasına mane olmağa çalışır. Eynisi Qazaxıstana da aiddir. Çünki Qazaxıstanın şimalında da etnik rusların sayı kifayət qədər çoxdur. Rusiya həmin bölgədə də özünə lazım olan vaxt separatizmi dəstəkləyə və ya qızışdıra bilər. Bunları Orta Asiya ölkələrinin Rusiyadan uzaqlaşmaq cəhdlərinə Moskvanın cavabı kimi dəyərləndirmək olar.

- Rusiya isə Qərbdən hücum silahları alan Ukraynanı federasiya ərazilərinə zərbələr endirməkdə ittiham edir. Sizcə, müharibənin gedişatı dəyişə bilərmi?

- Əslində, Rusiyanın bu açıqlamaları məntiqsizdir. Demək olar ki, Ukraynada vurulmayan vilayət və bina qalmayıb. Bütün vilayətlərə raket zərbələri endirilib. BMT-nin hesablamasına görə, Ukraynada 4 min dinc insan həlak olub. Hələ bura Mariupol və işğal altında olan digər ərazilərdə ölənlər daxil deyil. Əgər Rusiya müstəqil və suveren bir ölkə olan Ukraynanı bombalaya bilirsə, Ukraynanın hansısa formada cavab verməsinə niyə qıcıqlanır? Məntiq var: əgər hansısa bir ölkənin ərazisini bombalayırsansa, onun verəcəyi cavabı da gözə almalısan. Hələlik Ukrayna Rusiya ərazilərinin vurulmasını nə təsdiq, nə də təkzib edir. Hələlik xarici silahlar da istifadə olunmur, istifadə edilən sovet və Rusiya istehsalı silahlardır. Amma bu o demək deyil ki, gələcəkdə Qərbdən alınmış hücum silahlarından istifadə edilməyəcək.

İndiki məqamda isə görünən budur ki, Rusiya-Ukrayna müharibəsindəki pat vəziyyəti ciddi şəkildə dərinləşir. Hələlik Rusiya hərbi qələbə qazana bilmir. Qarşısına qoyduğu məqsədə - ölkənin paytaxtını, eləcə də bütün ölkəni ələ keçirməyə müvəffəq ola bilmədi. Buna cəhd etdi, amma alınmadı. Ukrayna üçün də hərbi qələbə mümkünsüzdür. Ukrayna üçün qələbə o olardı ki, işğal altındakı bütün ərazilərini, hətta Krımı da azad etsin. İndi bu da mümkünsüz görünür. Ona görə də bir pat vəziyyəti yaranıb.

Rusiya indi öz strateji məqsədlərinə çatmağa çalışır. Rusiyanın əsas hədəfi Luqansk və Donetsk vilayətlərini tam ələ keçirməkdir. Ukrayna isə əsas diqqətini Xerson və Zaporoje vilayətlərini azad etməyə yönəldib. Hesab edirəm ki, Ukrayna buna nail olsa, danışıqlar masası qurula bilər. Bütün müharibələr gec-tez masa arxasında bitir. Buna görə də hər iki tərəf bu masa qurulana qədər əlini gücləndirməyə çalışacaq. O vaxta qədər isə Rusiya Donbası tam ələ keçirməyə, Ukrayna isə cənub vilayətlərini azad etməyə səy göstərəcək.

- Keçmiş sovet coğrafiyasını əhatə edən bu gəlişmələr Cənubi Qafqaza, yaxud Azərbaycana necə təsir göstərə bilər?

- Azərbaycanın xarici siyasəti kifayət qədər ağıllı və balanslaşdırılmış şəkildə yürüdülür. Dediyim kimi, Türkiyə ilə sinxron məsləhətləşmələr var. Avropa Birliyi, Britaniya, İsrail və digər ölkələrlə də təmaslar dərinləşir, əlaqələr genişlənir. Bu da onu göstərir ki, Azərbaycanın apardığı xarici siyasət təhlükələrdən sığortalanmağa imkan verir. Təbii ki, gərginlik artdıqca, bu, bütün post-sovet məkanına, o cümlədən Cənubi Qafqaza da təsir göstərəcək. Əsas məsələ budur ki, Ermənistan və onun xalqı bu təhlükələri görməli və anlamalıdır. Ermənistan Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olması üçün Azərbaycanın təklif etdiyi 5 prinsip ətrafında müəyyən sənədlərin imzalanmasını sürətləndirməlidir. Bundan sonra Cənubi Qafqazda sabitliyin yaranması mümkün olacaq.

Təəssüf ki, sülh müqaviləsi imzalanmadıqca Rusiya və Ermənistan daxilindəki revanşist qüvvələr tərəfindən münaqişə ocaqlarının yenidən alovlandırılması riski qalacaq. Buna görə də, Cənubi Qafqazda sabitliyin yaranması üçün bütün ölkələr, eləcə də Ermənistan reallığı qəbul etməlidir. Təəssüf ki, qonşularımız hələ də gələcəklə yox, keçmişlə yaşayırlar.


Müəllif: Mənsur Rəğbətoğlu