5 İyul 2022 21:14
1 456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un sullarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, ATƏT Minsk Qrupu ilə bağlı üç həmsədr dövlət arasında olan dərin böhran fonunda bu qurumdan Azərbaycan tərəfi birmənalı şəkildə imtina edib. Belə olan halda ABŞ-ın təkbaşına bu qurumu yenidən dövriyyəyə qaytarmaq üçün etdiyi cəhdlər nəyə hesablanıb?

- Məqsəd mümkün qədər Azərbaycanla Ermənistan arasında gedən prosesə daxil olmaqdan ibarətdir. Çünki ABŞ Türkiyə və Rusiyanın bu prosesdə dominantlığını qəbul etmək istəmir. Amerikanın niyyəti odur ki, köhnə format qəbul edilərkən burada özləri üçün yer qazansınlar. Bu, əslində bir növ erməni lobbisinin təzyiqidir. ABŞ-da yaxşı başa düşürlər ki, Azərbaycanın ATƏT-in Minsk Qrupunu bərpa etmək niyyəti yoxdur. Burada hansısa “status” məsələsinin önə çəkilməsi də vacib görünmür. Əsas niyyət Ermənistanı mümkün qədər söz sahibinə çevirməkdən ibarətdir. Rəsmi olaraq 11 ölkə ilə yanaşı Ermənistan Minsk Qrupunun üzvüdür. Azərbaycan bu formatdan imtina edərkən prosesi də kənarda qoyur. Artıq gündəmə gələn mövzular da onu göstərir ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq Ermənistanın daxili məsələlərimizə qarışmasının qarşısını ala bilər. Bura hələ də Ermənistan tərəfindən Qarabağa hərbçilərin göndərilməsi məsələsi də daxildir. Təbii ki, bu məsələdə Azərbaycan heç bir güzəştə getməyəcək.

- Ermənistanda Azərbaycanın yenidən müharibəyə hazırlaşdığına dair xəbərlər tirajlanır. Nikol Paşinyan da bununla bağlı açıqlama verib və bəyan edib ki, Azərbaycan növbəti görüşdən imtina edib. Bu, nə dərəcədə məntiqli yanaşmadır?

- Azərbaycan artıq sübut edib ki, Ermənistan hələ də öz qoşunlarını bizim ərazimizdə saxlamaq niyyətindədir. Bunun başqa bir adı da yoxdur. Məhz Azərbaycan bundan istifadə edərkən sonuncu zərbəni vurub məsələni həll edə bilər. Buna heç kəs qarşı çıxa bilməyəcək. Bəlkə də başa düşünürlər ki, Ermənistan bu vəziyyətdə Rusiyadan da kömək almayacaq. Ona görə də, ABŞ burada öz yerini təsbit etmək üçün Minsk Qrupunu sanki bir alver məsələsinə çevirib. Amma Minsk Qrupunun bundan sonra qalması Azərbaycandan asılıdır. Azərbaycan vaxtilə bu vasitəçilərə müraciət edib. İndi də rəsmi olaraq bundan imtina edir. Çünki vasitəçilərin məşğul olacağı məsələ artıq həll olunub.

- Avropa İttifaqının prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında telefon danışığı oldu. Son Brüssel görüşündən bu yana razılaşmalarda ciddi irəliləyiş yoxdur. Aİ-nin bununla bağlı hansısa narahatlığı varmı?

- Ermənistan bu vasitəçiliyi də tam şəkildə dağıdıb. Rəsmi olaraq ABŞ və Avropa İttifaqının mövqeyində Azərbaycanın ərazi bütövlüyü açıq şəkildə dəstəklənib. Amma Ermənistan növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü pozur. Bu, yenidən Azərbaycan ərazisinə hərbçilər göndərməklə və hansısa işlər görməklə bağlıdır. Ermənistanın baş naziri də Azərbaycanın bu məsələdəki mövqeyini bilir. O da bu yaxınlarda açıqlama verib ki, Azərbaycan yenidən müharibəyə hazırlaşır. Çünki onlar da Azərbaycanın əlində müharibəyə başlamaqla bağlı kifayət qədər əsas ola biləcəyini bilir. Günlərin birində Laçın dəhlizi bağlandıqda Ermənistanın Qarabağa təsir imkanları da bitəcək. Əslində hər kəs bunu gözləyir. Ona görə də, erməni tərəfi özü üçün çıxış yolları axtarırlar ki, daha çox gündəmdə qalsınlar.

- Azərbaycan Prezidentinin Cozef Baydenə təbrik məktubu mahiyyət etibarı ilə ABŞ-la əlaqələr və post-münaqişə dövrü ilə bağlı gedən prosesləri əhatə edib. İki ölkə arasında bu istiqamətdə münasibətlərin hədəflərini nədə görürsünüz?

- Əslində Azərbaycan ABŞ-a və Avropa İttifaqına öz mövqeyini təqdim edir ki, onun yanaşması təhrif edilməsin. Çünki istənilən səviyyədə məsələlərin mahiyyəti ABŞ prezidentinə çatana qədər təhrif edilə bilər. Prezident İlham Əliyevin bu məktubu Azərbaycanın mövqeyinin açıq şəkildə ifadəsidir. Azərbaycan tərəfi də bundan istifadə edir.

- Bədnam “907-ci” düzəlişlə bağlı məsələnin təxirə salınmasını necə izah etmək olar?

- Artıq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal faktı da bitib. Amma bu bədnam düzəliş hələ qalıb. Bu, əslində ikili standartların təzahürüdür. Əslində bu düzəliş necə qəbul edilib elə də ləğv edilməlidir. Təəssüf ki, hələ də erməni lobbisi buna imkan vermir. ABŞ administrasiyası da bu məsələdə israrlı deyil. Əslində istənilən məsələni həll edə bilərlər. Amma bu, ümumilikdə onların problemidir. “907-ci” düzəliş əslində bizə lazımdır ki, ABŞ-da olan ikili standartları, qeyri-obyektiv mövqeni yada salaq. Bu, tənqid üçün də "faydalı" bir faktordur.


Müəllif: Tapdıq Qurbanlı