6 İyul 2022 21:36
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İlqar bəy, artıq "Azərbaycana səbrli ol" deməyin də vaxtı bitir. Sizcə, Ermənistanın sülhü təhdid edən təxribatlarına Avropa İttifaqı nə vaxta qədər göz yumacaq?

- Avropa tərəfi bu münaqişəyə fərqli yanaşıb. Onlar Ermənistanı işğalçı dövlət kimi qəbul etməyib. Uzun illər Avropada belə bir fikir hökm sürürdü ki, “Qarabağ və ətraf ərazilər mübahisəli ərazilərdir”. Məhz bu dərəcədə yanlış fikirlər yayılmışdı. Amma digər tərəfdən reallıq və siyasi, hüquqi normalar onu diqtə edirdi ki, Avropa tərəfi Ermənistana işğalçı kimi baxsın. Kağız üzərində onlar Ermənistana işğalçı dövlət kimi yanaşırdılar. Qeyri-rəsmi formada isə yanaşma fərqli idi. İndi bu cür yanaşmalar yenə də davam edir. Az qala bizə deyirlər ki, səbrli olun, Ermənistan o qədər də təxribatçı deyil, onların daxili-siyasi vəziyyətini anlamalısınız və s. Əslində bu cür yanaşmalar yanlış olduğuna görə, təəssüflər olsun ki, münasibət də dəyişmir. Bu münasibəti dəyişmək üçün Avropa İttifaqı özü keçmiş münaqişəyə və indiki vəziyyətə başqa gözlə baxmalıdır. Azərbaycan maksimum dərəcədə çalışır ki, real vəziyyəti anlatsın. Amma təəssüflər ki, hələ məqsədlərə nail olunmayıb.

- Ermənistan Azərbaycanla sülh prosesini nə vaxta qədər uzada bilər? Bu prosesin uzanması hər iki tərəfə nə qazandıracaq və yaxud prosesin uzanması ilə Ermənistan nəyə ümid edir?

- Vaxt uzatmaq əslində Ermənistan üçün vaxt itirmək deməkdir. Yəni, onlar heç bir halda bununla uğur qazana bilməyəcək. Əslində onlar bununla özlərini regional proseslərdən təcrib edirlər. İndi də həmin “siyasəti” davam etdirirlər. Bunun davam etməsi isə məntiqsizdir. Görünür əsas problem yanaşmalarda, düşüncələrdə var. Siyasi elita bununla bağlı ciddi düşünməlidir. Amma görünən odur ki, onlar hələ də öz aləmlərindədir. Onların aləmində isə Azərbaycan və Türkiyə düşmən ölkə kimi qalır. İddia edirlər ki, guya bu iki dövlət Ermənistanı dünya xəritəsindən silmək istəyir. Ona görə də sərhədlərin açılması, sərhəd xətlərinin müəyyənləməsi məsələsini özləri üçün real təhlükə görürlər. Bu cür qorxular, fobiyalar, yanlış fikirlər onların Azərbaycan və Türkiyəyə qarşı daha ehtiyyatlı davranmağa sövq edir. Çünki onlar düşünürlər ki, münasibətlər inkişaf etsə, Azərbaycan və Türkiyənin iqtisadi imkanları, biznes strukturu Ermənistana axın edəcək və bunun nəticəsində onların buxovlanması baş verəcək. Nümunə kimi Gürcüstanı, Batumini, Acarıstanı göstərirlər. İddia edirlər ki, Acarəstanda bütün iqtisadiyyat türklərin əlindədir.

- Avropa İttifaqının Prezidenti Şarl Mişel Nikol Paşinyana deyil Prezident İlham Əliyevə zəng etdi. Sizcə, bu, əslində Ermənistanın davranışlarından Avropa İittifaqının narazılığı kimi da başa düşülə bilərmi?

- Avropa İttifaqı Azərbaycanla münasibətlərə təkcə keçmiş münaqişə prizmasından baxmır. Azərbaycana Mərkəzi Asiya və Cənubi Qafqazda gedən proseslər prizmasından yanaşır. Burada Azərbaycan mühüm rol oynayır. Son siyasi səfərlərin dinamikasına nəzər salsaq bunu görərik. Prezident İlham Əliyevin Özbəkistana səfəri, Xəzər bölgəsi ölkələrinin sammiti, Azərbaycan-İran münasibətlərinin dinamikasının artırılmasını buna misal göstərmək olar. Eyni zamanda Azərbaycan-Qazaxıstan-Türkiyə formatının inkişafı və ümumilikdə türkdilli dövlətlərin inistitutsional bağlılığının möhkəmlənməsində də Azərbaycanın rolu vacib amil kimi önə çıxır. Ona görə də Avropa İttifaqı daha çox Azərbaycana məhz bu prizmadan yanaşır. Aparılan müzakirələrdə məhz bu məsələyə də toxunulması mümkündür. Azərbaycan-Ermənistan gündəliyində isə növbəti Brüssel görüşünün avqust ayında olması gözlənilir. Amma istisna etmək olmaz ki, Ş.Mişel yaxın zamanlarda N. Paşinyana da zəng edəcək və növbəti görüşlə bağlı gündəliyin dəqiqləşdirilməsi aparılacaq. Burada sözsüz ki, tərəflərin mövqeyinə, yanaşmasına bir daha baxılır.

- Necə düşünürsünüz heç bir təzyiq olmadan Ermənistanla hansısa bir razılığın olması gözlənilirmi?

- Sözsüz ki, hansısa bir təzyiq və nüfuz olmasa Ermənistanla heç bir məsələdə nailiyyət əldə etmək mümkün olmayacaq. Avropa İttifaqı bu gün regionda irimiqyaslı layihələr reallaşdırmaq niyyətindədir. Ermənistana 2,6 milyard avro, Azərbaycana isə təxminən 2 milyardan bir az artıq vəsait vəd edilib. Amma hələ ki, bu vəsait ölkələrə göndərilməyib. Görünür ki, bunun üçün əlverişli mühit yaranmayıb. Azərbaycan isə kommunikasiya xətlərinin açılmasını, digər zəruri imkanların yaranmasını təşviq edir ki, normal iqtisadi vəziyyət yaransın. Bununla da prosesdə maraqların təmin olunması mümkün ola bilər. Avropa İttifaqı da bu yanaşmanı dəstəkləyir. Amma Ermənistan nə Zəngəzur dəhlizi ilə bağlı, nə də sərhədlərin müəyyənləşməsi ilə bağlı əməli iş aparmır. Ona görə də Avropa İttifaqı və digər maraqlı oyunçular bu vəziyyətdə daha çox Ermənistana təzyiqi artırılmalıdırlar. Çünki bu məsələdə Azərbaycanın mövqeyi hər kəsə bəllidir. Məhz bu təzyiqlər və təsirlər nəticəsində Ermənistanın mövqeyində müəyyən dəyişikliklərin olması mümkün ola bilər.


Müəllif: Tapdıq Qurbanlı