“Bir qrup istəyir ki, ATƏT-in Minsk Qrupunu yenidən diriltsin, başqa bir qrup çalışır ki, bu işlə xüsusi nümayəndələr məşğul olsun və ya birgə işləsinlər. Əslində bu problem qalır. İndi danışıqların əsas güclü qolu Rusiyadır. Azərbaycan və Ermənistan bu platformada işləyir. İkinci xətt Avropa İttifaqıdır. Bu platforma üzrə Azərbaycan və Ermənistan liderləri iki dəfə görüşüb, çox güman ki, yaxın aylarda növbəti dəfə görüşəcəklər. Bu prosesdə vasitəçi Avropa İttifaqı olsa da, səhnə arxasında Fransa da var. Bir də var ABŞ. ABŞ xanım nümayəndəsini bu işlə məşğul olmağa ayırıb. O, həm də Minsk Qrupunun üzvüdür, amma daha çox xüsusi nümayəndə kimi işləyir”.
Bunu Teleqraf.com-a professor Əli Abbasov deyib.
Politoloq qeyd edib ki, hazırda dünyanın diqqəti daha çox Ukrayna müharibəsinə çevrilib: “Bir növ Ermənistan-Azərbaycan münaqişəsini daha çox vaxt ayırmaq imkanı sanki yoxdur. Göz önündə Ukraynadır. Hamı gözləyir ki, orada proses qurtarsın. Azərbaycan və Ermənistan da bunu gözləyir”.
Əli Abbasov əlavə edib ki, Azərbaycan İranla danışıqlar aparıb və Naxçıvana dəmir və quru yolunun çəkilməsini razılaşdırıb: “Bununla faktiki Azərbaycan Naxçıvana çıxmaq və oradan Türkiyəyə uzanacaq dəmiryolu əldə edəcək. Bu halda Ermənistanın əhəmiyyəti aşağı düşəcək. Təkcə düşməyəcək, eyni zamanda Laçın dəhlizinə alternativ çəkilən yeni dəhlizin məsələsi ortaya çıxacaq. Bu halda Azərbaycan müəyyən tələblər irəli sürəcək. Ermənilər istəyir ki, yeni yol açılandan sonra rus sülhməramlıları yoxlamanı həyata keçirsin. Amma Azərbaycan özü də bu prosesdə iştirak edəcək, sərhəd və gömrük məntəqəsi quracaq. Nəzərə alınmalıdır ki, Zəngəzur və Laçın dəhlizi əslində paralel şəkildə işləməlidir. Yəni bunlar bir-birinə bağlı olmalıdır. Əgər Zəngəzur dəhizi işləməyəcəksə, digər dəhliz də işləməməlidir”.