6 İyul 2022 20:59
1 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn səfir Vilayət Quliyevin onunla bağlı yazdıqlarına cavab verib.

Teleqraf.com P.Hüseynin cavabını təqdim edir.

- Bu gün Sabirabadda yas mərasimində olduğuma görə xeyli zənglərə cavab verə bilmədim. Sonra məlum oldu ki, AMİP- in təsisçilərindən Vilayət Quliyev partiyanın 1- ci qurultayında mənim iştirakım və bununla bağlı təəssüratını paylaşıb.

V. Quliyevin paylaşımı haqqında zəng edənlərin dediklərinə əsasən fikir bildirdim. Mətnin özü ilə bir qədər əvvəl tanış oldum.

Həqiqətən, nə AMİP- in birinci qurultayında iştirakım, nə də Vilayət Quliyevin bəhs etdiyi epizod barədə yaddaşımda nəyinki ondakı kimi parlaq, təfsilatlı xatirə, ümumiyyətlə bir şey qalmayıb. Lakin, bu deyilənlər olubsa , orda E. Məmmədovla nə iləsə əlaqədar zarafat, atmaca xarakterli “söz dueli”nin olmasını istisna etmirəm. Ancaq məsələ burasındadır ki, mənim leksikonumda “svarka”, sözü müraciətimdə “ə” forması yoxdur və mümkünsüzdür ki, guya xidmət edənlərin xüsusi diqqətindən təsirlənib, hakimiyyət kreslosu yaxşı şeydir kimi şitlik edim. Kresloqarışıq qoparıb atmaq məsələsinə gəldikdə, vəzifə kreslosu konkret mənada dövlət inventarıdır, onu atmaq olmaz, məcazi mənada isə yenə dövlətə məxsusdur, atmaq mümkün deyil, vəzifəli şəxs vəzifədən gedər, vəzifə kreslosu isə qalar. Görünür bunları Vilayət müəllim hekayəni bədiləşdirmək üçün “bəzək” olaraq əlavə edib.

Əsas olan bunlar deyil, odur ki: Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra qəbul edilmiş ilk qanun 2 iyun 1992- ci il 2 iyunda qəbul olunub, imzalnıb, dərc edilmiş “Siyasi partiyalar haqqında” qanun idi. Dövlət katibi o dövrdə AXC – nin opponenti olan AMİP - in təsis qurultayına Prezidentin yazılı təbrikini catdırıb oxumuşdu və hakimiyyətin əsas siyasi rəqibi olan siyasi partiya təsis qurultayından cəmi 13 gün sonra rəsmi dövlət qeydiyyatına alınıb, qərargahla təmin edilmişdi. Yeri gəlmişkən, sonralar Yeni Azərbaycan Partiyası da təsis qurultayından cəmi 3 həftə sonra rəsmi dövlət qeydiyyatına alınmışdı və ümumiyyətlə o vaxt bir neçə ay ərzində 30 siyasi partiya qeydiyyatdan keçmişdi. 2 iyun 1992- ci il siyasi partiyalar haqqında qanunda sonrada mətndən çıxarılan, siyasi partiyaları fəaliyyəti üçün dövlətin təhəddüd və vəzifələrini əks etdirən mütərəqqi müddəalar əks olunmuşdu və bu AXC hakimiyyətinin demokratikləşmənin dönməz xarakter alması üçün siyasi partiyaların rolunu və əhəmiyyətinə baxışlarının ifadəsi idi. Əhəmiyyəli olan və xoş olan bunlardır. Qalanı təfərrüatdır.

18:36

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, AMİP-in keçmiş üzvü Vilayət Quliyev sosial şəbəkə hesabında partiyanın ilk təsis qurultayının tarixi ilə bağlı paylaşım edib.

Teleqraf.com hazırkı səfir, eks-AMİP-çi Vilayət Quliyevin "facebook"dakı paylaşımını təqdim edir:

“O zaman Təşkilat komitəsinin üzvü kimi qurultayın hazırlanmasında bəndənizin də müəyyən iştirakı olmuşdu. Amma məqsəd aradan onilliklər keçəndən sonra hansısa xidmətlərdən danışmaq deyil. Sadəcə, maraqlı bir məqam yadıma düşdü.

Deməli, qələbəlik qurultay Opera və Balet Teatrının binasında keçirilirdi. Hakimiyyət adından AMİP forumuna dövlət katibi Pənah Hüseynov gəlmişdi. Prezident Əbülfəz Elçibəyin təbrikini oxudu, ölkənin ilk siyasi partiyasını şəxsən təbrik etdi.

Fasilədə direktorun otağında qurultayın rəhbər heyəti üçün nahar süfrəsi açılmışdı. Təbii ki, ofisiantlar həm qonaq, həm də vəzifəli şəxs kimi Pənah Hüseynovun ətrafında fırlanırdılar. Akademiyadan yaxşı tanıdığım Pənah bəlkə də ömründə ilk bahalı kostyumunu geymiş, dəbdə olan qalstuk taxmışdı. Amma qətiyyən iddialı görünmürdü, əksinə özünü çox sadə və səmimi aparırdı.

Görünür, şəxsinə göstərilən diqqətdən təsirlənən Pənah birdən üzünü AMİP liderinə tutub:

- Ə, Etibar, ə, bu hakimiyyət nə gözəl şeymiş, ə!- dedi. –Sən öl o kreslolarda elə oturmuşuq ki, heç bir qüvvə bizi ordan qoparda bilməz! Heç svarkaynan da kəsib ayıra bilməzlər.

Etibar da hazırcavalıq nümunəsi göstərdi:

- Qorxma, dedi. –Sizi heç kəs kreslodan dartıb qoparmayacaq. Elə kresloqarışıq atacaqlar bayıra!”.

Qeyd edək ki, Vilayət Quliyev vaxtilə AMİP-in təşkilat komitəsinin və Siyasi Şuranın (1992-1993-cü illər) üzvü olub.


Müəllif: Teleqraf.com