8 İyul 2022 19:30
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq diplomat, politoloq Fikrət Sadıqov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fikrət müəllim, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ləngiyir. Sülh yoxdursa, yenidən müharibə riskini necə dəyərləndirmək olar?

- Hər hansı bir tərəf sülh müqaviləsindən boyun qaçırırsa, burada müharibə riski daha da artır. Bu, xüsusilə Ermənistanla bağlı aydın bir məntiqdir. Buna baxmayaraq biz sona qədər diplomatik səylərimizi davam etdirməliyik. Azərbaycan bununla bağlı öz təkliflərini irəli sürüb. Müxtəlif istiqamətlərdə Azərbaycan sülh üçün lazımi mövqeyini nümayiş etdirir. Xüsusilə də Avropa İttifaqının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevlə telefon danışığı zamanı bu fikirlər bir daha vurğulanıb. Sözsüz ki, Ermənistan özünü bu cür aparsa, mövqeyini dəyişməsə, yeni təxribatlara əl atsa, yenidən müharibə olacağı ehtimalı istisna edilmir.

- ATƏT-in Minsk qrupunu hələ də Azərbaycan-Ermənistan münasibətlərində tənzimləyici tərəf kimi görmək istəyənlər var. İndiki halda ölü quruma çevrilmiş Minsk qrupunun fəaliyyətinə nə dərəcədə ehtiyac var?

- Görünən odur ki, bu regionda oyunçuların sayı çoxdur. Avropa İttifaqı, Rusiya, ABŞ, Fransa bu regionda maraqlı olan tərəflərdir. Onlar faktiki olaraq ölmüş vəziyyətdə olan ATƏT-in Minsk qrupunu yenidən bərpa etmək istəyirlər. Bunu boyunduruq kimi bizə sırımaq istəyi var. Təbii ki, bu mümkün deyil. Amma burada əsas məqam aparıcı oyunçuların mövqeyidir. Ermənistanı da məhz belə yanaşmalar indiki vəziyyətə gətirib çıxarır. Bu oyunçular vaxtında çevik siyasət aparsa və prosesə obyektiv yanaşaydılar vəziyyət başqa cür olardı və regionda sülh, stabillik, təhlükəsizlik yaranmış olardı. Amma bunlar görünür bəzi hallarda Ermənistanı da vadar edirlər ki, bu cür siyasət aparsın. Məhz bundan sonra da “status” məsələsi, Minsk qrupunun fəaliyyəti ilə bağlı müxtəlif bəyanatlar eşidilir. Təbii ki, bütün bunlar yolverilməzdir. Sözsüz ki, biz heç vaxt bu halı qəbul etməyəcəyik. Bununla bağlı Azərbaycanın mövqeyi ortadadır. Dövlətimizin bununla bağlı mövqeyi kifayət qədər aydın və şəffafdır. Azərbaycanı bu məsələdə dəstəkləyən Türkiyədir. Türkiyənin belə Ermənistanla danışıqlarında müəyyən yumşalmalar müşahidə edilir. İki ölkə arasında sərhədlərin açılması ilə bağlı da müzakirələr aparılır. Bütün bunların fonunda Azərbaycan özünün diplomatik fəaliyyətini gücləndirməlidir. Lazım olsa ölkəmizin hərbi potensialından da istifadə etməliyik.

- Azərbaycanla sərhəddə 1 km-lik məsafədə Ermənistan ərazisində Rusiyanın yeni hərbi baza tikməsi ilə bağlı xəbərlər yayılıb. İndiki məqamda Rusiyanın bu addımı necə qarşılanmalıdır?

- Bu məsələnin iki tərəfi var. Müttəfiq dövlətlərin bir-birinin ərazisində hərbi baza yaratması, sülhməramlılar yerləşdirməsi iki ölkə arasında olan razılıq əsasında mümkün olur. Məsələnin digər tərəfi ondan ibarətdir ki, əgər Rusiya Azərbaycanla Ermənistan arasında vasitəçi olubsa və 10 noyabr 2020-ci il razılaşmasına imza atıbsa, o bu məsələlərə ehtiyatla yanaşmalıdır. Sözsüz ki, burada Azərbaycanın maraqları nəzərə alınmalıdır. Azərbaycan sərhədlərinin 1 kilometrliyində hansısa bir hərbi baza yaratmaq sözsüz ki, ölkəmizin maraqlarına ziddir. Ola bilsin ki, hansısa bir təzyiq vasitəsi kimi məhz bundan istifadə etmək məqsədləri var.

- Azərbaycan öz sərhədlərinə çox yaxın ərazidə belə bir hərbi bazanın yaradılmasına hansı tərzdə reaksiya verilə bilər?

- Ruslar bu hərbi bazanı bölgəyə təzyiq etmək məqsədi ilə açır. Məqsəd bundan müəyyən təzyiq vasitəsi kimi istifadə etməkdir. Birmənalı şəkildə məsələnin görünən tərəfi məhz budur. Bununla bağlı Azərbaycan tərəfi olaraq biz ilk növbədə ikitərəfli münasibətlərdən istifadə etməliyik. Münasibətlərimiz partnyorluq və müttəfiqlik səviyyəsinə yüksəlibsə, biz bu məsələni Moskva qarşısında qoymalıyıq. Çünki bu məsələ tam aydınlaşmalıdır. Orada hərbi hissənin hansı məqsədlə tikilməsi, hansı hədəfin güdülməsi kimi məsələlərə aydınlıq gətirilməlidir. Azərbaycan sərhədlərinə yaxın məsafədə belə bir hərbi bazanın yaradılması bizə izah edilməlidir. Lazım olarsa diplomatik səviyyədə etiraz notamızı da təqdim edə bilərik. Bununla bağlı qarşı tərəfdən izahatların istənilməsi mümkündür. Azərbaycanla Ermənistan arasında münasibətlər tam həll olunmadığı bir vəziyyətdə sərhədimizə yaxın rus hərbi bazasının tikilməsi çoxlu suallar yaradır. Ona görə də Rusiya tərəfi bununla bağlı bizə ətraflı izahat verməlidir.

- Nikol Paşinyan özünü Qərbə meylli fiqur kimi göstərsə də, Ermənistanda Rusiyanın hərbi bazaları getdikcə çoxalır. Qərbin, Avropa İttifaqının buna münasibəti necə olacaq?

- Əslində N.Paşinyanın əsas məqsədi hakimiyyətdə qalmaqdır. Hazırda onun iqtidarında belə siyasi çabalama gedir. O, bu gün bir sıra oyunçular arasında qalıb. Bununla yanaşı N.Paşinyan ona qarşı olan müxalif qüvvələrə də cavab verməyə çalışır. Çünki erməni müxalifəti bu gün Paşinyanı satqın adlandırır və ondan cavab tələb edir. O da müxtəlif variantlardan istifadə edərək proseslərlə bağlı konkret, prinsipial mövqe bildirmir. Görünür, Paşinyan daxildə özünə qarşı olan qüvvələri də neytrallaşdırmaq istəyir. Oyunçular arasında oyuncağa çevrilən Paşinyanın əslində Moskvadan asılılığı olduqca böyükdür. Çünki bu gün Rusiya ona siyasi, mənəvi, hətta hərbi dəstək verir. Reallıqda Moskva istəməsə Paşinyan çoxdan hakimiyyətlə vidalaşmışdı. Paşinyanın özü də bunu yaxşı anlayır. Ona görə də bu cür oyunlar görünür hələ davam edəcək.


Müəllif: Tapdıq Qurbanlı