8 İyul 2022 18:28
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi iyulun 4-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Prezident İlham Əliyevə zəng edib. Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər müzakirə olunub. Bu, əslində Avropa İttifaqının Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olmasında hər zaman olduğundan daha çox maraqlı olduğunu göstərir. Sülh müqaviləsinin imzalanmasının Ermənistan tərəfindən məqsədli şəkildə uzadılması Aİ-nin də narahatlığına səbəb olur. Ona görə ki, Avropa İttifaqı Şurası yaxşı bilir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunması, bilavasitə, Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin təmin olunmasından asılıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, telefon danışığında Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğulayıb: “O, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib. Bütün bunlar Azərbaycanın Avropa İttifaqı üçün nə qədər önəmli tərəfdaş olduğunun əyani göstəricisidir”.

Millət vəkili hesab edir ki, Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində real şanslar yaranıb: “Azərbaycanın tarixi qələbəsi ilə başa çatmış Vətən müharibəsi bitdikdən sonra Prezident İlham Əliyev bütün çıxışlarında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Bu baxımdan, Brüssel formatı Azərbaycanın bu mövqeyini özündə əks etdirir. Əminliklə deyə bilərik ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyinin müəyyənləşdirilməsində də məhz yaranmış yeni reallığa əsaslanır. Burada biz çox vacib bir nəticəyə gəlirik: enerji resurslarının Avropaya təhlükəsiz çatdırılması hazırda Avropa İttifaqının həyati-vacib marağıdır. Onun reallaşdırılması isə Cənubi Qafqazda sülh və stabilliyin təmin edilməsindən keçir. Beləliklə, Avropa İttifaqının son aylar regionda sülh quruculuğu işlərində xüsusi marağını bu geosiyasi kontekst çərçivəsində izah etmək olar. Mişelin telefon zəngi də bütün bu dediklərimizi bir daha təsdiqləmiş olur”.

Deputatın fikrincə, Prezident İlham Əliyev də Avropa İttifaqının dəstəyi ilə üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaşmaları yüksək qiymətləndirib: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına ümidlər ifadə edilib. Həmçinin, dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın üzləşdiyi genişmiqyaslı mina problemini və birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən itkin düşmüş hesab olunan 4000 nəfərə yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyini də vurğulayıb”.


Müəllif: Tapdıq Qurbanlı