14 İyul 2022 10:56
1 459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hərb tarixinin ən mühüm səhifələrindən biri olan Tovuz döyüşlərindən 2 il ötür. Müzəffər Ordumuzun Böyük Qələbəyə doğru irəliləməsi 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il Naxçıvanda uğurlu Günnüt əməliyyatından, 2020-ci il Tovuz döyüşlərindən keçdi. Azərbaycanın möhtəşəm qələbəsinin, Ermənistanın biabırçı məğlubiyyəti Tovuz döyüşlərindən başlayıb. General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev başda olmaqla 12 hərbçimizin şəhid olduğu Tovuz döyüşləri Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən biridir. Təcavüzkar Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində mövqelərimizə hücum cəhdi ilə başlayan döyüşlər Qarabağın düşmən işğalından azad olunması ilə başa çatdı. Tovuz döyüşləri Ermənistanın hərbi gücsüzlüyünü və Azərbaycan Ordusu qarşısında məğlub olacağını bir daha göstərmiş oldu. Bütün bunlar xalqımızın döyüş ruhunun yüksək olduğunu nümayiş etdirdi. Beləliklə, Tovuz döyüşləri Azərbaycanın Vətən müharibəsində mənfur düşmən üzərində qazanmış olduğu böyük Zəfərin ilk qığılcımlarından idi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, 2020-ci il 12 iyulda münaqişə bölgəsindən uzaqda Tovuz istiqamətində Ermənistanın yeni arzularla başladığı təxribat xarakterli döyüş əməliyyatlarını Müzəffər Ordumuz qəhrəmancasına düşmənə ağır zərbə endirərək geri oturtdu:

“Təbii ki, bu hadisə tarixi qələbəmizin başlanğıcı oldu. Bununla da Ermənistan ordusunun “məğlubedilməzlik” mifi bir daha darmadağın edildi. Əslində Ermənistan ordusu barədə mifin dağılması hələ 2016-ci ildə Aprel döyüşləri vaxtı başlamışdı. 2016-ci ildə Ermənistan ordusunun təxribatlarına cavab olaraq ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində yaranan rezonans Ermənistanın hərbi-siyasi rəhbərliyinin içərisində dərin çatların əmələ gəlməsinə gətirib çıxardı. Aprel döyüşlərində qazanılmış hərbi-siyasi qələbənin təsirlərini bu gün də Ermənistanda müşahidə etmək mümkündür. İkincisi, bu ölkədə işğalçılığın və seperatizmin dövlət siyasəti olduğu təsdiq olundu. Eyni zamanda, erməni xalqı “şanlı ordusunu” tanıdı və guya məğlubedilməz erməni ordusunun bir mifdən ibarət olduğunu gördü. Tovuz döyüşləri də bütün bunların növbəti və ən həlledici mərhələsi idi”.

Millət vəkili hesab edir ki, Tovuz döyüşlərinin tarixi əhəmiyyəti olduqca böyükdür:

“Bu tarixi hadisə bir daha xalqımızın vətənpərvərliyini, xalq-iqtidar birliyini nümayiş etdirməklə bərabər Xalq-Ordu-Dövlət həmrəyliyinin nümayişi idi. Xalq bir yumruq kimi ordunun və dövlətin ətrafında sıx birləşdi. Tovuz döyüşləri başlanan ilk gündən 10 minlərlə gənc küçələrə axışaraq döyüşə getmək üçün səfərbər olunmağa hazır olduqlarını nümayiş etdirdi. Ali Baş Komandanın döyüşə getmək istəyənlərə ərazi hərbi komissarlıqlarında qeydiyyatdan keçmək çağırışına 10 minlərlə gənc dərhal qoşuldu. Məhz, Tovuz döyüşlərində xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik Böyük Qələbəmizin xəbərçisi oldu. Bir daha Tovuz döyüşlərində şəhadətə ucalan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev başda olmaqla, bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, əziz xatirələri qarşısında hörmət və ehtiramla baş əyirəm. Şəhidlərimiz xalqımızın qəlbində əbədi yaşayacaqdır”.


Müəllif: Tapdıq Qurbanlı