14 İyul 2022 21:39
1 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İlqar bəy, Türkiyə-Ermənistan yaxınlaşmasında Azərbaycanın maraqlarının təminatı ilə bağlı gözləntiləri necə şərh etmək olar?

- Əslində bunlar çox müsbət addımlardır. Proseslər bu məntiqlə davam etsə, yaxın gələcəkdə sərhədlərin açılmasını müşahidə etmək olar. Burada maraqlı tərəflər də prosesin irəliləməsini istəyir. Azərbaycan da burada çox maraqlı tərəflərdən biridir. Çünki danışıqlar əsnasında Türkiyə və Ermənistan üçüncü tərəflər üçün yükdaşımaların təmin edilməsi ilə bağlı fikirlər bildirib. Bu ondan xəbər verir ki, burada üçüncü tərəf Türkiyə və Ermənistan deyil. Üçüncü tərəf Azərbaycan və digər ölkələr də ola bilər. Bu da bizim üçün faydalı olan bir haldır.

- Rusiya burada nə dərəcədə maraqlı görünür?

- Hadisələr göstərir ki, Rusiya da bu prosesdə maraqlıdır. Ərdoğanla-Putin arasında olan danışıqlar da çox vacib xarakterə malikdir. Ermənistanın sərhədlərini Rusiya sərhəd xidməti qoruyur. Ona görə də Nikol Paşinyan Vladimir Putindən dəstək almasa, çətin ki, bu məsələ də reallaşa bilərdi. Digər tərəfdən Türkiyə-Rusiya prezidentləri arasında da danışıqlar baş verib. Çox guman ki, onlar da Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı razılığa gəlib. Çünki burada üçüncü öləklərin yüklərindən söhbət gedir. Ona görə də burada Rusiyanın da mövcudluğundan danışmalıyıq. Türkiyə də maraqlıdır Rusiyaya məxsus yüklər Azərbaycan və Ermənistandan onun ərazilərinə daxil olsun. Eyni zamanda Türkiyədən keçən yüklər Rusiyaya məhz bu yollarla daşınsın. Ona görə də bütün hallarda bu məsələdə müsbət faydaların olması realdır. Eyni zamanda bu iqtisadi mənzərə siyasi proseslərə də təkan verəcək. Münasibətlərin formalaşmasına da təsir göstərəcək.

- Tehranda keçirilməsi gözlənilən Ərdoğan-Putin-Rəisi görüşündə ikitərəfli və üçtərəfli danışıqlarda Azərbaycan-Ermənistan arasındakı indiki vəziyyət, 10 noyabr razılaşması ilə bağlı məsələlərin müzakirə edilməsi mümkündürmü?

- Bu görüşdən də müsbət nəticələr gözlənilir. Çünki artıq tərəflər Ermənistan vasitəsi ilə kommunikasiyaların açılmasına razılaşıb. Məhz bu məntiqlə Zəngəzur dəhlizi ilə bağlı müsbət irəliləyişlər ola biləcək. Açılacaq kommunikasiyalar Zəngəzur dəhlizinə gedib çıxır. Ona görə də burada İran da maraqlı tərəf kimi görünür. Türkiyə ilə Ermənistan arasında kommunikasiyalar digər ölkələr üçün də maraqlıdır. Əslində açılacaq bu kommunikasiyalar Rusiya və İranı da bir-birinə birləşdirir.

- Siz düşünürsünüz ki, Zəngəzur dəhlizi bu prosesdə açar rolundadır?

- Bəli, bu strateji bir əhəmiyyət kəsb edir. Çünki burada dəmir və avtomobil yollarından söhbət gedir. Ona görə də tərəflər Tehranda prinsipial razılıq əldə edə bilər. Bununla da proses ölü nöqtədən tərpənər.

- “3+3” formatında proseslərin irəlilməsinə nə dərəcədə səmimi yanaşmaq olar? Rusiya-Gürcüstan gərginliyi fonunda bu platformanın reallaşması elə də inandırıcı görünür?

- Bu əslində Gürcüstanın daxili işidir. Hazırda bu ölkədə vəziyyət bir qədər mürəkkəbdir. Rusiya tərəfə atılan hər hansı bir addım müxalifət tərəfindən ciddi narazılıqla qarşılanır. Digər tərəfdən avrointeqrasiya ilə bağlı olan amillər də burada vacib rol oynayır. Ona görə də düşünmək olmaz ki, Gürcüstan “3+3” formatı ilə bağlı yaxın gələcəkdə təsirli addımlar atsın. Amma bizim coğrafiyada gedən proseslərin öz məntiqi var. Biz ölkə kimi Gürcüstanın maraqlarından çıxış edə bilmərik. Heç kəs də bu ölkəni zorla proseslərə qoşa bilməz. Ümumilikdə bu regionadakı siyasətin öz məntiqi var. Bu da ondan ibarətdir ki, kommunikasiyalar işləməsə iqtisadi proseslər getməsə, ziddiyətlər olduğu kimi qalacaq. Əslində kommunikasiyalar açıldıqdan sonra tərəflər bir-biri ilə əlaqələr qurmaqla böhranlı vəziyyət də aradan qalxacaq.


Müəllif: Tapdıq Qurbanlı