15 İyul 2022 22:09
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Qarabağ müharibəsində Azərbaycan xalqı bütün dünyaya nümunə olacaq birlik, bərabərlik nümayiş etdirdi. Xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşdi. Ordu-xalq birliyi düşmən üzərində qələbəmizin başlıca amili oldu. Azərbaycan 30 illik məğlub dövlət, məğlub xalq obrazından qurtuldu. Ərazi bütövlüyümüz təmin edildi. Bu tarixi Qələbə şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına əldə olunub. Ona görə də xalqımız, dövlətimiz hər zaman şəhid ailələrinə, qazilərə xüsusi həssaslıqla yanaşır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, Vətən müharibəsinin gedişində Ali Baş Komandan Mərkəzi Hərbi Hospitala baş çəkərək döyüşdə yaralanan hərbçilərin sağlamlıq durumu ilə maraqlandı:

“Ümumiyyətlə isə ölkəmizdə şəhid ailələrinə diqqət və qayğı dövlətin bu kateqoriyadan olan insanlara olan münasibəti yüksək səviyyədədir. Azərbaycanı bu gün dünyada başı uca edən şəhidlərimiz, qazilərimizdir. Biz hər birimiz onlara borcluyuq. Məhz onların qəhrəmanlığı, sücaəti sayəsində mənfur düşmən torpaqlarımızdan qovuldu. Müharibədən dərhal sonra şəhidlərimizin, qazilərimizin adlarına xüsusi dövlət mükafatları, medallar təsis olundu”.

Millət vəkilinə görə, odun-alovun içərisindən çıxmış, öz döyüş yoldaşlarını cəbhədə itirmiş qazilərimizə sözsüz ki, maddi dəstəkdən daha çox mənəvi-psixoloji yardım daha vacibdir:

“Çünki onlar öz qəhrəman dostlarını bu torpaqlar uğrunda döyüşlərdə şəhid veriblər. Özləri isə xəsarətlər, travmalar alıblar. Ona görə də müharibədən sonra qazi və şəhid ailələrinə diqqət və qayğının daha da artırılması ilə bağlı dövlət tərəfindən zəruri addımlar atıldı”.

Cavid Osmanovun fikrincə, qazilərin intihar xəbərləri ilə bağlı mövzuları daha çox gündəmə gətirmək də əlavə psixoloji gərginlik yaradan amildir:

“Çünki haradasa bir qaziyə, müharibə iştirakçısına qarşı olan haqsızlığı qısa zamanda araşdırıb aradan qalxmasına çalışmaqdansa, bundan şou düzətmək mənəviyyata uyğun deyil. Qazilər baş tacımızdır. Onların istəyinə, qayğısına hər birimiz həssas yanaşmalıyıq. Amma bir çox hallarda onların davranışlarından özləri üçün piar kimi istifadə edənlərə də rast gəlinir. Bu yolverilməzdir. Çünki intihar mövzusundan nə qədər çox yazılırsa, deyilirsə, göstərilirsə, o qədər çox adam buna təhrik olunur. Bu baxımdan da media, blogerlər, sosial şəbəkə istifadəçiləri məsuliyyətlərini anlamalıdırlar. Belə həssas mövzular ətrafında şou qurmaq, reytinq ardınca qaçmaq uyğun deyil”.


Müəllif: Tapdıq Qurbanlı