20 İyul 2022 12:22
1 413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri yüksələn xətlə inkişaf edir. Müstəqillik illərindən başlayaraq Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Tərəflər arasında bərabərhüquqlu, qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq xarici siyasətimizin prioritet istiqamətlərindən biridir. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumu da xüsusi önəm kəsb edir. Bu tarixi hadisə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolun növbəti təzahürü olmaqla yanaşı, Aİ ilə münasibətlərin keyfiyyətcə yeni mərhələsinin başlanğıcıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, Azərbaycan və Aİ arasında enerji sahəsində əməkdaşlığın on beş ilə yaxın tarixi var: “Bu müddət ərzində 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb. Bütün bunlar Avropanın enerji xəritəsini tamamilə dəyişdirib. Neft hasilatı ilə başlayan enerji layihələri daha sonra qaz hasilatı, Xəzər dənizinin Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərinin çəkilməsi, uzunluğu 3500 km olan Cənub Qaz Dəhlizinin istismara verilməsi ilə davam edib. Artıq, iki ildir ki, Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir və bununla da Azərbaycanın təbii qazı Avropaya çatdırılır. Bütün bunlar Azərbaycanın Avropa İttifaqı üçün önəmli tərəfdaş olduğunun bariz örnəyidir”.

Millət vəkili hesab edir ki, Azərbaycanın 40%-dən çox ticarət dövriyyəsi Aİ-nın payına düşür: “2021-ci ildə Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi 15 milyard dollardan artıq idi. Lakin tərəflər arasında strateji münasibətlər təkcə bu göstəricilərlə ölçülmür. Azərbaycan və Avropa İttifaqını geosiyasi zərurət və beynəlxalq təhlükəsizliyə oxşar baxışlar yaxınlaşdırır. Bu baxımdan Azərbaycanla Aİ arasında siyasi münasibətlər də yüksələn xətlə inkişaf edir. Xüsusilə, Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesində Avropa İttifaqı olduqca fəal rol oynayır. Bu mənada imzalanan Memorandumda üç istiqamət xüsusilə qeyd olunub. Birincisi, Avropa İttifaqına təchiz edilən qazın həcminin ikiqat artırılması nəzərdə tutulur. Memorandum vasitəsilə Aİ Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı öhdəliyi öz üzərinə götürür. Bununla da Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinə ciddi töhfə verəcək. İkinci mühüm məqam bərpaolunan enerji ilə bağlıdır. Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu mövcuddur. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir. Külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlanıb. Üçüncü məqam isə qaz sahəsindəki əməkdaşlığın iqlimlə bağlı məsələlərdə də uzlaşmasıdır. Beləki, imzalanmış bu Memorandum bütün qaz təchizatı zənciri boyu metan qazının tullantılarının azaldılması ilə bağlı öhdəliyi nəzərdə tutur. Burada önəmli məqamlardan biri də odur ki, xanım Ursula Fon der Lyayen Prezident İlham Əliyevin timsalında Azərbaycanı qlobal metan öhdəliyinə qoşulmağa dəvət edib. Çünki bu sahədə Azərbaycanın kifayət qədər böyük nailiyyətləri var”.

Tamam Cəfərovaya görə, bütün bunlara paralel olaraq Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində iş aparılır: “Gələn ay hazırlıq işləri başa çata bilər. Bu, ikitərəfli münasibətlərin inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var. Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işlər aparılır. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Ticari dövriyyənin artırılması xalqlarımızın rifahı naminədir. Şübhəsiz ki, burada Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasının xüsusi əhəmiyyəti var. Bu istiqmətdə də Avropa İttifaqı olduqca fəal iş aparır. Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin daha da inkişaf edib dərinləşməsi istiqamətində qarşılıqlı maraq mövcuddur. Yaxın gələcəkdə münasibətlərin daha da inkişaf edib dərinləşəcəyinin şahidi olacağıq”.


Müəllif: Tapdıq Qurbanlı