21 İyul 2022 10:25
2 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İlqar bəy, Türkiyə, Rusiya və İran prezidentlərinin Tehran görüşündə regional məsələlərin müzakirəsi və konkret nəticələrin əldə olunacağı ilə bağlı proqnozlar var idi. Sizcə, görüşün nəticələri gözləntilərə nə dərəcədə adekvat oldu?

- Tehran görüşü Rusiya-Qərb münasibətlərinin gərginləşməsi və İranın nüvə proqramı ilə bağlı danışıqların qeyri-müəyyən perspektivləri fonunda keçdi. Bütün hallarda asta templə də olsa bu danışıqlar gedir. Amma heç bir nəticə vermir. Digər tərəfdən İran yenə də ABŞ və onun müttəfiqləri tərəfindən əsas regional hədəf kimi qiymətləndirilir. Əslində məhz bu reallıqlar fonunda Tehran görüşlərinə baxmaq lazımdır. Eyni zamanda Türkiyənin bu formatda iştirakı da maraqlı görünür. Çünki Türkiyə NATO üzvüdür. Bu ölkə NATO-nun Rusiyaya qarşı birgə addımlarında iştirak edir. Öz mövqeyi olmasına baxmayaraq Türkiyə bütün hallarda NATO çərçivəsində atılan addımlarda iştirakçıdır. Belə olan halda Türkiyənin məhz Qərbin, NATO-nun düşmənləri arasında yer alması da diqqətçəkən məsələlərdəndir.

- Üç dövlətin Suriya məsələsində konkret mövqeyə gələcəyi ilə bağlı açıqlamalar yayılmışdı. Tərəflər bu məsələdə niyə çıxış yolu tapa bilmədi?

- Suriyada və başqa yerlərdə Qərb-Rusiya və İran gərginliyi görünür. Burada əsas poliqon Ukrayna olsa da, digər məntəqələrdə də maraqların toqquşması baş verir. Suriyada vəziyyət tamam fərqlidir. Çünki burada vəziyyət olduğu kimi qalır. Heç bir irəliləyiş yoxdur. Sadəcə olaraq ümumi sözlər eşidilir ki, burada hansısa müsbət istiqamətdə gedən proseslər var. Əslində Suriya cəbhəsində heç bir müsbət tendensiya mövcud deyil. Tərəflər burada mümkün qədər çıxış yolu axtarmaqda davam edir. Bu çıxış yoluna nail olmağa da ümidlər yoxdur. Sadəcə olaraq ümumi bəyanatlar var. Tehranda da çıxış yolu tapa bilməyiblər. Çünki tərəflərin bu problemə olan münasibəti tamam fərqlidir. Türkiyə Suriyada antiterror əməliyyatları keçirmək istəyir. İran isə bundan açıq şəkildə narazıdır. Rusiya isə burada ümumiyyətlə başqa bir məqsəd güdür. O maksimum dərəcədə ABŞ-ı Suriyada sıxışdırmağa çalışır. Əslində bunu İran və Türkiyə də istəyir. Amma onlar prosesə fərqli yanaşırlar. Ona görə də Tehran görüşünün yekunları ilə bağlı hansısa bir nikbin yanaşmalar yoxdur.

- Avropa Birliyi ilə Azərbaycan arasında yeni enerji müqaviləsi imzalanması Ermənistan tərəfindən böyük ruh düşkünlüyü ilə qarşılanıb. Sizcə, erməni tərəfinin Aİ-dən Azərbaycanla bağlı “gözləntiləri” nədən ibarət olub? Onların bu dərəcədə məyusluğuna səbəb nədir?

- Ümumiyyətlə Ermənistan tərəfi Azərbaycanla bağlı müsbət proseslərin hamısından narahat olur. Onlar görürlər ki, getdikcə Azərbaycanın nüfuzu, mövqeyi güclənir. Bundan sonra da Azərbaycan bir çox məsələlərdə beynəlxalq arenada öz mövqeyini diqtə edən tərəf olacaq. Məhz bu amil qarşı tərəfi ciddi şəkildə davamlı olaraq düşündürür və narahat edir. Ermənistan tərəfi özlərinə məxsus əsassız iddialarının bununla da arxa plana keçəcəyinin də təhlükəsini düşünürlər. Əslində bu belə də olur.

- Avropa Parlamentinin nümayəndələrinin Bakı səfəri zamanı Prezident İlham Əliyevin onlara haqlı iradları ilə bağlı nə demək olar? İndiki həssas dönəmdə onların Azərbaycana səfəri hansı məqsədlərə xidmət edirdi?

- Hazırda Avropa Parlamentinin nümayəndələri Azərbaycanda səfərdədir. Çox güman ki, onlar hansısa siyasi mesajlarla gəlib. Çünki biz dəfələrlə Avropa Parlamentinin anti-Azərbaycan bəyanatlarını eşitmişik. Yəqin ki, Avropanın bəzi siyasi dairələrinin fikirlərini ifadə etmək üçün Bakıya gəliblər. Hansı ki, bu şəxslər ermənilərlə sıx bağlıdırlar. Düşünürlər ki, burada hansı mesajlar verə bilərlər. Amma Prezident İlham Əliyev onları qəbul edərkən Azərbaycana sərgilədikləri “mövqeyə” görə açıq şəkildə etiraz etdi. Dövlət başçısı onların Azərbaycanla bağlı “mövqeyinin” aydın olduğunu və bunu burada təkrarlamağa gəldiklərini də sadalamış oldu. Yox, əgər onlar Bakıya fərqli fikirlərlə gəliblərsə, bunu müzakirə etməyə Azərbaycan tərəfi hazırdır. Yəni, artıq Azərbaycan tərəfi məsələlərə bu cür yanaşır. Əgər kimsə tərəf müqabilinin fikirlərini qəbul etmirsə, qərəzli mövqedən çıxış edirsə, burada heç bir səmimi müzakirədən söhbət gedə bilməz.


Müəllif: Tapdıq Qurbanlı