22 İyul 2022 17:42
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əkinçi” qəzeti ilə başlanan milli mətbuatımız dövlətçilik tariximizdə milli-mənəvi dəyərlərin formalaşmasında, milli şüurun inkişafında önəmli rol oynayıb. Böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan “Əkinçi” qəzetinin Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu olub. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb. Təsadüfi deyil ki, Azərbaycan prezidentinin 5 iyul 1991-ci il tarixli fərmanı ilə "Əkinçi" qəzetinin nəşrə başlandığı gün 22 iyul ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib

O qeyd edib ki, sovet hakimiyyəti dönəmində ciddi senzura ilə qarşılaşan milli mətbuatımız ötən əsrin 80-ci illərindən başlayaraq azad və demokratik mətbuat missiyasının icra etməyə başlayıb: “Mətbuat insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal şəkildə təmsil olunub. Bu dövrdə ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənib, jurnalistikanın çeşidli növləri meydana çıxıb. Ölkəmizin müstəqilliyin ilk illərindən başlaraq mətbuatın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Mətbuatın davamlı inkişafı, mətbuat və söz plüralizmi hər zaman təmin olunur. Azərbaycan müstəqillik qazandıqdan qısa bir müddət sonra, Prezident Heydər Əliyevin "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi ilə Azərbaycan mətbuatının inkişafında yeni bir mərhələ başlanıb.

Məhz bundan sonra kütləvi informasiya vasitələrinin rasionallığının artırılmasında ciddi addımlar atılıb. Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa imkan verib. 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin birinci qurultayında qəbul edilmiş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib. Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin yaxşılaşdırılması məqsədilə xüsusi proqramlar hazırlanıb. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində medianın inkişafında keyfiyyət etibarilə yeni mərhələ başlanıb: “Bu baxımdan, Prezidentin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir”.

Millət vəkili hesab edir ki, ölkə rəhbərliyinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümüdür: “Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırıb. Mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər, habelə institusional təşəbbüslər mətbuatın davamlı inkişafına səbəb olub. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə ulu öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülüb”.

Tamam Cəfərova mətbuat işçilərinin fədakarlıq və qəhrəmanlıq rəmzinə çevrildiyindən bəhs edib: “44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın, jurnalistlərin fəaliyyəti əvəzolunmaz idi. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi İrəvanın törədiyi hərbi cinayətlər haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Təxminən bir il öncə öz peşə vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin minaya düşərək həlak olması faktı isə beynəlxalq jurnalistlər birliyinin sərt reaksiyasına səbəb olub. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər Hazırda Azərbaycanda fəaliyyət göstərən bütün kütləvi informasiya vasitələri böyük Qələbədən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azadan olmuş ərazilərdə aparılan geniş miqyaslı bərpa-quruculuq işləri barəsində ictimaiyyətin məlumatlandırılması, qələbədən sonra ölkədə vətənpərvərlik ruhunun daha geniş təbliğ olunması istiqamətində yorulmadan çalışırlar. “Bu gün Azərbaycan mətbuatı fəaliyyətində Zərdabinin “hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun” sözlərini unutmadan onun mənəvi mirasını gələcək nəsillərə uğurla ötürür. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğindəki fəaliyyətində bütün mətbuat nümayəndələrini təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram”.


Müəllif: Tapdıq Qurbanlı