Politoloq İlqar Vəlizadə Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- İstər sərhəd, istərsə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində erməni təxribatlarının sayı artır. Sizcə, ermənilər gərginliyi niyə artırırlar, Azərbaycanla üz-üz gəlmək üçün özlərində güc tapıblar, yoxsa başqa niyyətləri var?
- Belə bir gücləri yoxdur, amma niyyətləri var. Uzun illər müşahidə etdiyimiz vəziyyət göstərir ki, ermənilər hansısa razılaşma və ya görüş ərəfəsində bu cür süni gərginlik yaratmağa çalışırlar. Bunlar da təsadüfi deyil. Çünki əldə edilə biləcək razılaşmalar, məsələlərin həlli ermənilərə görə, qəbuledilməzdir.
Avqust ayında ən azı üç vacib görüş planlaşdırılırdı. Birincisi, Avropa Birliyinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin; ikincisi, sərhəd komissiyalarının; üçüncüsü isə kommunikasiyaların açılması ilə bağlı komissiyaların görüşü idi. Görünən budur ki, Azərbaycan imitasiya üçün aparılan danışıqlardan vaz keçir və Ermənistandan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edir. Bu, komissiyaların iclaslarında və ya liderlərin görüşündə Azərbaycan Ermənistanın qarşısına konkret qrafik, yaxud hansısa tələblər qoya bilər. Ermənistan isə buna hazır olmadığını göstərir. Ermənistan rəsmilərinin açıqlamaları da bunu göstərir ki, Azərbaycanın tələblərini müəyyən şərtlərlə qəbul etmək niyyətindədirlər. Bu şərtlər isə Azərbaycanı qane etmir.
Ermənistan belə süni gərginliklə özünə o imkanı yaratmaq istəyir ki, “təhlükəsizlik”lə bağlı məsələləri önə çıxarsın. Təcrübə isə göstərir ki, bu məsələ çox vaxt aparır, heç bir konkret nəticə vermir. Son nəticədə prosesin məhsuldar olmasına imkan vermir. Çox güman ki, ermənilərin yaratdıqları bu süni gərginlik də buna hesablanıb.
- Kosovo-Serbiya xəttində də gərginlik artır. Tərəflər arasında müharibə ab-havası hökm sürür. Hətta NATO bəyanat verərək, Kosovoya müdaxilə olacağı halda buna dərhal reaksiyanın verəcəyini bildirib. Balkanda yeni müharibə başlayır?
- Düşünürəm ki, yeni müharibə olmayacaq. Serbiya isə Kosov onu müharibəylə hədələyir. Əslində, Kosovo Serbiyanın ərazisidir. Ona görə də bu mesajı ona yox, Kosovonun arxasında duran qüvvələrə, güclərə ünvanlayır. Bununla demək istəyir ki, bu durum dözülməzdir, əgər siz müharibə istəmirsinizsə, dərhal tədbirlər görməlisiniz. Amma müharibənin olacağına inanmıram. Çünki Serbiya anlayır ki, müharibə olsa, bunun nəticələri onu qane etməyəcək. Müharibə Serbiyaya yeni fəlakətlər gətirə bilər. Amma indiki vəziyyət də Serbiyanı qane etmir.
Dediyim kimi, Serbiya müharibə hədəsi ilə Kosovonun arxasında duran gücləri düşünməyə vadar etməyə çalışır ki, indiki durum onun üçün qəbuledilməzdir.
Artıq Kosovo hökuməti də sərhəd rejiminin sərtləşdirilməsi ilə bağlı qərarını yumşaldıb. Bu da onu göstərir ki, Serbiyanın hədəsi öz nəticəsini verir. Amma bu sabitliyin nə qədər davam edəcəyini demək olmur, çünki bu, müvəqqəti həldir. Serbiya Balkanda müharibə istəməyən NATO və Avropa Birliyi qarşısında istədiyinə nail oldu. Amma sabah hansı hadisələrin baş verəcəyini deyə bilmərik.
- Çin və ABŞ isə Tayvan ətrafında hərbi manevrlərinin sayını artırıb. Çin bəyanat verərək bildirib ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin təyyarəsi Tayvana enəcəyi təqdirdə müharibə qaçılmaz olacaq. Bəs bu iki gücün poliqonda üz-üzə gəlmək ehtimalı nə qədərdir?
- Bu ehtimal da azdır. Pelosinin Tayvanda nə işi var? Pelosi hələ apreldə bəyan etmişdi ki, guya Tayvana səfər edəcək, onu dəstəkləyəcək. ABŞ-ın iddiasına görə, Çinin real bir planı var ki, yaxın gələcəkdə Tayvanı zəbt edəcək. ABŞ buna baxmayaraq, Tayvana dəstək verir. Amma belə bir planın olub-olmadığını demək çətindir. Bununla belə, niyyət göz qabağındadır.
ABŞ bununla nə demək istəyir?
Amerikadan Çinə təzyiq var. Bu addımlar da Çini gələcək planlarını korrektə etməyə zorlamaq niyyəti daşıyır. Görünən isə budur ki, Çin öz planlarını dəyişdirmək niyyətində deyil. ABŞ da bunu dərk edir. Bəs bu oyunlar nəyə hesablanıb? Düşünürəm ki, bunlar konkret məsələlərə yönəlik oyundur. Məlumdur ki, noyabrda ABŞ Konqresinə seçkilər keçiriləcək. Demokratlar da bu seçkilərdə qalib gəlməyi hədəfləyir. Demokratlar Respublikaçılara məğlub olsalar, bu, onların siyasətini və manevr imkanlarını zəiflədəcək. Bu da iki il sonra keçiriləcək prezident seçkilərində onların mövqelərini zəiflədəcək. Buna görə də Demokratlar bu seçkiləri udmağa çalışırlar.
Pelosi də demokratdır və Nümayəndələr Palatasının sədridir. Demokratlar bu kimi addımlarla belə bir mənzərə yaratmaq istəyirlər ki, dünyada “azadlıq hərəkatı”nın başındadırlar, diktator rejimlərinə qarşı çıxırlar. Çinə qarşı nümayişkaranə şəkildə bu addımların atılması da buna hesablanıb. Amerika cəmiyyətinə göstərmək istəyirlər ki, ABŞ-da Ağ Evin hazırkı rəhbərliyinə alternativ yoxdur. Bununla o mənzərəni də yaratmağa çalışır ki, “biz getsək, Amerika uduzacaq, Çin və Rusiya kimi gücləri yalnız biz cilovlaya bilərik”.
Düşünürəm ki, ABŞ hökumətinin hazırkı siyasəti bunlardan ibarətdir. Buna görə də, tərəflərin real hərəkətə keçəcəklərinə inanmıram. Çünki Çin-ABŞ müharibəsi təkcə bu ölkələrin yox, bütün dünya iqtisadiyyatına ağır zərbə olardı. Keçən ilin məlumatına görə, ABŞ və Çin arasındakı ticarət dövriyyəsinin həcmi 850 milyard dollardır. Amerika Çindən külli miqdarda mallar alır. Amerika üçün mənfi ticarət saldosu təxminən 200 milyard dollara bərabərdir. Çindən alınan mallar Amerika iqtisadiyyatı üçün əvəzolunmazdır. İndi Amerika bu qısa müddətdə bu malları nəylə əvəzləyə bilər? Bu mümkün deyil. Bundan başqa, Amerikanın ən çox xarici borcu olan ölkə Çindir. Bu isə o deməkdir ki, müharibə başlasa, dünyanın valyuta sistemi, dollar çökə bilər.
Amerika baş verə biləcəkləri gözəl anlayır. Buna görə də Pelosinin səfər proqramından Tayvanın adını siliblər. Qalan hamısı da siyasi ritorikadır, güc nümayişidir, bunları da dəfələrlə görmüşük.