1 Avqust 2022 18:14
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hazırda dünya tarixi özünün ən mürəkkəb və çətin mərhələlərindən birini yaşamaqdadır. Bir tərəfdən, Yaxın Şərqdən Şərqi Avropaya qədər geniş bir coğrafiyada baş verən müharibələr, digər tərəfdən, pandemiya və onların yaratdığı fəsadlar qlobal siyasi-iqtisadi böhranlara səbəb olmaqla insanların rifahına mənfi təsir göstərir, yaşam şərtlərini çətinləşdirir, milyonlarla insanları yurdundan edərək qlobal miqrasiyaya böhran yaradır".

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, dünyada baş verən hadisələrə nəzər yetirən zaman Azərbaycan sabitlik və inkişaf adası kimi görünür: "Yaşadığımız Cənubi Qafqaz regionunun geostrateji əhəmiyyəti və yeni dünya nizamı paradiqmaları kontekstində Azərbaycanın əldə etdiyi tarixi uğurlar sözün əsl mənasında bir möcüzə sayıla bilər. Belə mürəkkəb hərbi-siyasi şərtlər içərisində cəmi 44 gün davam edən müharibədə tarixi zəfər əldə etmək özlüyündə mühüm tarixi hadisədir. Ancaq buna paralel olaraq işğaldan azad edilmiş ərazilərimizdə durmadan quruculuq işləri həyata keçirmək və böyük qayıdış prosesini başlatmaq da ayrıca bir tarixi hadisədir. Heç şübhəsiz, bütün bunların arxasında üstün strateji ağıl, siyasi qətiyyət, qərarlılıq və böyük uzaqgörənlik dayanır. Azərbaycan illərdir bu nalliyyətlərə hədəflənən düşünülmüş və ardıcıl siyasət həyata keçirərək indiki mərhələyə çata bilib. Şübhəsiz, bu tarixi uğurlarımızın siyasi və iqtisadi tərəfləri var və bunlar biri digərini tamamlayan vahid tamın əsas komponentləridir. Güclü və müstəqil iqtisadiyyat yaratmadan siyasi müstəqilliyi qorumaq olduqca çətindir. Ancaq qətiyyətli siyasi iradə olmadan da müstəqil iqtisadiyyat qurmaq mümkün deyil. Azərbaycan bunu etməyi bacarıb".

Deputat qeyd edib ki, hazırda Azərbaycanın güclü sosial siyasətlə dəstəklənən hərbi-iqtisadi gücü daha da artmaqdadır: "Şübhəsiz, bunlar dərin strateji diplomatiya və uğurlu xarici siyasətlə tamamlanır. Əks təqdirdə Azərbaycan yaratdığı yeni reallıqları dünyaya qəbul etdirə bilməz və bu gün dünyanın enerji və hərbi-siyasi təhlükəsiziliyinin təmin edilməsində mühüm aktorlardan birinə çevrilə bilməzdi. Bu gün ölkəmiz həm Avropa üçün etibarlı və vacib tərəfdaş, həm də regionumuz üçün sülhü təmin edən güclü dövlətdir. Hesab edirəm ki, bütün bunlar milli maraqlarımızın bu günü və gələcəyi üçün strateji əhəmiyyət daşıyır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər