Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasına fəal töhfə verir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayev ümumi dil tapmaq, sülh sazişinin qarşılıqlı məqbul fundamental prinsip və parametrlərinə nail olmaq üçün tərəflərlə müntəzəm məsləhətləşmələr aparır:
“Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası da Rusiyanın vasitəçilik səylərinin mühüm tərkib hissəsidir. Moskvanın bu prosesdə məsləhətçi rolu 26 noyabr 2021-ci il tarixli Soçi üçtərəfli bəyanatında qeyd olunub. Məlum olduğu kimi, mayın sonunda müvafiq ikitərəfli komissiya yaradılıb və iki ölkənin sərhədində Ermənistan və Azərbaycan nümayəndələrinin ilk tanışlıq görüşləri baş tutub.
Biz öz tərəfimizdən hər zaman erməni və azərbaycanlı dostlarımızı Rusiya ərazisində qəbul etməyə hazırıq. Əminik ki, Rusiyanın postsovet məkanında sərhədlərin demarkasiyası baxımından unikal, peşəkar imkanları Ermənistan-Azərbaycan sərhədində və bütövlükdə regionda təhlükəsizliyi əhəmiyyətli dərəcədə gücləndirə bilər.
Güman edirik ki, İrəvan və Bakı müəyyən tədbirlər üçün konkret tarix barədə qərar verəcək”.