5 Avqust 2022 18:15
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni bir vəziyyət yaranıb. 30 illik işğal dövrü geridə qalıb. Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü təmin edib. Artıq müharibə səhifəsi çevrilib. Azərbaycan dövləti dəfələrlə açıq şəkildə bəyan edib ki, müharibə səhifəsini çevirib və yeni bir dövr, qarşılıqlı maraq doğuran məsələlərin həlli naminə regional, geostrateji məsələlərin həlli üçün qarşılıqlı əməkdaşlığa hazırdır. Bunun üçün ölkəmiz tərəfindən Ermənistana beynəlxalq hüququ özündə ehtiva edən 5 maddədən ibarət sülh konsepsiyası təklif edilib. Amma 10 noyabr üçtərəfli razılaşmasının imzalanmasından bu vaxta qədər Ermənistan tərəfi öz öhdəsinə düşən öhdəlikləri icra etmək niyyətində olmadığını nümayiş etdirir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

O hesab edir ki, Ermənistan tərəfi 10 noyabr 2020-ci ildəki üçtərəfli razılaşmadan sonra əldə edilən bütün yazılı və sifahi razılaşmaları icra etmir:

“Qarşı tərəf sanki proseslərin nə vaxtsa onun xeyrinə dəyişəcəyini gözləyir. Bunun üçün də sülh prosesinə maneə olacaq təxribat xarakterli addımlar atır. Eyni zamanda Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan Ordusuna qarşı təxribatlarının şahidi oluruq. Dəfələrlə belə təxribatların qarşısını alan Azərbaycan indi “Qisas” əməliyyatı ilə göstərdi ki, Dəmir Yumruq yerindədir və istənilən vaxt, istənilən yerdə düşmənə layiqli zərbə endirə bilmək gücündədir”.

Professor 10 Noyabr Bəyanatının bəndlərinin bir çoxunun yerinə yetirilmədiyini söyləyib:

“Bu məsələdə rus sülhməramlıları da öz üzərinə düşən vəzifəni icra etməyib. Əslində əraziyə sülhməramlıların yerləşdirilməsi ilə paralel olaraq Qarabağda olan bütün silahlı birləşmələr çıxarılmalı idi. Amma bu proses baş vermədi. Əksinə sülhməramlılar daha çox separatçıları, terrorçuları himayə etməyə başladı. Bununla bağlı Azərbaycan haqlı olaraq üçtərəfli müqaviləyə imza atmış tərəflərə öz etirazını bildirib. Təəssüf ki, prosesdə heç bir irəliləyiş yoxdur. Eyni zamanda Ermənistan üçtərəfli bəyanatda öz üzərinə götürdüyü öhdəliklərdən də boyun qaçırmağa çalışır. Bir çox məsələləri isə Azərbaycanın siyasi, diplomatik təzyiqləri fonunda etməyə məcbur olur. Son proseslər də göstərdi ki, hələ də rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə qalmaqda olan qanunsuz erməni silahlıları ərazidən çıxmaq niyyətində deyil. Əksinə onlar Azərbaycana qarşı təxribatlara da əl atmağa belə “cəsarət” tapırlar. Sözsüz ki, onlara bu “cəsarəti” də sülhməramlılar verir”.

Eldar Quliyevə görə, Qarabağa qayıtmalı olan keçmiş qaçqın və məcburi köçkünlərin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qaytarılması məsələsi də hələ ki icra edilməyib:

“Bu istiqamətdə də heç bir iş görülməyib və əksinə, ermənilər məhz Xocalı ərazisində möhkəmlənməkdə, nələrsə tikmək niyyətində idi. Eyni zamanda Azərbaycanın Qərb rayonları və Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi məsələsində heç bir irəliləyiş yoxdur. Görünən odur ki, Ermənistan bu məsələdə də öhdəliyi yerinə yetirmək istəmir. Paralel olaraq isə Ermənistan bir tərəfdən hərbi təxribat törədir, digər tərəfdən isə sözdə “sülh” istəkləri ilə bağlı mənasız bəyanatlar verir. Azərbaycan Müdafiə Nazirliyi tərəfindən verilən məlumata əsasən 3 avqust 2022-ci il tarixində rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində Ordumuzun bölmələrinin mövqeləri intensiv atəşə məruz qalıb. Bunun nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Məhz bu qanlı insident Ermənistanın üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu əyani şəkildə təsdiq edir. Eyni zamanda münasibətlərin normallaşması istiqamətində atılan addımlara da daha bir zərbə vurulur. Ermənistan bu hərbi təxribatları ilə beynəlxalq vasitəçilərə qarşı da hörmətsizlik etmiş oldu”.

Millət vəkili Azərbaycanın Müzəffər Ordusunun bundan sonra da öz üzərində düşən missiyanı böyük şərəflə icra edəcəyini söyləyib: “Ordumuz ölkə Konstitusiyasını rəhbər tutaraq bundan sonra ərazilərimizdə baş verə biləcək terrora, təxribata qarşı qətiyyətli olacaq. Qarşı tərəf atacağı hər bir təxribat xarakterli addıma görə ağır cəza alacaq və görüləcək əks tədbirlər daha da sarsıdıcı olacaq. Yaxşı olardı ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bundan nəticə çıxarsın”.


Müəllif: Tapdıq Qurbanlı