Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- Məlum oldu kimi, “Mehdinin Xidmətçləri” adlı radikal dini qruplaşma Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücum edib. Bura qədər çoxumuza məlum olmayan bu radikal qruplaşmanın məqsədi nə, kimlərlə əlaqələri ola bilər?
- Biz onların törətdiyi hadisəyə baxdıqda, məlum olur ki, bu, radikal bir qruplaşmadır. Qruplaşma Küveytdə yaradılıb. Bu qruplaşma da Londonda Azərbaycana qarşı belə bir “tədbir” həyata keçirdi. Qruplaşmanın rəhbəri həbs olunmuş şəxsdir. Həmin şəxs iddia edir ki, guya İrana da qarşıdır, yəni onu qəbul etmir.
Sual yaranır ki, qruplaşma Birləşmiş Krallıqda necə fəaliyyət göstərir? Ümumiyyətlə, Qərb belə məsələlərə münasibətdə həssas olmalıdır. Yeri gəlmişkən, təəssüf ki, bəzi müsəlman ölkələrində qadağan olunmuş radikal qruplaşmalar bu gün Qərbin bir sıra ölkələrində fəaliyyət göstərirlər. Hesab edirəm ki, bu qruplaşmaların fəaliyyətlərinin qarşısının alınması yönündə addımlar atılmalıdır.
Qənaətimə görə, belə qruplaşmalar bir-biri ilə bağlıdır. İndi cəhdlər var ki, qruplaşmanın hansısa qurum və ya dövlətlə əlaqəsinin olmadığı sübut edilsin. O özü isə iddia edir ki, bu addımı “Azərbaycanda dindarlara qarşı təqiblər”ə görə atıb. Belədirsə, demək ki, bu qruplaşmalar arasında hansısa formada əlaqələr var.
Dəfələrlə demişəm ki, bu gün – Qarabağdakı zəfərimizdən sonra qarşımızda duran ən vacib məsələlərdən biri dini təhlükəsizliyin təmin olunmasıdır. Son hadisə göstərdi ki, həm xaricdə, həm də ölkə daxilində bu cür qruplaşmaların qarşısının peşəkar formada alınması istiqamətində addımlar atılmalıdır. Din sahəsində çox ciddi islahatlar həyata keçirilməlidir. Azərbaycan daxilində də radikal qruplar və onları dəstəkləyənlər az da olsa var. Aidiyyəti orqanalarımız bunlarla bağlı müəyyən addımlar atıblar.
Amma hesab edirəm ki, atılası addımlar hələ çoxdur. Bu tədbirləri zamanında görməsək, növbəti mərhələrdə bu kimi halların davamlı xarakter alacağına şahid ola bilərik.
Bir müddət əvvəl Bakıda aksiya keçirildi, iştirakçılar iddia edirdilər ki, guya Azərbaycanda dinə təzyiqlər var. Bundan sonra xaricdə belə bir akt törədildi. Hesab edirəm ki, bu kimi hadisələrin bir-biri ilə əlaqəsi olmamış deyil. Baş verənləri ciddi təhlil etməliyik.
- Bəs bu qruplaşmanın dinə baxışı necədir, ənənəvi şiəliklə hansı fərqlər var?
- Hesab edirəm ki, radikal dini çevrələri tamamilə başqa müstəvidə təhlil etməliyik. Belə qruplaşmaların mütləq əksəriyyəti xarici kəşfiyyat orqanlarının nəzarətində və təlimatıyla hərəkət edirlər. Bu birmənalıdır. Reallıq budur ki, əgər bu radikal dini qruplaşmadırsa, hansısa dövlət və ya dövlətlər tərəfindən idarə olunur. Yəni onların dinlə o qədər də əlaqələri yoxdur. Onlar dindən istifadə edərək, müəyyən istiqamətə yönəlmiş insanlardır.
- Bəzi dindarların Azərbaycan daxilindəki fəallıqları da nəzərdən qaçmır. Hətta müəyyən dini çevrələr Bakıda divarlara dini şüarlar yazan bir dindar qadını “mübarizənin simvolu”na çeviriblər. Radikallar da həmin qadının fotosunu Londondakı səfirliyimizdən asmışdılar. Bəs daxildəki bu fəallıq nədən qaynaqlana bilər, bu səylər “dini dövlət” yaratmaq cəhdləridir, yoxsa Azərbaycana qarşı təzyiqdir?
- Onların uzaq perspektivdə əsas hədəfləri Azərbaycanda dini dövlət qurmaqdır. Hazırkı mərhələdə isə baş verənlərə regionda cərəyan edən hadisələr fonunda baxmaq lazımdır. Azərbaycanın müstəqil siyasət yürütməsi, güclənməsi və bölgədə söz sahibi olması bir sıra dairələri ciddi şəkildə narahat edir. Burada bir neçə dövlət Azərbaycana qarşı müştərək hərəkət edir. Buna görə də bir həddindən artıq diqqətli olmalıyıq.
Hesab edirəm ki, bu gün Azərbaycandakı proseslərə ən ciddi təhdid və təhlükə din sahəsindəndir, yəni dini radikalizmdəndir. Biz çox çevik və operativ islahatlar həyata keçirməliyik və bu hadisələrin qarşısını vaxtında almalıyıq.
- Ümumiyyətlə, Azərbaycanda dini dövlətin yaradılması perspektivi varmı? Yəni radikallar burada nə görüblər ki, belə bir xülyaya düşüblər?
- Bütün radikal dini təriqətlərin əsas hədəf və məqsədi olduqları ölkələrdə dini dövlət yaratmaqdır. Bu istisnasızdır. Deyirlər ki, Azərbaycanda dindarlıq, burada onların dəstəkçiləri azdır. Bu da yalnış fikirdir. İranda dindarla hakimiyyətə gələndə heç də xalqın böyük əksəriyyəti onları dəstəkləməmişdi. İran ora qədər dünyəvi dövlət idi. Yəni din çox ciddi amildir, çox ciddi gücdür. Dinə elə-belə baxmamalıyıq, çox ciddi yanaşmalıyıq. Birmənalı olaraq, həm region ölkələrindəki, həm də öz daxilimizdəki radikal qrupların yekun marağı ondan ibarətdir ki, burada istədikləri dövləti qursunlar.
- Ortada kənardan boynuna kəndir salınmış bir “Kərimə dövlət” xülyası da gəzdirilir. Maraqlıdır: “Kərimə dövlət” nə deməkdir?
- Bununla bağlı da müxtəlif fikirlər və yanaşmalar var. Bu məsələyə daxil olsaq, çox mətləblərdən danışmalı olacağıq. Ümumiyyətlə, baş verənlərə regionda cərəyan edən hadisələr fonundan baxmalıyıq və təhlil etməliyik. Söhbət ondan gedir ki, bir sıra dövlətlər və dairələr hesab edirlər ki, tarixdə Azərbaycan adlı dövlət olmayıb, hansısa imperiyanın daxilində olub, bu gün də elə olmalıdır. Belə hallara baxdıqda bu iddiaların və məsələlərin ön plana çıxdığını görürük. Ona görə də bundan sonra belə müzakirələr daha çox olacaq.