5 Avqust 2022 18:30
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqust ayının 3-də Şanlı Azərbaycan ordusu Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törəntdiyi qanlı insidentə cavab olaraq, Qisas əməliyyatı həyata keçirdi. Nəticədə, düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası zərərsizləşdirildi. Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər ordumuz tərəfindən nəzarətə götürüldü. Müzəffər ordumuzun həyata keçirdiyi qisas əməliyyatları ilə bir daha göstərdi ki, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazilərində terrorun, separatçılığın kökü nəyin bahasına olursa olsun, kəsiləcək.

Bunu Teleqraf.com-a Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

O qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinə əsasən Qarabağda yerləşmiş qeyri-qanuni erməni silahlı birləşmələri bölgədən çıxarılmalı və Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi: “Lakin, Bəyanatın imzalanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan tərəfi Bəyanatın şərtlərinə əməl etmir və bununla da sülh prosesindən yayınır. Xatırladaq ki, Prezident İlham Əliyev cari ilin altı aylıq yekunlarına dair müşavirədə də bu məsələni xüsusilə qeyd edərək Ermənistan tərəfinə xəbərdarlıq etmişdi. Ölkə başçisi vurğulamışdı: “Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”. Bu baxımdan deyə bilərik ki, şanlı Azərbaycan ordusunun həyata keçirdiyi “Qisas” antiterror əməliyyatı mahiyyət etibarı ilə Ermənistana tutarlı bir cavab idi. Ümid edək ki, Ermənistan tərəfi vəziyyəti düzgün qiymətləndirər və sülh prosesində konstruktiv mövqe nümayiş etdirər. Əks təqdirdə nəticə bütün dünyanın gözü qarşısındadır”.

Millət vəkili hesab edir ki, mövcud vəziyyət qarşısında Ermənistanla yanaşı, vasitəçilər də məsuliyyət daşıyır:

“Ermənistan məcburi olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırsa, vasitəçilər onu buna məcbur etməlidir. Ona görə ki, sülh prosesində Azərbaycanın irəli sürdüyü 5 prinsipi Ermənistan tərəfi qəbul etmiş və bunu dünya ictimaiyyəti qarşısında da etiraf edilib. Faktiki olaraq, sülh danışıqlarının başlanması üçün əsas yaradılıb. Bütün bunlara baxmayaraq, avqustun 3-də baş verən qanlı insident bir daha onu göstərdi ki, Ermənistan tərəfi öhdəliklərini yerinə yetirməməklə prosesə xələl gətirməyə davam edir. Baş verənlərin bütün məsuliyyətini Ermənistan və oradakı revanşist qüvvələr daşıyır. Onlar birmənalı olaraq, anlamalıdırlar ki, avqustun 3-də olduğu kimi şanlı Azərbaycan ordusu hər bir şəhidin qısasını hər zaman ən ağır şəkildə alıb və bundan sonra da belə olacaq”.

Tamam Cəfərova bir daha Laçın rayonu istiqamətində şəhid olan hərbçimizə rəhmət, onun ailəsinə və yaxınlarına səbir diləyib: “Ordumuzun gördüyü müvafiq tədbirlərlə şəhidimiz Anar Kazımovun qisası dərhal, qətiyyətlə və misli ilə alınıb”.


Müəllif: Tapdıq Qurbanlı