Dəfələrlə Ermənistanın və bu məsələdə vasitəçi olan ölkələrin nəzərinə çatdırılmasına baxmayaraq qarşı tərəf öz revanşist hərəkətlərinə son vermir. "Biz qalib ölkəyik, ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan öz silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaq istəmirsə, qoy bunu bizə açıq desinlər ki, biz nə edəcəyimizi bilək. Bizim cavabımız necə olacaq. Bunu indi demək, yəqin ki, yersizdir”, - bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 15-də bu ilin birinci yarısının yekunlarına həsr olunan müşavirədə bildirib. Bu, öhdəliklərini yerinə yetirmək istəməyən Ermənistan rəhbərliyinə çox konkret, aydın mesaj idi. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanatın konkret bəndindən gedir. "Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir", - məlumatda deyilir. Bu bəyanatın imzalanmasından 20 aydan çox vaxt keçir və bu müddət ərzində biz dəfələrlə Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan Ordusuna qarşı təxribatlarının şahidi olmuşuq.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Professora görə, dəfələrlə belə təxribatların qarşısını alan Azərbaycan indi “Qisas” əməliyyatı ilə göstərdi ki, istənilən vaxt, istənilən yerdə düşmənə zərbə endirə bilər:
“Biz görürük ki, 10 Noyabr Bəyanatının imzalanmasından keçən dövr ərzində bir çox bəndlər yerinə yetirilməmiş qalır. “Sülhməramlı kontingentin erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsi”, “Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən 5 km enində yeni yolun inşası və rus hərbi kontingentinin oraya köçürülməsi” bəndləri reallaşmayıb. Azərbaycan tərəfi yolun inşasını demək olar, başa çatdırıb. Ancaq nə ermənilər həmin ərazilərdən çıxmayıblar, nə də rus hərbçiləri Laçın dəhlizindən çəkilməyiblər. Eləcə də “Daxili məcburi köçkünlər və qaçqınların Qarabağ və Şərqi Zəngəzur ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qaytarılması” bəndi icra edilməyib. Bu istiqamətdə də heç bir iş görülməyib və əksinə, ermənilər məhz Xocalı ərazisində möhkəmlənmək niyyətindədir. Eyni zamanda Naxçıvanla Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizi məsələsində də heç bir irəliləyiş yoxdur. Görünən odur ki, Ermənistan tərəfi bu öhdəliyi də yerinə yetirməyə hazırlaşmır”.
Millət vəkili hesab edir ki, üçtərəfli razılaşmanın əksər bəndləri yerinə yetirilməyib, ya da yarımçıq yerinə yetirilib:
“İcra edilmiş məsələlər isə Azərbaycan tərəfinin təzyiqləri və prinsipiallığı, qətiyyəti sayəsində baş verib. Bununla yanaşı Ermənistan hərbi təxribatlarını da davam etdirir. Digər tərəfdən isə biz qarşı tərəfin “sülh” istəkləri ilə bağlı bəyanatlarını da eşidirik. Amma bunun fonunda 3 avqust 2022-ci il tarixində rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun bölmələrinin mövqeləri intensiv atəşə tutulub. Nəticədə hərbi qulluqçu əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Ermənistan məhz bu davranışı ilə bir daha üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu nümayiş etdirib”.
Hicran Hüseynova rəşadətli Ordumuzun ərazilərimizi, təhlükəsizliyimizi, sərhədlərimizin bütövlüyünü daim təmin etməyə hər an hazır olduğunu söyləyib:
“Azərbaycanı “aqressiv fəaliyyətdə” ittiham edən Ermənistan hərbi birləşmələri 30 ilə bizim tarixi torpaqlarımızı işğal etmiş bu ərazilərdə vandalizm aktı törədib. Azərbaycan dəfələrlə bildirib ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Müdafiə Nazirliyi Konstitusiyamızı rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacağını açıqlayıb. Bu isə ədalətli cəzadır”.