7 Avqust 2022 13:40
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 4-də bir qrup dini radikal dəstə Azərbaycanın Londondakı səfirliyinə hücum edərək, səfirlik binasına zorla daxil olub, binanın eyvanında dini bayraqlar qaldıraraq radikal şüarlar səsləndirib, beynəlxalq hüququ kobud şəkildə pozaraq vandalizm aktı törədib. Qrupun Azərbaycan səfirliyinin binasına hücumu və onu ələ keçirməsi həm yerli, həm də beynəlxalq hüquqa əsasən cinayət sayılır. Səfirlik, konsulluq və başqa bu tip diplomatik nümayəndəliklərin fəaliyyəti 1961-ci il aprelin 18-də qəbul edilmiş “Diplomatik münasibətlər haqqında” Vyana Konvensiyası ilə tənzimlənir. Konvensiyanın 22-ci maddəsində yazılıb: “Nümayəndəliyin binaları toxunulmazdır. Qəbul edən dövlətin hakimiyyət orqanları nümayəndəlik rəhbərinin razılığı olmadan bu binalara daxil ola bilməzlər”. Binaya hücum bir dövlətin ərazisinə qanunsuz soxulmaqdır. Bu, Azərbaycanın dövlət sərhədini qanunsuz keçərək, ölkə ərazisində iğtişaş yaratmağa, qadağan olunmuş mövzularda təbliğat aparmağa bərabər tutula bilər.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova açıqlamasında belə deyib.

Onun fikrincə, vandalizm aktının həssas bir dönəmdə "Qisas" əməliyyatından dərhal sonra törədilməsi bir daha sübut edir ki, ölkəmizin artan nüfuzu və dünya miqyasındakı gücü anti-Azərbaycan qüvvələrini xeyli dərəcədə narahat edir: “Azərbaycanın dinamik inkişafı, dünya birliyində mövqelərini möhkəmləndirməsi dostları nə qədər sevindirsə də, düşmənlərimizi o qədər pərişan edir. Bütün istiqamətlər üzrə ölkəmizin yüksəlişindən narahatlıq keçirən müəyyən qüvvələrin anti-Azərbaycan hərəkətlənməsi müşahidə olunur”.

Millət vəkili hesab edir ki, Ermənistandakı revanşist qrupların “fəallaşması”, cəbhədəki təxribatlar da məhz bu “hərəkətlənmənin” tərkib hissəsidir: “Bu təxribatlara Azərbaycanın cavabı gecikmədi, düşmən layiqincə cəzalandırıldı. Növbəti dəfə dövlətimizin və ordumuzun qüdrəti bütün dünyaya nümayiş etdirildi. Bundan lazımi dərs almayan bəzi qüvvələr tərəfindən dövlətimiz növbəti dəfə ölkə xaricində hədəf alındı. Londonda Azərbaycan səfirliyinə edilən hücum respublikamızın uğurlarını qısqanclıqla qarşılayan qüvvələrin, əslində əsəb göstəricisi idi. Radikal qruplaşmanın əli və dili ilə edilən təxribatın hədəfi qalib, müstəqil və tolerant Azərbaycandır. Həmin qüvvələrin törətdikləri təxribat növbəti dəfə fiaskoya uğradı. Əminik ki, qısa bir zaman ərzində vandalizm aktına hüquqi qiymət veriləcək və təxribat törədən ünsürlər layiqli cəzalarını alacaqlar. Din adından sui-istifadə edən qruplaşmaların vaxtaşırı təxribat cəhdlərini görmüşük. Amma reallıqlar dəyişmir. Gerçəklik isə budur ki, bu cür təxribatlarla Azərbaycanın müstəqil və prinsipial siyasətinə əngəl yaratmaq, ölkəni hansısa güzəştə məcbur etmək mümkün deyil. "Din" amilindən istifadə edərək ölkə daxilində çaxnaşma, qarşıdurma yarada bilməzlər. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri, bütün dinlərin mənsubları sülh, anlaşma şəraitində, mehriban birgəyaşayışa malikdirlər. Vətən müharibəsi zamanı və sonrakı dönəmdə göstərilən birlik, həmrəylik bunun bariz nümunələrindəndir, həmrəylik sarsılmazdır”.

Tamam Cəfərovaya görə, Azərbaycanın dünya miqyasında tolerant və multikultural imicini zədələmək qeyri-mümkündür: “Ölkədə və respublikamızın hüdudlarından kənarda tarixi, dini abidələrin inşası, təmiri və bərpası, Azərbaycanda dini, humanitar məsələlərlə əlaqədar forumların, tədbirlərin keçirilməsi və digər amillər bu reallığın bariz nümunələridir. Bu baxımdan heç bir radikal ünsür dəstəsi törətdiyi təxribatla ölkəmizin inkşafına kölgə sala bilməz və birliyimizə xələl gətirə bilməz. İnkşafımızı gözü götürməyən qüvvələr tərəfindən törədilən hər bir təxribat birliyimizi daha da gücləndirir. 30 illik müstəqillik tariximizdə dəfələrlə üzləşdiyimiz təhdid, terror və təxribat hadisələrinə qarşı Azərbaycan dövlətində kifayət qədər siyasi və hərbi immunitet formalaşıb və istənilən halda belə cəhdlərin qarşısı qətiyyətlə alınacaq. Son 30 ildə qazandığımız iki ən böyük qələbəni müstəqilliyimizi və Vətən müharibəsindəki qələbəmizi heç kimə və heç nəyə güzəştə getməyəcəyik. Çünki bu qələbələr xalqımızın qanı bahasına qazanılıb və qanımızla-canımızla da qoruyacağıq”.

"Azərbaycanın milli atributuna həqarət edənlər, radikal qruplar və onları himayə edənlər unutmasınlar ki, müstəqilliyimizin rəmzi, gücümüzün, qüdrətimizin ifadəsi olan üçrəngli bayrağımız ən yüksək zirvədə, o cümlədən işğaldan azad etdiyimiz Qarabağda qürurla dalğalanır və daim dalğalanacaq. Heç bir qüvvə, hər hansı bir cəhd bu reallığı dəyişə bilməz! Azərbaycanda mövcud olan xalq-iqtidar birliyi istənilən təxribatın qarşısını qətiyyətlə almağa qadirdi. Bunu hamı bilməlidir ölkənin daxilində də, xaricində də. Bu gün müqəddəs və şanlı Azərbaycan bayrağı dünyanın ən ali zirvələrində qürurla dalğalanır", - deyə əlavə edib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər