Son dövr elə hadisə olmayıb ki, hansısa radikal və qeyri-radikal qrup gəlib bir ölkənin səfirliyinə daxil olsun. Hansısa səfirliklərə qarşı biz zaman-zaman silahlı basqınların, terrorun olduğunun şahidi olmuşuq. Amma radikal dini bir qrupun Azərbycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasına hücum etməsi heç bir halda qəbul edilən hal deyil. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Eyni zamanda bu, diplomatlara qarşı olan bir terror hadisəsidir. Çünki səfirliklərdəki diplomatlar beynəlxalq konvensiyalara uyğun fəsaliyyət göstərir və onların təhlükəsizliyinə də zəmanət verilir. Ölkəmizin Londondakı səfirliyinin binasına daxil olan radikal dini qrupun vandalizm aktı törədərək binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndirməsi Azərbaycanın milli atributlarına qarşı olan davaranışları beynəlxalq hüquqa, ölkələrin suverenliyinə qarşı olan təhdiddir. Ümumiyyətlə bu cür davranış heç bir halda qəbul edilmir. Çünki diplomatik nümayəndəliyin təhlükəsizliyi yerləşdiyi ölkə tərəfindən təmin edilir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor hesab edir ki, Böyük Britaniya ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlər mövcuddur:
“Ölkəmizlə Birləşmiş Krallıq arasında münasibətlərin tarixi əlaqələr üzərində bugünkü inkişafını hər kəs görür. Eyni zamanda Avropada özünün inkişafı, nizam intizamı ilə seçilən Böyük Britaniyada bu cür halın başa verməsi heç bir məntiqə sığmır. Amma bununla yanaşı bu gün dünyada mövcud olan bir çox radikal dini qrupların mərkəzi ofisi Böyük Britaniyada, Londonda yerləşir. Xüsusən də radikal islam dini qruplaşmalarına burada daha çox rast gəlinir. Amma sözsüz ki, bu təşkilatlar daimi olaraq dövlətin nəzarətindədir. Bu gün heç kəs deyə bilməz ki, gedib orada dövlət qeydiyyatından kənar hansısa bir mərkəz aça bilsin. Ümumilikdə isə Azərbaycan diplomatiyası tarixində belə bir hal yaşanmayıb. Fransa kimi ölkələrdə Azərbaycana və digər müsəlman ölkələrinin səfirlikərinə qarşı bu cür halları biz müşahidə etmişik”.
Deputatın fikrincə, İslam dini və şiəlik adı altında bölücülüyə, radikalizmə xidmət edən və dağıdıcı mövqedən çıxış edən qruplaşmaların fəaliyyəti absurddur:
“Azərbaycan İslam ölkəsi kimi hər zaman dini dəyərlərə ən yüksək səviyyədə münasibət olub. Ölkəmizdə heç kəs dini mənsubiyyətinə və inancına görə təqib edilməyib. Hər kəs sərbəst şəkildə özünün inancına uyğun heç bir təsir və təzyiqə məruz qalmadan ibadətini icra edir. Məhərrəmlik ayının isə ümumiyyətlə İslamda hamı tərəfindən böyük hörmət və ehtiramla qeyd edilməsi ənənəsi Azərbaycanda da davam etdirilir. Bu gün qardaş Türkiyədə belə Məhərrəmlik xüsusi olaraq qeyd olunur. Çünki Məhərrəmlik ayında şəhid olan İmam Hüseyn Məhəmməd Peyğəmbərin nəvəsi Əli Əleyhisalamın oğludur. İmam Hüseyn öz şəhadəti ilə bütün dünyaya sübut etdi ki, şəhidlik ən yüksək zirvədir. Bu bütün insanlıq üçün öz amalları, ideyası, vətəni, torpağı, dini uğrunda bir örnək hesab edilir. Bütün bunların fonunda Londondakı səfirliyimizə qarşı məhz dini radikalların hücumu və dövlət atributlarımıza qarşı hörmətsizliyi heç bir halda qəbul edilmir. Bu iyrənc hadisəni törədən təşkilatın mərəzi ofisinin Küveytdə yerləşdiyi bildirilir. Amma çox təəssüflər olsun ki, Küveyt bu məsələ ilə bağlı mövqe bildirməyib. Amma bu ölkə ilə də Azərbaycan arasında olan münasibətlər normal səviyyədədir. Sözsüz ki, bu terror təxribat hadisəsinə Azərbaycana dost, qardaş olan ölkələrdən tez bir zaman reaksiya verildi. Qardaş Türkiyə bu təxribatı kəskin şəkildə pislədi. Eyni zamanda Rusiya, Qazaxıstan, İran və digər ölkələr bu təxribata açıq şəkildə öz etirazlarını ifadə etdilər. Çünki Londonda ölkəmizin səfirliyinə hücum və bayrağımıza qarşı vandalizm hərəkəti Azərbaycana düşmən qüvvələr tərəfindən hazırlanaraq məqsədli şəkildə həyata keçirilən genişmiqyaslı təxribatın tərkib hissəsi idi. Təxribatın bir ölkə və ya təşkilat tərəfindən deyil, Azərbaycana düşmən kəsilən güclər, ölkələr tərəfindən hazırlanaraq həyata keçirildiyi şübhəsizdir. Bu hər hansı təşkilatın təkbaşına keçirdiyi təxribat deyil. Bütün bunlar Azərbaycanın 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallığın, bölgədə real güc faktoruna çevrilməsinin qarşısını almaq üçün edilən təxribat cəhdləridir. Eyni zamanda bu cür təxribatlar Azərbaycanın xarici siyasətdə və Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində əldə etdiyi uğurlar, bölgədə dayanıqlı sülhün, sabitliyin və inkişafın təmin olunması istiqamətindəki fəaliyyətinə əngəl törətmək üçün edilən terror aktıdır. Görünür bu cür təxribatlarla Azərbaycanın təkcə özünün deyil, bütövlükdə regionda sabitliyin, təhlükəsizliyin, sıx əməkdaşlığın formalaşdırılması istiqamətində həyata keçirdiyi siyasətin, təşəbbüslərin qarşısını almaq istəyənlər var”.
Eldar Quliyevə görə, Azərbaycanın Avropa İttifaqı ilə son zamanlar əldə etdiyi uğurlar bir çoxlarını ciddi şəkildə narahat edir:
“Eyni zamanda məqsədləri Azərbaycan cəmiyyətində yaranan həmrəyliyi, birliyi pozmaq, əldə etdiyi uğurlara kölgə salıb, istənilən vasitələrdən istifadə edib daxildə ictimai-siyasi sabitliyi pozub qarşıdurma yaratmaqdır. Böyük Britaniya ilə Azərbaycan arasındakı sıx strateji əməkdaşlığı, enerji sahəsində, o cümlədən 44 günlük İkinci Qarabağ müharibəsində Londonun Bakını dəstəkləməsi yaddan çıxmayıb. Hətta ermənilər iddia edirdi ki, 44 günlük müharibənin gedişində BMT Təhlükəsizlik Şurasının toplantısında Azərbaycan əleyhinə qərar qəbul edilməsinə qarşı çıxan ölkə məhz Böyük Britaniya olub. Digər tərəfdən Böyük Britaniya Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaya görə lider ölkə siyahısındadır. Bu baxımdan da Azərbaycana qarşı məkirli planı hazırlayan qüvvələr təxribatı Londonda törətməklə Azərbaycan-Böyük Britaniya münasibətlərini pozmağı və münasibətlərdə soyuqluq yaratmağı düşünürlər. Bu cür hadisələr Azərbaycan cəmiyyətini diqqətli və təmkinli olmağa, təxribatların təsiri altında cəmiyyətdə həmrəyliyin, birliyin pozulmasına yönəlmiş addımlardan uzaq durmağı zəruri edir”.