Dövlət başçısının ötən gün verdiyi açıqlama kifayət qədər aydın, səlis dəqiqdir. Bu, Ermənistana və onun havadarlarına verilən açıq bir mesaj idi. Bir daha vurğulandı ki, heç bir “statusdan” və digər “üstünlüklərdən” söhbət gedə bilməz. Qarabağ Azərbaycan ərazisidir. Burada baş verən proseslər ölkəmizin daxili işidir və heç kim də bura qarışa bilməz.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Komitə sədrinə görə, bu gün Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşı kimi yaşamaq statusu ala bilər:
“Dövlət başçısı da bununla bağlı açıq şəkildə mövqeyini ortaya qoyub. Bu insanların təhlükəsizliyinə Azərbaycan dövləti tərəfindən tam təminat verilir. Amma Azərbaycan ərazisində cinayət törətmiş, qanunsuz olaraq məskunlaşmış ermənilər ərazimizi tərk etməlidir. Eyni zamanda hələ də ərazimidə qalmaqda olan qanunsuz silahlı birləşmələr ərazimizdən çıxmalıdır. Məhz “Qisas” əməliyyatından sonra bir xeyli qanunsuz silahlı dəstələr ərazimizdən çıxarılıb”.
Komitə sədri hesab edir ki, bu siyasət bundan sonra da davam edəcək: “Azərbaycanın əldə etdiyi uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində mümkün olur. Sözsüz ki, bu proseslər öz məntiqi sonluğuna gəlib çatacaq. Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Xankəndi, Xocalı və digər ərazilərimizlə bağlı qalan məsələlər də qısa zamanda öz həllini tapacaq. Laçın dəhlizi ilə bağlı məsələ də artıq öz həllini tapır. Erməni tərəfi əvvəl bu məsələni də uzatmağı düşünürdü. Amma “Qisas” əməliyyatından sonra buna məcbur oldular. Görünür bunlarla ancaq təzyiq və güc dilində danışmaq lazımdır. Çünki onlar çox vaxt diplomatik dili anlamırlar”.
Ziyafət Əsgərov Zəngəzur dəhlizinin açılması məsələsinə də aydınlıq gətirib: “Reallıq indi elədir ki, Ermənistan Zəngəzur yolunun açılmasına heç cür etiraz edə bilməz. Dövlət başçısı da bununla bağlı bəyanat vermişdi ki, Azərbaycan bu məsələnin sülh yolu ilə həllini istəyir. Amma Ermənistan buna da maneə olsa bu məsələ başqa cür öz həllini tapacaq. Ümumilikdə hər bir halda Zəngəzur dəhlizi məsələsi həll olunacaq. Bununla da Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında gediş-gəliş yaranacaq”.