17 Avqust 2022 09:05
1 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq diplomat, politoloq Fikrət Sadıqov Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Son zamanlarda İrandan Ermənistana dəstəyin artmasına adekvat olaraq, Zəngəzur dəhlizinə etiraz da yüksəlir. Azərbaycan və Türkiyənin isə bu məsələyə münasibət bəllidir. Bəs Rusiya bu dəhlizin açılmasında maraqlıdırmı?

- İranın mövqeyi bəllidir. Bildiyiniz kimi, Azərbaycanla İran arasında müəyyən razılıq var ki, yeni bir dəhliz açılsın. Ola bilsin ki, Zəngəzur dəhlizi İranın maraqlarına cavab vermir. Çünki bu, bir növ İrana alternativ yoldur. Amma İran öz maraqları ilə yanaşı başa düşməlidir ki, ortada üçtərəfli bəyanat var. Ermənistan həmin sənədi imzalamaqla bu dəhlizin açılmasına dair üzərinə öhdəlik götürüb. İran isə dəhlizin açılmasına ehtiyatla yanaşır. Düşünürəm ki, bu dəhlizin açılması mütləqdir, İran buna maneə yarada bilməyəcək.

- Rusiyanın Ermənistanın İranla sərhədindəki qüvvələrinin sayını atırması, təhlükəsizlik tədbirlərini gücləndirməsi nə ilə əlaqəli ola bilər? Məsələn, İran niyə buna etiraz etmədiyi halda Azərbaycana “dişini” göstərməyə çalışır?

- Rusiyanın mövqeyi və siyasi prioritetləri aydındır. Rusiya burada mövqelərini möhkəmləndirmək məqsədilə bütün o nöqtələrdə qalmaq fikrindədir. Hesab edirəm ki, Rusiyanın Ermənistan-İran sərhədindəki qoşunlarını artırması və gücləndirməsi bu məsələ ilə bağlıdır. Yaddan çıxarmayaq ki, Rusiya-İran münasibətləri çox yaxındır. Bir çox hallarda Tehran və Moskvanın Cənubi Qafqazda mövqeləri üst-üstə düşür.

Əlbəttə, Azərbaycanın çoxvektorlu diplomatik addımları bizə müəyyən uğurlar qazandıra bilir. Təbii ki, Rusiyanın Ermənistan-İran sərhədindəki addımları öz maraqlarının təmin edilməsi yönündə atılır. Bizim də öz prioritetlərimiz var. Bunlar indiki məqamda Laçın şəhəri, Zabux və Sus kəndlərinin qaytarılması, Zəngəzur dəhlizinin açılması və digər məsələlərlə bağlıdır.

Elə addımlar atacağıq ki, baş verənlər bizə maneə yaratmayacaq və öz yolumuzda irəliləyəcəyik, buna əminəm.

- Ümumiyyətlə, İran Zəngəzur dəhlizinin açılmasının və bölgədə digər irimiqyaslı layihələrin həyata keçirilməsinin önündə maneədirmi?

- “Maneə” deyəndə, ola bilsin ki, bu dəhliz onların maraqlarına cavab vermir. Burdan irəli gələn bir sıra məsələlər var. Məsələn, bir var - maraqlara cavab vermir və buna görə problem yaradılır, bir də var – maraqlara cavab vermir, amma problem də yaradılmır.

İran bölgədə özünü “regional güc” hesab edir. Həm də hesab edir ki, Cənubi Qafqazda mövqelərini gücləndirməlidir. Əlbəttə, burada bizdən, incə diplomatik addımlarımızdan da çox şey asılıdır. Biz İranla münasibətlərimizi elə qurmuşuq ki, bu məsələ onun maraqlarına uyğun gəlməsə də, problem yaratmasın. Düşünürəm ki, istəyimizə nail ola biləcəyik.

- Avropa Birliyinin növbəti dəfə Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirəcəyi açıqlandıqdan sonra Rusiyadan da bir mesaj gəldi. Kremldən verilən açıqlamada liderlərin Moskvada görüşünün keçiriləcəyi bildirildi. Sizcə, gözlənilən bu iki görüşdən hansı məhsuldar ola bilər? Məsələn, Moskva Brüsseli qabaqlamaq üçün Ermənistanı konkret addımlar atmağa məcbur edə bilərmi?

- Görünən budur ki, Qərblə Rusiya arasında Cənubi Qafqaz uğrunda mübarizə gedir. Təbii ki, biz Brüsselə üstünlük veririk. Çünki bundan əvvəl Brüsseldə keçirilən görüşlər prosesin müəyyən qədər yumşalmasına gətirib çıxara bildi.

Amma bir reallıq da var ki, Azərbaycanla Ermənistanı bərabərləşdirmək olmaz. İstər Moskva, istər Brüssel, istərsə də Vaşinqton olsun, bu iki ölkəyə eyni çərçivədən baxmamalıdır. Çünki burada vaxtilə işğala məruz qalan biz olmuşuq. İndi də müəyyən ərazilərimizdə Yaxın Şərqdən köçürülmüş ermənilər yaşayır. Hələ də müəyyən ərazilərimizdə yerləşdirilmiş qanunsuz silahlı dəstələr çıxarılmayıb.

Bir sözlə, görüşün Brüssel və ya Moskvada keçirilməsindən asılı olmayaraq, hər iki tərəf prosesə sağlam gözlə baxmalıdır, məsələyə obyektiv yanaşılmalıdır. Bizi bərabərləşdirməməlidirlər. Bu görüşlər uzun çəkə bilər. İndiyədək Brüsseldə bir neçə görüş keçirilib. Bundan sonra da bir neçə görüş keçirilə bilər. Amma bizim üçün əsas göstərici və meyar nəticədir.

Təəssüf ki, hələlik ciddi nəticə görünmür. Yerdə qalan məsələləri biz özümüz həll edirik. Yəni strateji yüksəkliklərə nəzarəti bərpa edirik, öz şərtlərimizi irəli sürürük, qanunsuz silahlılar ərazilərimizdən çıxmalıdır. Laçın şəhəri, Zabux və Sus kəndləri müəyyən edilən vaxtda qaytarılmalıdır, Laçın dəhlizi ilə bağlı məsələ həllini tapmalıdır, qənaətimə görə, artıq bu proses sona doğru yaxınlaşır.

Hesab edirəm ki, bu görüşlərdə ermənilərə təzyiq edilməsə, yenə də prosesi pozmağa çalışacaqlar.

- Ermənistan və Rusiya arasında gərginlik də hiss olunur. Rusiyadan verilən son rəsmi açıqlamaların əksəriyyəti Ermənistana xəbərdarlıq xarakterindədir. Bu gərginlik nədən irəli gələ bilər?

- Bu gərginlik ondan irəli gəlir ki, Rusiya Ermənistana öz nəzarətində saxladığı bir ərazi kimi qəbul edir. İrəvanda bunu başa düşürlər. Çünki Ermənistanın iqtisadi və enerji sektorları, o cümlədən, dəmir yolu və nəqliyyat şəbəkəsi və sair Rusiyadan asılıdır. Paşinyan isə hakimiyyətə gəldikdən sonra Ermənistanın üzünü Qərbə döndərməyə başladı. O, hakimiyyətə də qərbyönümlü şüarlar səsləndirərək gəlib. Moskvadan Paşinyana xəbərdarlıq etdilər ki, sən onlarla ünsiyyətdə ola bilərsən, amma kimdən asılı olduğunu yaddan çıxarma. Görünür, İrəvan bu xəbərdarlıqları dərk edir. Çünki son zamanlarda istiqamətini dəyişib.

Paşinyan hər dəfə Qərblə Rusiya arasında çabalayanda Moskva ona mesajlar göndərir. Paşinyan hökuməti də bunu qəbul etməyə məcburdur. Amma bunlar bizi o qədər də maraqlandırmamalıdır. İrəvan istər Brüsselə, istərsə də Moskvayla dostluq etsin – biz bütün ərazilərimizdə suverenliyimizi tam bərpa etməliyik.

Ermənistan da anlayır ki, biz bir qarış torpağımızı da güzəştə getməyəcəyik. İrəvan anlamalıdır ki, bütün vasitələrdən istifadə edərək, torpağımızın hər qarışı uğrunda mübarizə aparacağıq və hədəflərimizə nail olacağıq.

- Bəs Moskvada gözlənilən görüş ərəfəsində Ermənistan və Rusiya arasındakı gərginlik prosesə Azərbaycanın maraqları baxımından müsbət təsir göstərə bilərmi?

- Bu, yenə də Qərbə yaxınlaşmağa çalışan İrəvana Moskvanın mesajıdır. Ümumiyyətlə, hansısa görüşdən dərhal sonra nəticə gözləmək düzgün deyil. Biz görüşürük, çünki diplomatik yollardan imtina etmirik. Baxmayaraq ki, qələbə qazanmışıq və torpaqlarımızı işğaldan azad etmişik, amma diplomatik addımlardan imtina etmirik. İrəvan danışıqlara getməyə məcburdur. Əlbəttə, Ermənistan Rusiyadan kömək istəyir.

Ermənistan elə bilirdi ki, Rusiya öz ərazilərini işğaldan azad etmək istəyən Azərbaycana mane olacaq. Amma Ermənistan yanıldı, indi isə başa düşür ki, Moskvadan asılı olan bir ölkədir. Biz bu görüşə gedirik, İrəvan da Moskvaya getməyə məcburdur. İndi bu görüşdən dərhal sonra ciddi nəticələrin olacağını desəm, yanılaram. Nəticənin olub-olmayacağını zamana buraxmaq lazımdır. Zamanla hər şey bəlli olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər