18 Avqust 2022 15:55
2 660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş Laçın dəhlizi istiqamətində olan yolun strateji əhəmiyyəti olduqca böyükdür. Bu yol həmişə işlək olub. Qarabağı birləşdirən logistik magistral kimi də əhəmiyyəti çoxdur. Bu yol Şuşaya gedən marşurutla, yüksəkliklərlə bağlıdır. Yolun ətrafında çoxlu sayda yaşayış məntəqələri var. Ümumiyyətlə bu cür strateji yüksəkliklər Azərbaycan üçün olduqca vacibdir.

Bunu Teleqraf.com-a ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

O hesab edir ki, Laçın dəhlizinin 5 km-lik enində rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazi tam şəkildə Azərbaycanın nəzarətinə keçir:

“Azərbaycan dövləti bu məsələdə çox düzgün qərar qəbul edib. Laçın dəhlizinə alternativ yolun çəkilməsi vacib idi. Bununla da rayonun tam Azərbaycanın tabeçiliyinə keçməsinə imkan yaranır. Bu yolun Azərbaycan üçün imkanları genişdir. Kəlbəcərə, Şuşaya getmək üçün Zəfər yolundan istifadə edilirdi. Qubadlı istiqamətindən keçməklə rus sülhməramlılarının nəzarətində olan yoldan istifadə olunurdu. Eyni zamanda bununla Laçın dəhlizi anlayışı sıradan çıxır. Bu artıq bir yol olacaq. Yolun üzərində olan keçidlərdən də yararlanmaq imkanı yaranacaq. Qarabağa gedib-gələn ermənilər isə yeni Laçın yolundan istifadə edəcəklər. Yeni Laçın yolu isə yaşayış məntəqələrindən bir qədər uzaq keçir”.

Ekspertə görə, Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsi siyasi, iqtisadi, hərbi cəhətdən olduqca əhəmiyyətlidir: “Laçın hər zaman xüsusi ilə seçilən bir rayon olub. Bu rayonun özünəməxsus xüsusiyyətləri var. Artıq Qarabağda qalmış olan qanunsuz erməni silahlıları da ərazi tərk edir. Ağır texnikaların ərazilərimizdən çıxarılması ilə bağlı işlər icra edilir. Ali Baş komandanın sonuncu xəbərdarlığından sonra qarşı tərəf məcburdur ki, bu işləri icra etsin”.

Şair Ramaldanov Laçın şəhəri, Zabux və Susdan çıxan ermənilərin yanğınlar, talanlar törətməsinə də münasibət bildirib: “Azərbaycan dövləti orada yerləşən rus sülhməramlıları qarşısında bu məsələni qaldırmalıdır. Çünki bu yanğınlar xalqlar arasındakı düşmənçiliyi və nifrəti daha da körükləməq üçün edilir. Separatçı, revanşist qüvvələr indi hər şeydən istifadə etməyə çalışır ki, nə olur-olsun gərginlik saxlanılsın, düşmənçilik davam etsin. Ona görə də, Azərbaycan rus sülhməramlıları ilə komissiya yaradıb ermənilərin çıxarıldığı, yaşayış məntəqələrinin qəbul edilməsi məsələləri həll edilməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər