Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Sülhəddin bəy, hazırda Ermənistanda yeni Laçın yolu, Laçın şəhərinin, Zəbux və Sus kəndlərinin Azərbaycana təhvil verilməsi ilə bağlı gərginlik hökm sürür. Üçtərəfli razılaşmada öz əksini tapmış bir məsələnin icrasına erməni cəmiyyətinin bu cür reaksiyasına səbəb nədir?
- Ermənistan müxalifəti istəklərinə nail ola bilmir. 44 günlük müharibədə məğlub olmasına rəğmən erməni cəmiyyəti indiki baş nazir Nikol Paşinyanı dəstəkləyir. Bu da Rusiyanın yedəyində gedən Ermənistan müxalifətini hövsələdən çıxarır. Burada erməni müxalifətini narahat edən digər məsələ Azərbaycanın Laçın dəhlizinə alternativ yolun çəkilməsini çox qısa zamanda icra etməsidir. Görünür onlar gözləmirdilər ki, belə qısa zamanda Azərbaycan üçtərəfli razılaşmadakı bu bəndin yerinə yetirilməsini tələb edəcək.
- Yeni Laçın yolunun Ermənistan üçün bu qədər narahatlıqla qarşılandığı bir fonda bu, Azərbaycan üçün hansı üstünlüklər qazandırır?
- Bunun siyasi, diplomatik baxımından əhəmiyyəti olduqca böyükdür. Çünki Azərbaycan üçtərəfli razılaşmanın növbəti bir bəndinin də həyata keçirilməsinə nail olur. Bu ayın sonu, gələn ayın əvvəlinə bu bəndin icrası başa çatacaq. Rusiya və Ermənistan tərəfi isə buna bütün imkanları ilə maneə olmağa çalışırdı. Eyni zamanda hərbi-strateji baxımından Laçının yüksəklikləri də Azərbaycanın nəzarətinə keçir. Yeni alternativ Laçın yolu isə demək olar ki, bu yüksəkliklərin müşahidə zonasına düşür. Azərbaycan beləliklə həmin alternativ yola da nəzarət imkanı qazanmış olur. 30 ildən sonra azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsi də burada mühüm amillərdən hesab edilir. Çünki 44 günlük müharibədən sonra Laçın yeganə rayon mərkəzi idi ki, Azərbaycanın nəzarətinə qayıtmamışdı. Artıq bu proses də uğurla başa çatır.
- Laçın ətrafında proseslərin yekunlaşması ilə növbəti mərhələdə Qazağın 7 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana təhvil verilməsi ilə bağlı məsələlərin də qısa zamanda icrasının başa çatacağı gözlənilirmi?
- Bu məsələnin həlli güc strategiyasının yerinə yetirilməsindən asılıdır. Azərbaycan Silahlı Qüvvələri artıq bir istiqamətdə bu strategiyanı yerinə yetirib. Ordumuz “Qisas” əməliyyatı zamanı Kiçik Qafqazın Qarabağ dağ silsiləsi boyu strateji, hakim yüksəkliklərə nəzarəti ələ alıb. Bu bizə imkan verir ki, Kəlbəcər istiqamətindən Laçına doğru bütün hərbi yüksəkliklər demək olar ki, Azərbaycanın nəzarətində qalsın. Əslində isə bunu bütün perimetr üzrə etmək lazımdır. Beləliklə, bu ağır bir təzyiq formalaşdıracaq. Bu erməni silahlı qüvvələri ilə yanaşı rus sülhməramlılarına da mənəvi-psixoloji təsir formalaşdıracaq. İndiki taktiki vəzifə Laçın və Zəngəzur dəhlizinə eyni statusun veriməsidir. Çünki bunun ya hər ikisi dəhliz, ya da yol olacaq. Təbii ki, erməni silahlı qüvvələrinin tam olaraq ərazilərimizdən çıxarılması da təmin edilməlidir. Eyni zamanda Zəngəzur dəhlizinin açılması da öz aktuallığını saxlayır. Qazağın 7, Naxçıvanın bir kəndi də Azərbaycana təhvil verilməlidir. Bunlar hələ icra edilməmiş məsələlərdir.
- Siz necə düşünürsünüz növbəti dəfə Azərbaycanın antiterror əməliyyatları keçirməsi ilə bağlı ehtimallar var. Sonrakı mərhələdə buna nə dərəcədə ehtiyac yarana bilər?
- Görünür Azərbaycan üçtərəfli Bəyanatın bəndlərini icraetmə əməliyyatına və yaxud da ki, sülhə məcburetmə əməliyyatı keçirməyə məcbur olacaq. Çünki proseslərin gedişi bu cür görünür. Eyni zamanda Azərbaycanın Sərhəd və Gömrük Xidmətinin yolun 5 km-lik hissəsində nəzarətin tam bərpasını təmin etməlidir. Çünki bura bizim dövlət sərhəddimizdir. Ona görə də, sərhədlərin toxunulmazlığı tam təmin edilməlidir. Sülhməramlıların vəzifəsi təhlükəsizliyə nəzarətdir. Onların bizim ərazimizə daxil olan şəxslər və maşınlarla bağlı Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin funksiyaları icra etmək səlahiyyəti yoxdur. Bu Azərbaycanın müvafiq orqanlarının funksiyasına aiddir. Bu məsələlər icra edildikdən sonra dəhliz anlayışına da birdəfəlik son qoyulmuş olacaq.