20 Avqust 2022 09:05
3 556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Natiq Miri Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna səfəri və bu ölkədən olan həmkarı Vladimir Zelenski ilə görüşü gündəmdədir. Görüşdən sonra Ərdoğanın Zelenski və Rusiya lideri Vladimir Putini bir araya gətirəcəyi ehtimalı artıb. Sizcə, Türkiyə prezidenti bunu bacaracaqmı?

- Rusiya-Ukrayna müharibəsi elə bir mərhələyə çatıb ki, bu gün Putin-Zelenski görüşü məsələsi o qədər də aktual deyil. Düzdür, bu məsələ ən yüksək səviyyələrdə müzakirə edilir, amma buna mane olan ciddi problemlər var. Putin bu görüşü çox istəyir. Çünki bununla indiyədək Ukraynada işğal etdiyi əraziləri əlində saxlamağı hədəfləyir. Mümkün görüşdə atəşkəs əldə olunarsa, bu, Rusiyaya imkan verəcək ki, ənənəvi siyasətinə uyğun olaraq, münaqişəni dondursun. Bundan da Rusiya və Putin qazanacaq.

Putinin Zelenski ilə görüşmək istəyinin digər səbəblərinə gəldikdə, müharibəni davam etdirən Rusiya ordusu tükənmiş vəziyyətdədir. Artıq Rusiya son ehtiyat qüvvələrini – 3-cü Ordusunu da döyüşə göndərməyə başlayıb. Qənaətimə görə, Ukrayna ABŞ və digər Qərb ölkələrindən aldığı müasir silah və sistemlərlə Rusiyanın döyüşə girən ehtiyat ordusunu da yox edəcək.

Rusiyanın siyasi rəhbərliyi bu potensial təhlükəni əvvəlcədən görməmiş deyil. Rusiya prezidentinə gündəlik ciddi hesabatlar təqdim olunur. Buna görə də, artıq Rusiya rəhbərliyi anlayır ki, Ukrayna ordusu xüsusən də Cənub bölgələrində əks-hücum əməliyyatlarına hazırlaşır. Bu baş versə, Rusiya Silahlı Qüvvələri üçün çox ciddi təhlükə yaranacaq.

Rusiya qoşunları Dnepr çayının qərb sahlində - Xersonda mühasirəyə düşüb. Bu mühasirəni yarmaq üçün gələn bütün canlı və texniki qüvvələr Ukraynanın ciddi artilleriya zərbələri altındadır. Bütün logistik mərkəzlər, hərbi baza və silah-sursat anbarları Ukrayna artilleriyasının, xüsusən də ABŞ-ın HIMARS sistemlərinin hədəfindədir. Bunlar HIMARS-lar üçün çox asanlıqla vura biləcəkləri obyektlərdir. Mühasirədə olan 2000-dən çox rus hərbçisi üçün iki yol qalır: ya əsir düşəcəklər, ya da Xerson vilayətini tam boşaldacaqlar.

- Bəs Xersonun əldən çıxması prosesə necə təsir göstərəcək?

- Qənaətimə görə, belə bir itki Putinin taxtını laxladacaq. Rusiya lideri bunu bilməmiş deyil. Buna görə də Zelenski ilə diplomatik masa arxasında danışıqlar Rusiya üçün vazkeçilməz məsələyə çevrilib. Zelenski bunu bildiyi halda niyə Putinlə görüşsün?

Ayrıca, Zelenskinin çox ciddi bir tələbi də var. Ukrayna lideri deyir ki, Rusiya qoşunları Rusiya sərhədlərinə çəkildikdə bu görüş baş tuta bilər. Yəni bunun üçün rus ordusu ən azı 23 fevrala qədər olan sərhədlərə çəkilməlidir. Bundan sonra Krım və Donbasın ən azı üçdə biri müzakirə predmeti ola bilər. Yəni artıq gələcəkdə Krımın da qaytarılmasından söhbət gedir.

- Rusiya bununla razılaşacaqmı?

- Məncə, Rusiya buna geməyəcək. Ərdoğanın Zelenski ilə görüşün təşkil edilməsi yönündəki fəaliyyəti Putinə ona görə lazımdır ki, Rusiya indiki status-kvonu, yəni işğal etdiyi əraziləri əlində saxlaya bilsin. Bu səbəbdən də Ukrayna və onu dəstəkləyən ABŞ buna getməyəcək. Artıq Qərb və Ukraynanın ayağı Rusiyanın qırtlağındadır. Ona görə də düşünmürəm ki, təngnəfəs olduğu bir vaxtda Ukrayna və ABŞ Rusiyaya bu lüksü tanıyacaq. Bir sözlə, indiki məqamda Zelenski-Putin görüşünün baş tutacağına inanmıram.

- Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri də əsas gündəm mövzularından biridir. Səfər çərçivəsində Qazaxıstan neftinin Rusiyadan yan keçməklə - Azərbaycan üzərindən Avropaya nəqlinə dair anlaşmanın əldə ediləcəyi gözlənilir. Bu anlaşma Qazaxıstan-Azərbaycan münasibətlərinə, ümumən Türk Dünyasındakı inteqrasiya prosesinə necə təsir göstərə bilər?

- Əslində Tokayev millətçi deyil, bunu da hər kəs bilir. Bunu Qazaxıstan siyasətçiləri də bildirirlər. Ancaq bu gün istər qlobal, istərsə də regional geosiyasi reallıq tələb edir ki, bütün türk dövlətləri tədricən bir nüvədə birləşsinlər və ortaq maraqlarını müəyyən etsinlər. Bu kontekstdə hədəflərə doğru birgə getmək barərə razılaşsınlar. Zənnimcə, proses bu yöndə gedir və bunun alternativi görünmür.

Hesab edirəm ki, təkcə Qazaxıstan yox, Özbəkistan və Türkmənistan da Azərbaycan üzərindən Türkiyə və Avropaya çox rahat çıxış əldə edə bilər. Yaxud Zəngəzur dəhlizi açılarsa, logistikanın inkişafı sürətlənəcək. Baş verənlər bütün türk dövlətləri üçün bir nöqtədə birləşmək zərurəti yaradır. Birləşmək üçün potensial var və türk xalqları bunu istəyir. Ayrıca, bu birləşmə təkcə Azərbaycan və Türkiyə üçün yox, bütün türk cümhuriyyətləri üçün təhlükəsizlik çətiri yaradacaq.

Hədəf Qızıl Almadır. Bu hədəf doğru yürümək də hər bir türk soyunun, hər bir türkün borcudur.

- ABŞ-ın Tacikistanda keçirdiyi hərbi təlim də müzakirə mövzusudur. Təlimə Qırğızıstan, Tacikistan və Qazaxıstan kimi KTMT üzvü olan ölkələrin, eləcə də Monqolustan, Pakistan və Özbəkistanın qatılması müzakirəni bir az da qızışdırır. Sizcə, Rusiyanın əzəli rəqibinin KTMT məkanında təlim keçirməsinə reaksiyası necə ola bilər? Yaxud bu blokun üzvləri niyə Rusiyanın üstündən adlayaraq Amerikanın bu təşəbbüsünə maraq göstərdilər?

- Moskva ötən günlərdə açıqlama verərək bildirdi ki, Rusiya özünə dost hesab etdiyi ölkələrin ona qarşı olan dövlətlərlə müəyyən münasibətlərdə olmasını dostca qəbul etməyəcək. Məncə, bu mesaj KTMT ilə yanaşı, Avrasiya İqtisadi Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatının üzvlərinə, eləcə də MDB-dəki bəzi dövlətlərə ünvanlanıb. Bu mesajın bir ünvanının da bu təlimdə iştirak edən dövlətlərə yönəldiyini düşünürəm. Bu o deməkdir ki, həmin ölkələrin Rusiyanı özünə düşmən sayan ABŞ kimi dövlətin çətiri altında keçirilən təlimlərdə iştirakı ona qarşı olan bir prosesdir.

Rusiya həmin dövlətlərin maraqlarını təmin etmir. Tacikistan bu gün Rusiyanın “təhlükəsizlik çətiri” altında özünü tam təhlükəsiz hiss etmir. Əfqanıstan, yaxud Taliban təhlükəsi ilə üz-üzə qalan Tacikistan özünün təhlükəsizlik sistemində bir boşluq görür və bu yöndə çox ciddi əndişələri var.

Təbii ki, ABŞ-ın Avrasiyada hegemonluq, hökmranlıq etmək kimi bir geosiyasəti mövcuddur. Həmin hərbi təlimlər də ABŞ-ın bu geosiyasi hədəflərinə xidmət edir. Buna görə də, fikir verin ki, ABŞ Əfqanıstan da daxil olmaqla bütün Mərkəzi və Cənub-Şərqi Asiya ölkələrini öz ətrafında birləşdirməklə bu cür təlimlər keçirir. Bununla da bu bölgələrin təhlükəsizliyinin Amerikadan keçdiyini dolayı yolla onlara göstərmək istəyir. Bu da Rusiyanın həmin regionlardakı mövqeyini sarsıdır və zəiflədir. Rusiya buna görə narahatdır.

Hesab edirəm ki, “Ukrayna batalığı”nda batan və hərbi gücünün tükəndiyi bir məqamda bu ölkələr Rusiyanın təhdidlərini ciddi qəbul etməyəcəklər. Nə Qazaxıstan, nə Özbəkistan, nə də Mərkəzi Asiyanın digər dövlətləri artıq Rusiyanın bu hədələrini ciddiyə almırlar. Çünki Rusiyanın bu dövlətlərin qarşısında dayana biləcəyi qədər gücü yoxdur.

Düşünürəm ki, yaxın 10-20 ildə Rusiyanın bu formada toparlanması ehtimalı da çox aşağıdır.


Müəllif: Mənsur Rəğbətoğlu