29 Avqust 2022 17:10
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, keçmiş millət vəkili Çingiz Qənizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Çingiz müəllim, Laçın şəhəri, Zabux və Susda Azərbaycan öz nəzarətini bərpa etdikdən sonra Ermənistanın digər öhdəliklərinin icrası ilə bağlı da məsələlər gündəmdədir. Qarşıdakı dövrdə üçtərəfli razılaşmaya əsasən prosesin gedişatı və Ermənistanın davranışları ilə bağlı gözləntilər nədən ibarətdir?

- 2020-ci il 10 noyabr üçtərəfli razılaşmaya uyğun olaraq Azərbaycan tərəfi son ana qədər davranış, səbr və təmkin nümayiş etdirdi. Azərbaycan Ordusunun Laçın şəhərini, Zabux və Sus kəndlərini tam nəzarətə götürməsi Prezident İlham Əliyev siyasətinin və Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirilməlidir. Qan-qadasız, itkisiz istəyimizə nail olduq. Hətta bir neçə xoşgəlməz haldan başqa oradakı tikililərin yandırılmasının da qarşısı dövlət başçısının tələbi və apardığı danışıqlar nəticəsində alındı. Bu gün 30 ildən sonra Laçın şəhəri Azərbaycana qayıdıb. Müqəddəs torpaqlarımız artıq öz nəzarətimizdədir. Amma bəzi siyasətçilər, politoloqlar, radikal müxalifət təmsilçiləri “qınaqlar” səsləndirirdi ki, üstündən il yarım vaxt keçib, biz niyə Laçın şəhərinə girə bilmirik? Zaman göstərdi ki, Laçın şəhərindən yan keçməklə həyata keçirilən alternativ yolun çəkilişi üç il müddətində nəzərdə tutulsa da Azərbaycan tərəfindən daha tez çəkilib istifadə verildi. Artıq rus sülhməramlıları da Laçın dəhlizindən çıxaraq yeni Laçın yoluna yerləşdirilib. Beləliklə, Laçın Azərbaycanın tam nəzarətinə keçməklə ölkəmizin bu ərazimizdə də suverenliyi təmin olunub. Bu, Azərbaycan dövlətinin növbəti uğuru, ölkə başçısının apardığı siyasi işin nəticəsidir.

- Yeni Laçın yolunun taleyi və rus sülhməramlılarının bu yolda nə vaxta qədər qalacağı məsələsi də müzakirə mövzusudur. Bununla bağlı Azərbaycan dövlətinin sərgilədiyi mövqe hansı prinsipləri diktə edir?

- Sözsüz ki, bundan sonra atılması nəzərdə tutulan addımlar var, hələ də həllini gözləyən məsələlər qarşıdadır. Alternativ yolun taleyi, sülhməramlıların bəlli müddət başa çatdıqdan sonra burada qalıb-qalmamaq məsələsi aydınlaşmalıdır. Azərbaycan tərəfi də buna reaksiya verməlidir. Bu vaxta qədər bölgədə sülhün təmin olunması üçün rus sülhməramlıları konkret addımlar atmalıdır. Amma biz bu fəaliyyəti görmürük. Görünən isə odur ki, sülhməramlılar Azərbaycan və erməni icması arasında hansısa bir anlaşmalar, birgəyaşayışla bağlı uzlaşmalarda maraqlı deyil. Məhz bu da ona hesablanıb ki, rus sülhməramlıları Azərbaycan ərazisində daha çox qalsın. Ümidvarıq ki, bu məsələ ilə bağlı da Azərbyacan dövlətinin mövqeyi ortaya qoyulacaq. Azərbaycanın bu proseslərin qarşısının alınması üçün addımlar atacağı da şübhəsizdir.

- Sərhədlərin delimitasiya-demarkasiyası, sülh sazişi və Zəngəzur dəhlizi ilə bağlı məsələlər hələ də açıq alır. Bu məsələlərin ətrafında gedən proseslərin effektivliyini necə qiymətləndirirsiniz?

- Bu ayın 31-də Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqının təşkilatçılığı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü gözlənilir. Bu görüşdə mühüm sənədlərin imzalanması mümkün ola bilər. Eyni zamanda biz bu görüşdə də mühüm bəyanatların səslənməsini müşahidə edəcəyik. Azərbaycan bir daha sülh tərəfdarı olduğunu nümayiş etdirməklə delimitasiya və demarkasiya məsələlərinin, sülh müqaviləsinin imzalanmasında israrlı mövqeyini ortaya qoyacaq. Sərhədlərin dəqiqləşməsi ilə bağlı üçtərəfli komissiyanın isə bu günlərdə Moskvada növbəti toplantısı olacaq. Bu toplantılar, görüşlər, Rusiya və Avropa İttifaqındakı müzakirələr olduqca vacibdir. Təəssüf doğuran hal odur ki, Ermənistan tərəfi bu görüşlərdə bir söz deyib, İrəvana qayıdanda isə prosesləri uzatmağa çalışır. Onlar nəyi nəzərdə tuturlar, nəyə ümid edirlər? Sözsüz ki, biz bunların bəzilərindən məlumatlıyıq.

Bir çox məsələlərin əsl mahiyyətini isə erməni tərəfinin heç özü də dərk etmir. Görünən isə odur ki, Azərbaycan tərəfi 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasının bütün bəndlərinin icrası üçün öz israrlı mövqeyini nümayiş etdirir. Ona görə də, üçtərəfli razılaşmada nəzərdə tutulan bütün müddəaların təmin edilməsi həyata keçiriləcək. Bu baxımdan Azərbaycanın Laçından sonra növbəti hədəfləri delimitasiya, sülh sazişi və Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Qarabağda yaşayacaq erməni icmasının da taleyi artıq müəyyələşmiş olacaq. Onlar Azərbaycan vətəndaşlığını qəbul edib ölkəmizdə yaşamağa davam edə bilərlər. Bu şəxslərin Azərbaycan xalqına, ordumuza qarşı hər hansı bir cinayət əməlində iştirak edib-etməməsi məsələsi aydınlaşdıqdan sonra buna qərar veriləcək. Azərbaycan xalqına qarşı cinayət törətmiş, münaqişə başlandığı dövrdən sonra qanunsuz olaraq gəlib bizim ərazilərimizdə yaşaymış şəxslər də bölgəni tərk etməlidir. Bütün bunların fonunda qarşıya qoyulan hədəflərə çatmaq üçün səbr və təmkin lazımdır. Emosiyalara qapılmaq olmaz. Dövlətin siyasəti birmənalı olaraq dəstəklənməlidir.

- ABŞ və Fransa səfirlərinin Şuşadakı tədbirə qatılmaması hansı amilərlə izah edilə bilər? 30 ilə yaxın davam edən bir münaqişənin sülh yolu ilə tənzimlənməsində vasitəçilik etmiş ölkələrin bu cür davranışlarını necə başa düşmək olar?

- Görünən odur ki, tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk Qrupunu "dirçəltmək" istəyən qüvvələr var. ABŞ dövlət katibi Entoni Blinkenin bu yaxınlarda Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin etməsi, onun həm də ATƏT-in Minsk qrupunda yeni bir məruzəçi olduğunu açıqlanması bizim şübhələrimizin reallığa çevrilməsinin təzahürüdür. Olmayan bir təşkilatı yenidən reanimasiya etməkdə məsəd nədir? Bunu hələ də anlamaq mümkün deyil. Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiya tərəfi də bunu etiraf edir ki, artıq Minsk Qrupu fəaliyyət göstərmir. Çünki Rusiya-Ukrayna müharibəsi ilə bağlı Avropa ölkələri və Amerika-Rusiya arasında münasibətlər gərginlik səviyyəsindədir. Bu mənada tərəflər arasında hansısa bir görüş və digər məsələlər ləğv edilib. Belə olan halda ATƏT-in Minsk Qrupunun yenidən dirçəldilməsində Rusiyanın maraqlı olmadığı aydın olur. Rusiya bu məsələdə təşəbbüsü öz üzərinə götürdüyü kimi sona qədər də nüfuzunu saxlamaq niyyətindədir.

Bu mənada Fransa və ABŞ səfirlərinin Şuşada təşkil edilən tədbirə qatılmaması Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir. Eyni zamanda bu, Azərbaycanın qələbəsini həzm etməmək, yenə də bağlı qapılar arxasında erməni separatçılarına və Ermənistanın çirkin niyyətlərinə dəstək vermək və Minsk Qrupunu diriltmək cəhdidir. Azərbaycan Prezidenti isə bu məsələ ilə bağlı xalqımızın ürəyindən keçən mövqeni, yəni Minsk Qrupunun tarixin arxivinə göndərildiyini vurğulayıb. ABŞ və Fransanın Azərbaycanla bağlı mövqeyi bəllidir. Burada xüsusi ilə Fransanın Ermənistanla “bacı-qardaş” münasibətində olduğu hər kəsə aydındır. Sözsüz ki, bu, onların öz işidir. Amma görünən odur ki, indiki mərhələdə Fransa və ABŞ Azərbaycanın qələbəsini həzm edə bilmir. Bu günlərdə ABŞ səfirliyinin bir neçə cümləlik açıqlaması da təbii ki, bizi qaneə edə bilməz. Onların səfirlik kimi Ağdamda, Füzulidə olması da təbiidir. Bu, onların borcudur. Azərbaycan dövləti onları dəvət edirsə, onlar burada iştirak etməlidirlər. Ona görə də, ABŞ və Fransa səfirlərinin Şuşaya getməməsi erməni separatizminə dəstək kimi başa düşülür. Eyni zamanda bu yanaşma Azərbaycanın ərazi bütövlüyünə və torpaqlarına hörmətsizlikdən başqa bir şey deyil.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər