3 Sentyabr 2022 09:05
2 743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Yeganə Hacıyeva Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Rusiyada fəaliyyət göstərən erməni milyarder Ruben Vardanyan Xankəndidə yaşamaq həvəsinə düşüb. O, bunun üçün Rusiya vətəndaşlığından imtina edəcəyini də bildirib. Sizcə, bu, erməni iş adamının öz şəxsi qərarıdır, yoxsa bunun arxasında başqa oyunçu və niyyət var?

- Vardanyanın adı Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzinin (OCCRP) hesabatında çəkilir. Hesabatda Vardanyanla yanaşı, bir sıra digər erməni iş adamlarının Rusiyada yaratdıqları “çirkli pulların yuyulması sxemi”ndən bəhs edilir.

Rusiyanın hakim elitası ilə sıx əlaqədə olan bu şəxslər böyük investisiya bankları vasitəsilə bu ölkədən 9 milyard dollarlıq vəsaitin çıxarılmasında ittiham olunurlar. “Troyka” adlandırılan bu sxem korrupsiyaya bulaşmış siyasətçilərə və mütəşəkkil cinayətkar şəbəkələrin üzvlərinə “çirkli vəsaitlərin yuyulması”, vergidən boyun qaçırma, mülkiyyətin xaricdə gizlədilməsi kimi imkanların yaradılmasına xidmət edib.

Bu prosesə isə bu gün Xankəndidə yaşamaq istəyən və Rusiyada özünə “qərbyönümlü reputasiya” qazanmış Ruben Vardanyan rəhbərlik edib.

Vardanyan ötən illərdə Azərbaycanın işğal edilmiş ərazilərində kənardan gətirilmiş ermənilərin yerləşdirilməsi üçün kəndlərin salınması layihələrini maliyyələşdirməsi, həmin ərazilərdə məktəb və kilsələrin tikdirməsi ilə diqqət çəkmişdi. Eyni zamanda, oğlu David Vardanyanı Azərbaycanın işğalda olan ərazilərinə “hərbi xidmət”ə yola salmışdı. Əslində isə oğlunu “çirkli pulların yuyulması”na və oradakı biznesinə rəhbərlik etmək üçün bura göndərmişdi.

Vardanyanın “humanitar fondlar” adı altında qurduğu təsisatlar Qarabağla yanaşı, Livan və Suriya kimi ölkələrdə erməni kəndlərinin salınmasında, kilsə və məktəblərin tikilməsində fəal rol oynayıblar. Məhz bu çərçivədə işğal dövründə Suriya və Livandan erməni ailələri Azərbaycanın işğal altındakı ərazilərinə köçürülmüşdü. Vardanyanın bu fəaliyyətlərindəki əsas hədəflərindən biri də Rusiyadan çıxardığı “çirkli pullar”ı yumaq idi.

Vardanyan həmişə öz çirkin məqsədlərini həyata keçirmək üçün Qarabağ separatçıları ilə əlaqədə olub. “Çirkli pulların yuyulması”ndan tutmuş, narkotiklərin qanunsuz dövriyyəsinə qədər bir çox cinayət əməllərinin həyata keçirilməsində iştirakçı və icraçı olub.

Eyni zamanda, Vardanyan Avropada Azərbaycana qarşı “siyasi məhbus” məsələsinin qabardılmasında və maliyyələşdirilməsində, eləcə də layihələşdirilməsində aktiv rol oynayıb.

Vardanyanın cinayət dosyesi kifayət qədər qabarıqdır: bu adam qanunsuz silah və narkotik satışı ilə məşğuldur. Ötən illərdə Qarabağda “ekoloji kəndlər” adı altında şübhəli və məxfi layihələr həyata keçirib. Bu layihələrin nə olduğu Azərbaycan tərəfinə bəllidir. Çox güman ki, bununla bağlı açıqlama veriləcək.

- Ermənistan Baş naziri Nikol Paşinyan yenidən “Dağlıq Qarabağın statusu” sayıqlamasını gündəmə gətirdi. Halbuki Paşinyanın Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə son görüşünün yekun bəyanatında bu ifadə yoxdur. Maraqlıdır, niyə Paşinyan İrəvana qayıdan kimi fikrini dəyişdi?

- Paşinyanın Ermənistanın daxili siyasi məsələləri ilə bağlı bir ənənəsi var. O, hər dəfə xaricdə hansısa bir anlaşma olan kimi, bununla bağlı daxili auditoriyaya əks mesajlar verir. Təbii ki, bu, təkcə baş verənləri təhrif etmək yox, həm də yalan danışmaqdır. Paşinyanın bu kimi anlarda Ermənistan daxilindəki ayrı-ayrı qruplara ünvanladığı mesajlar da fərqli olur. Nəticədə məsələləri təhrif edir.

Reallıq budur ki, “status” heç bir halda beynəlxalq gündəlik mövzusu deyil. Bu, Azərbaycan Konstitusiyası ilə bağlı olan məsələdir, yəni daxili işimizdir. Azərbaycan prezidenti də Konstitusiyanın ona verdiyi səlahiyyətlə ölkənin inzibati ərazilərini iqtisadi rayonlara bölüb. Bu, Konstitusiyanın Azərbaycan prezidentinə verdiyi səlahiyyətidir. Bu çərçivədə də heç vaxt “Dağlıq Qarabağ” adlı anlayış olmayıb.

Azərbaycanda iqtisadi islahatlar gedir və bu çərçivədə ölkə ərazilərinin inzibati bölgüsü aparılır, iqtisadi zonalar yaradılır. Qarabağ da bu çərçivədə rəsmi şəkildə iqtisadi zona kimi qeydə alınıb. Dediyim kimi, Azərbaycan prezidenti bunu Konstitusiyanın ona verdiyi səlahiyyətlə həyata keçirib. Bu proses də heç bir halda beynəlxalq gündəmə əsaslanmır, yəni bunun heç kəsə aidiyyəti yoxdur, öz daxili işimizdir, özümüz bilərik. Bu baxımdan, heç bir halda beynəlxalq gündəmin müzakirə mövzusu ola bilməz.

Bir sözlə, Paşinyanın “Dağlıq Qarabağın mövcudluğu” ilə bağlı fikri ağ yalandır.

- Bəs bu yalanı niyə danışır?

- Bunu Ermənistan daxilində ona qarşı olan aqressiyanı önləmək istəyir. Ermənistan daxilində ona qarşı aqressiya kifayət qədərdir. Hər görüşdən sonra da reytinqi yerdə sürünür. Paşinyan da daxildə özünə qarşı olan mənfi yanaşmaları cəmiyyəti aldatmaqla aradan qaldırmağa çalışır. Deyim ki, bu, onda alınır.

Paşinyanın bu cəfəngiyyatı fonunda Ruben Vardanyan Xankəndidə yaşamaq istəyini dilə gətirir. Vardanyan beynəlxalq mafioz və quldur kimi tanınacaq bir adamdır. İstər Rusiya daxilində, istərsə də bir sıra beynəlxalq təşkilatlar çərçivəsində onun maliyyəsinin qaynağı ilə bağlı ciddi araşdırmalar gedir. Vardanyan irəlidə həbs ediləcəyini gördüyü üçün bunu siyasiləşdirmək məqsədilə Xankəndiyə köçür.

Vardanyanın Rusiyadan milyardlarla dollar vəsait çıxarması ilə bağlı araşdırma aparılır. Pulların Rusiyadan qanunsuz çıxarılması ilə bağlı artıq bir neçə nəfər həbs edilib. Bu çərçivədə Vardanyanın fəaliyyəti də araşdırılır. Bu araşdırmanın ona baha başa gələ biləcəyini indidən gördüyü üçün bu prosesi siyasiləşdirməyə çalışır.

Bir sözlə, Paşinyanın bu kimi açıqlamları Vardanyanın özünü qorumaq səylərini xatırladır. Bunlar eyni teatrda oynanılan iki fərqli tamaşadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər