Millətin milli şüurunun formalaşması, milli mənliyin dərki, onun mənəvi-siyasi cəhətdən yetişməsi həm də vətənpərvərlik səviyyəsi ilə müəyyənləşir. Vətən müharibəsi göstərdi ki, torpağın azadlığı uğrunda gənclərimiz canını qurban verməyə hazırdır. Sözsüz ki, tarixin bütün dövrlərində vətənin taleyinə biganə yanaşmayan, ərazi bütövlüyü üçün mübarizəyə qalxan gənclərə böyük ehtiyac var. Məhz bu zərurətdən də gənclərdə vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi istiqamətində məqsədyönlü və sistemli işin aparılması vacib amillərdəndir.
Milli Məclisin deputatı Sevinc Hüseynova Teleqraf.com-a açıqlamasında gənclərin vətənə məhəbbət, onun tərəqqisi naminə daim çalışmalı olduğunu bildirib: “Çünki hər bir gənc öz vətəninin bütövlüyünü, azadlığını dərk etməli, onu göz bəbəyi kimi qorumağı bacarmalıdır. Gənclərin tarixi ənənələrə bağlılığı, ölkə ərazisinin bütövlüyünün qorunmasına hazır olduğunu əməli işlə sübut etməsində təzahür tapmalıdır. Sözsüz ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi üçün kompleks tədbirlər həyata keçirilir və bu, mütəmadi xarakter daşımalıdır. Hər bir dövlətin gələcəyi, inkişafı və formalaşması həm də gənclərin tərbiyəsindən asılıdır. Gəncliyin mənəvi-ideoloji baxımdan hazırlığı isə fundamental əsaslar üzərində aparılan praktiki işin nəticəsində mümkün olur. Dövlətin uğurlu gənclər siyasəti də məhz düşünülmüş, ardıcıl proqram xaraterli layihələrin nəticəsi hesab edilir. Azərbaycanda gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi liderin müstəqil Azərbaycanın gələcəyi və bütövlüyü uğrunda sağlam gəncliyin formalaşması istiqamətində göstərdiyi fəaliyyət sonrakı dövrlərdə öz bəhrəsini verib. Heç təsadüfi deyil ki, ulu öndər hələ sovet dönəmində rəhbər vəzifələrdə çalışdığı müddətdə azərbaycanlı gənclərin ittifaqın ayrı-ayrı ali təhsil ocaqlarında elmi-biliklərə nail olması üçün konkret işlər görüb. Bunun nəticəsi olaraq həmin dövrdən başlayaraq azərbaycanlı gənclərin keçmiş sovet məkanında ən yüksək biliklərə yiyələnməsi mümkün olub. Sonrakı dövrdə də biz bu gənclərin qazandığı elmi-biliklərin müstəqil Azərbaycan dövlətinin qurulması və qorunmasında necə müsbət rol oynadığının şahidi olduq”.
Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan gəncliyi öz potensialı, tarixi dəyərlərinə əsaslanaraq daha mütərəqqi ideyalara sahib oldu: “Ölkəmizə qarşı erməni təcavüzünə Azərbaycanın gəncliyinin barışmaz mövqeyini hər kəs gördü. Müstəqilliyin ilk illərində pərakəndə Azərbaycan gəncliyinin imkanlarından yararlanmayaraq onu vahid komandanlıq altında birləşdirməyi bacarmayanlar bunun ağır nəticələrinə də qatlaşmalı oldular. Erməni işğalı nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal altına düşdü. 30 ilə yaxın bu işğal siyasəti ilə barışmayan Azərbaycan dövləti torpaqların işğaldan azad edilməsi üçün ilk növbədə vətənpərvər və torpağı üçün sona qədər mübarizə aparmağa qadir olan bir gəncliyin yetişməsinə nail oldu. Çünki bir dövlət öz ordusunu nə qədər müasir silahlarla təchiz etmiş olsa da ən sonda vətənpərvər bir əsgər olmadığı halda onun əhəmiyyəti sıfıra enir. Azərbaycan əsgəri isə öz torpağı, vətəni uğrunda son damla qanına qədər mübarizə aparmağa qadir olduğunu bütün dünyaya sübut etdi. Bununla da Azərbaycan gəncliyi XXI əsrin vətənpərvər gənclik nümunəsini yaratdı. Bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın gənclər ordusu və xalqımız özünün ən şanlı tarixi dövrünü yaşayır. Məhz qəhrəman övladlarımızın şücaəti və mərdliyi sayəsində bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə dalğalanır”.
Sevinc Hüseynovanın sözlərinə görə, ölkəmizdə gənclər siyasəti gənclərin vətənpərvərlik, Azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında inkişaf edir: “Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət və ənənələrinə gənclərin sadiq olması əsas amildir. Dövlət dilinə, rəmzlərinə, mənəvi ümumbəşəri dəyərlərə də hörmət gənclər qarşısında duran mühüm vəzifələrdəndir. Bu mənada milli vətənpərvərlik məzmunu, bir gəncin öz vətəninə məhəbbət hissi onun milli ruhda tərbiyəsinin özəyini təşkil edir”.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova Azərbaycan gənclərinin vətənpərvər ruhda böyüməsi və formalaşması üçün görülən və qarşıda duran vəzifələrdən bəhs edib: “Bizlər daimi olaraq universitetlərdə, məktəblərin yuxarı siniflərində təhsil alan gənclərlə görüşlər keçirir, onlarla vətənpərvərlik mövzularında aktiv söhbətlər aparırıq. Bu mənada bizim gənclərimizin vətənpərvərliyinə olan yanaşmamız, inamımız olduqca böyükdür. Əslində isə 2020-ci ilin sentyabrın 27-dən sonra Azərbaycan gəncliyinə olan “fərqli” baxışlar da puç oldu. Müasir Azərbaycan gəncliyi döyüş meydanlarında öz sözünü dedi. I Qarabağ müharibəsindən sonra doğulan, qaçqın düşərgələrində böyüyən, şəhid və qazilərimizin övladları heç vaxt görmədikləri torpaqlar uğrunda haqq davasına qalxdılar. Bu, artıq Azərbaycan gəncliyi haqqında aparılan bütün təhlillərin əksinin sübutu idi. O əraziləri heç vaxt görməyənlər həmin müqəddəs yurdlarımız üçün canlarını fəda etdilər. Qazi və şəhidlərimizin təvəllüdlərinə nəzər saldıqda, 2000-ci ildən sonra doğulan gəncləri modern gənclik adlandırırdıq, onlar Qarabağın azadlığı uğrunda sona kimi mübarizəyə qoşuldular”.
Təşkilat sədri bildirib ki, Azərbaycan xalqı öz torpağına, ailə dəyərlərinə sıx bağlıdır: “Hər hansı müasir texnologiya belə bizim milli kimliyimizə, ruhumuza təsir edə bilməz. Ailə dəyərlərimiz, torpaq, vətən anlayışı bütün məsələlərin üzərində tutulur. Ona görə də, bu gün dövlətçilik ənənələrini, milli kimliyimizi yeni nəslə düzgün aşılamalıyıq. Qəhrəmanlıq obrazlarımızı belə yeni nəslə doğru-düzgün təqdim etmək lazımdır. Bunun üçün heç bir pafosa ehtiyac yoxdur. Çünki onlar qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə ucalıblar. Eyni zamanda bu gün gənclərə vətəni, torpağı qorumağı aşılamalıyıq. Bu torpaqlar qan bahasına azad edilib. Onu qorumaq artıq yeni nəslin, gəncliyin üzərinə düşür. Vətən torpağını hər bir təhlükədən qorumağa hazır bir gənclik yetişdirməliyik. İstər beynəlxalq arenalarda, istərsə də ictimai müzakirələrdə bu prosesə hazır nəsil formalaşmalıdır”.
Sevinc Orucovaya görə, elə bir gənclik yetişməlidir ki, hər yerdə öz haqlı mövqeyini və sözünü deməyi bacarsın: “Gənclərimiz hər bir hücuma, təxribata qarşı hazırlıqlı olmalıdır. Sözsüz ki, biz cəmiyyətdə yaşayırıq və neqativ halları da görürük. Hansısa kiçik nöqsanlarla cəmiyyətin keyfiyyəti ölçülmür. Ona görə də, bizlər də gənclərlə uğurlu işimizi bizə aid olan çoxluq üzərində qurmağı bacarmalıyıq. Gənclərin bu gün proseslərə olan münasibəti vətən, torpaq, millət naminə birlik, həmrəylik nümayiş etdirməsi məhz aparılan uğurlu işin, strategiyanın nəticəsidir. Bütün bunlar onu deməyə əsas və əminlik yaradır ki, Azərbaycan gəncliyi ölkəmizin gələcəyini tam əmin və sağlam şəkildə təmin edəcək”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanıb.