6 Sentyabr 2022 16:00
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Fərhad Mehdiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fərhad bəy, Brüssel və yaxud Moskva formatı Azərbaycanla Ermənistan arasında yekun sülh üçün nə dərəcədə təsirli rola malikdir?

- Azərbaycanla Ermənistan arasında aparılan danışıqların iki formatı var. Bu, Brüssel və Moskva formatıdır. Real danışıqlar əslində Moskva formatında baş verir. Brüssel danışıqlarında isə Moskva formatında əldə edilən razılaşmalar rəsmiləşdirilir. Digər tərəfdən Brüssel formatında dövlət başçıları Moskvadan kənar görüşə bilir. Moskva formatında real danışıqlar olsa da Azərbaycan burada da öz mövqeyini ortaya qoya bilir. Sadəcə olaraq Ermənistan bunu bacarmır. Ona görə də, Brüsseldə əldə edilən danışıqlardan asılı olmayaraq proses dəyişmir. Doğrudur, Nikol Paşinyan sülhlə bağlı özünün mövqeyini ortaya qoymağa çalışır. Amma biz yenə gördük ki, Brüssel görüşlərindən sonra Azərbaycan-Ermənistan sərhədində Kəlbəcər istiqamətində ermənilər tərəfindən atəşkəs pozuldu. Bu da onunla bağlıdır ki, Rusiyaya bağlı qüvvələr hələ də təsir imkanlarına malikdir. Onlar Paşinyanın nə deməsindən asılı olmayaraq pozucu hərəkətlərindən əl çəkmək istəmirlər. Burada revanşistlərin və Paşinyana qarşı olan digər qüvvələrin rolunu qeyd etmək olar. Ona görə də, indi proseslərin həlli belə bir konnekturada həyata keçirilir. Məhz bu baxımdan Brüsseldə verilən qərarların davamı olaraq real müstəvidə bunun əksini görmək olur.

- Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüssel görüşündən dərhal sonra Moskvada rusiyalı həmkarı ilə görüşünü necə izah etmək olar?

- Hər bir görüşdən sonra Ermənistandan rəsmi bir şəxs Moskvaya gedib orada məsələləri uzlaşdırmağa çalışır. Onlar Brüssel razılaşmalarından sonra Moskvanın fikrini öyrənmək istəyirlər. Moskva Brüssel razılaşmalarını təsdiqləsə, Ermənistan bu istiqamətdə irəliləyə bilir. Yəni Moskva Ermənistanın masada olan mövqeyini motivikasiya edə bilir. Amma Brüssel görüşlərinin fərqli cəhəti odur ki, iki ölkə rəhbəri görüşüb istənilən formada fikir mübadiləsi aparır.

- Ararat Mirzoyan növbəti dəfə Azərbaycana qarşı absurd bəyanatlarla çıxış edib və ölkəmizi pozuculuqda ittiham edib. Belə mövqe sərgiləyən şəxslə bir ay ərzində sülh sənədi hazırlamaq nə dərəcədə realdır?

- Belə bir mövqe ortada olduğu halda bir ay ərazində hansısa sənədi hazırlamaq mümkün deyil. Azərbaycanın təklifi odur ki, sülh müqaviləsi imzalansın və daha sonra digər məsələlər həll olunsun. Bu, Naxçıvana gedən kommunikasiya xəttlərinin bərpası ilə Qarabağda yaşayan ermənilərin vəziyyəti ilə bağlı məsələlərdir. Ermənistan isə bütün məsələlərin birdən həll edilməsini istəyir. Onlar düşünür ki, sülh müqaviləsindən sonra digər müqavilələri imzalamağa ehtiyac qalmasın. Amma texniki olaraq bu da şərt deyil. Sadəcə olaraq tərəflər əvvəlcə bir-birinin ərazi bütövlüyünü tanıyır və bundan sonra digər məsələləri həll etməyə çalışa bilərlər. Bu, Ermənistan üçün də faydalıdır. Çünki sülh müqaviləsi imzalansa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanıyacaq. Proseslərin gedişində biz Ermənistanın ərazi iddiaları fonunda Azərbaycanın da ərazi mübahisələndirməsini qaldırdığının şahidi olmuşuq. Hətta 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründəki sərhədlərin təmin edilməsi kimi məsələlər gündəmə daşınır.

- Ermənistanın Təhlükəsizlik Şurasının katibinin Xankəndiyə qanunsuz səfərinin də məhz Brüssel görüşü sonrasına təsadüf etməsi nəyə hesablanıb?

- Burada fərqli yanaşmalar ola bilər. Eyni zamanda Ermənistanın heç bir rəsmi şəxsinin ora getməməsi ilə bağlı müxtəlif mövqelər var. Bu səfərlərdə gedib orada nələr danışılıb? Bu, aydın deyil. Görünən odur ki, Ermənistan rəsmiləri artıq qəbul edib ki, Qarabağ Azərbaycanın hüquqi nəzarətinə keçəcək. Onlar sadəcə olaraq Qarabağdakı ermənilər üçün maksimum hansısa üstünlüklər qoparmağı düşünürlər.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər